Hikmət Hacıyev: “Azərbaycanlılar sülh istəyirlər”
14-sen, 13:10 99 Gündəm / Siyasət“ABŞ və onun Qərb müttəfiqlərinin Ukraynadakı müharibəyə yönəldilməsi dünyanın digər yerlərində olanlar üçün problem yaradır. Qarşılaşdığımız, eyni dərəcədə təcili və real olan münaqişələrin Qərbin güc dəhlizlərində və qəzet səhifələrində tam başa düşülməsini necə edə bilərik?
Gəlin Qarabağdakı vəziyyətə nəzər salaq”.
Bu fikirlər Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyevin “Politico” saytında Qarabağdakı vəziyyətə həsr olunmuş məqaləsindəndir.
Məqaləni təqdim edirik:
Azərbaycanın Qarabağ bölgəsi 30 il ərzində qonşu Ermənistan tərəfindən işğal olunub. 1990-cı illərin əvvəllərində bir milyona yaxın azərbaycanlının öz doğma yurdlarından didərgin düşdüyü və etnik təmizləməyə məruz qaldığı amansız müharibədən sonra işğalçı Ermənistan silahlı qüvvələri onun mərkəzində kiçik bir nöqtə istisna olmaqla, minlərlə kvadratmetr ərazini minalayıblar. Azərbaycanın bu ərazisində qalan etnik ermənilərin icması Ermənistanla yeganə quru yolu - Laçın yolu ilə əlaqə saxlayırdı.
Bu “boz” qanunsuzluq və mina zonası üç il əvvəl 44 günlük müharibə nəticəsində Azərbaycan Qarabağ ərazilərinin böyük hissəsini geri alana qədər mövcud idi.
Hüquqi və mənəvi baxımdan bu “boz zona” çərçivəsində yaşayan insanlar Azərbaycan vətəndaşlarıdır - hətta Ermənistanın indiki baş naziri də Qarabağın Azərbaycanın suveren ərazisi olduğunu açıq şəkildə etiraf edir. Bu, həmçinin, o mənaya gəlir ki, Azərbaycan etnik mənsubiyyətindən asılı olmayaraq orada yaşayan adamların hamısının qayğısına qalmağa borcludur, üstəlik, yaxın tarixdəki hadisələri nəzərə alanda bu məsuliyyət daha da artır.
Azərbaycan hökuməti dəfələrlə Qarabağ ermənilərinin ərzaq, dərman və bir çox digər ehtiyaclarının Laçından daha yaxın və sürətli yollarla təmin olunmasını təklif edib. Azərbaycanın təklif etdiyi quru marşrutları Avropa İttifaqı, ABŞ və Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən həyat qabiliyyətli və istifadəyə yararlı kimi tanınıb və məhz bu həftə ABŞ-nin Dövlət katibi Antoni Blinken “hər iki dəhlizin dərhal və eyni vaxtda açılmasına” çağırıb.
Amma beynəlxalq mediada yazılanlar tamam başqadır.
Təkcə Ermənistanın qonşu ölkədə - Azərbaycanda yaşayan etnik erməniləri vahid monoetnik marşrutla təchiz etməli olması fikri - bizdən inanmağımızın xahiş edildiyi kimi - beynəlxalq ictimaiyyət və media üçün nədənsə məqbuldur. Bizə deyirlər ki, bu münaqişə digərlərindən fərqlidir, ermənilər tariximizə görə azərbaycanlılarla çiyin-çiyinə yaşaya bilmirlər. Ancaq həm keçmişimiz, həm də bu günümüz bizə bunun, sadəcə, həqiqət olmadığını öyrədir.
1990-cı illərdəki müharibədən əvvəl Qarabağda azərbaycanlılar və etnik ermənilər çiyin-çiyinə sülh şəraitində yaşayırdılar. Bu gün Azərbaycanda 30 min nəfərlik yəhudi icması yaşayır. Yevangelist xristianların icması getdikcə artır. Gürcülər, ruslar, ukraynalılar - hamısı bugünkü çoxmillətli və çoxkonfessiyalı ölkəni təşkil edir. Bu, Qarabağ ermənilərinə də aid ola bilər və olmalıdır da.
Lakin Ermənistanın daxilində vəziyyətin dəyişməsini və ya bu tarixin tam açıqlanmasını istəməyən güclü qüvvələr var. Onilliklər ərzində ölkəyə rəhbərlik Ermənistandan olan ermənilər tərəfindən deyil, Qarabağdakı separatçı rejimə rəhbərlik edən siyasətçilər tərəfindən həyata keçirilib.
Bu gün belə liderlər qisas almaq istəyirlər. Azərbaycan və Ermənistanın təklif etdiyi sülh müqaviləsi onlar üçün lənət kimidir. Qonşu Azərbaycanla ticarət erməni xalqının vəziyyətini yaxşılaşdıra bilərdi, lakin bu liderləri mövcudluq mahiyyətindən məhrum edərdi. Və bu siyasətçilər nüfuzlarını saxlamaq uğrunda mübarizədə Azərbaycanın təchizatı həyata keçirdiyi yolların bağlanmasını və bloklanmasını tələb edirlər.
Bu millətçilərin öz ölkələrinə və bütün regiona vurduqları ağrı-acını son nəsli nisbi sülh şəraitində yaşayan qərblilərin tam başa düşməsi çətindir.
Ofisimdə Ermənistanda doğulub boya-başa çatmış azərbaycanlılar işləyirlər. Onlar 30 ildən də çox öncə - müharibə başlayanda ölkəni tərk etmək məcburiyyətində qalıblar. Və bizim ətrafımızda müharibə illərində Qarabağı tərk etməyə məcbur qalan, məcburi köçkün həyatı yaşamağa məhkum olan insanlar çoxdur - qardaş, bacı, əmioğlu, dost, həmkar... Bu məhv edilmiş həyatlar, ağrı-acılar - bütün bunlar bugünkü monoetnik Ermənistanı yaratmaq və Qarabağda monoetnik “boz zona”nı saxlamaq naminə baş verib.
Amma bu belə davam etməməlidir.
Azərbaycanlılar sülh istəyirlər. Biz bərpa, barışıq və bəlkə də, nə vaxtsa qonşumuzla dostluq münasibəti istəyirik. Əksini təsdiqləyən hekayələr sülhü təşviq etmir və razılaşmaya gətirmir. Üstəlik, onların yayılmasının məqsədi tam əksdir - onlar bu incə məsələnin hər iki tərəfində danışıq aparanları daha da uzaqlaşdırmaq üçün nəzərdə tutulub.
İndiki məsələdə söhbət siyasətdən gedir. Bu, hər yerdə olduğundan daha çox, Ermənistanın özünün siyasətidir.