Emin Sabitoğlunun xatirəsi anıldı: Nə yazıbsa, hamısını gözəl yazıb
19-noy, 13:40 246 GündəmAzərbaycan mahnı janrının ən nadir inciləri Emin Sabitoğlunun adı ilə bağlıdır. Çox sayda kinofilm və teatr tamaşası üçün yazdığı yaddaqalan melodiyalarla yaratdığı unudulmaz bədii lövhələr musiqi sənətimizi rövnəqləndirib. Azərbaycanın mədəniyyət salnaməsi görkəmli bəstəkarın yaradıcılığı ilə xeyli zənginləşib. Emin Sabitoğlu musiqinin əksər janrlarında yazıb. Amma bir neçə musiqi janrı, xüsusən mahnı janrı onun yaradıcılığının əsasını təşkil edir. Bəstəkarın ən ünlü müğənnilərin ifasında səslənən “Şükriyyə”, “Bakı, sabahın xeyir”, “Uzaq, yaşıl ada”, “Payız gəldi”, “Aman ayrılıq”, “Bağışla”... kimi mahnılarını sevməyən çətin tapıla... 18 noyabr Emin Sabitoğlunun xatirə günüdür. Bəstəkarın sənət yoldaşlarının, dostlarının onun haqqındakı xatirələri də yaradıcılığı qədər qiymətli və şirindir.
“Kaspi” qəzeti Anım günü ilə bağlı Emin Sabitoğlunu anıb:
Yüksək nəcabət, xeyirxahlıq və səmimilik
Bakı Musiqi Akademiyasının professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru İmruz Əfəndiyeva “Bizim atalarımız dost olublar və sonralar Eminlə Bakı Musiqi Akademiyasında birgə çalışmışıq”, - deyə Emin Sabitoğlunu “unudulmaz və qəlblərdə yaşayan insan kimi xatırlayır: “Atası Sabit Rəhmanın daxilində olan yüksək nəcabət, xeyirxahlıq və səmimilik Eminə də keçmişdi. Emin Konservatoriyanın xor-dirijorluq, mən isə musiqi nəzəriyyəsi kafedrasında işləyirdik. Eminin güclü, yüksək səviyyəli müəllimləri olub”. E.Sabitoğlu Bülbül adına Orta İxtisas Musiqi Məktəbini, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsini - dahi müəllim və bəstəkar Qara Qarayevin sinfini bitirib. Sonra təhsilini P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında, görkəmli rus bəstəkarı Yuri Aleksandroviç Şaporinin sinfində davam etdirib.
Muğam və aşıq musiqisinə söykənən musiqilər
İ.Əfəndiyeva Emin Sabitoğlunun mahnı yaradıcılığını yüksək dəyərləndirir: “Qarşımda Eminin dörd məcmuəsi var: “Lirik mahnılar”, “Dərələr”, “Bakı, sabahın xeyir!”, “Gözümdə Leylisən!” Bu mahnıların hər biri mənim üçün əziz və doğmadır. Bu mahnıların musiqisi bizi yaşadır, həyatımızı zənginləşdirərək işıqlı yol açır. Eminin mahnılarının üslub xüsusiyyətləri ilk növbədə milli ənənələrimizə - muğam və aşıq musiqisinə söykənməsidir. Emin Sabitoğlu əsl bəstəkar-novatordur. Onun qızı Ceyran xanım atası haqqında gözəl kitab yazıb. Ceyran xanım tələbəm olub - ən istedadlı və əlaçı tələbələrimdən biri idi. O, bizim Akademiyada uzun illər işləyib və həmkarım olub”.
O qədər zarafatcıl idi ki...
Xalq artisti Flora Kərimova bəstəkarın mahnılarının ən yaxşı ifaçılarından olub. Onun yaddaşında Emin Sabitoğlu bütün zamanların ən uğurlu və sevilən bəstəkarıdır: “Tofiq Quliyev, Zakir Bağırov, Oqtay Kazımı kimi bəstəkarların musiqisindən sonra estradanı bəyənmək çox çətin idi. Amma Emin o illərin peşəkar səviyyəsini qoruyub saxlayan, hörmət qazandıran bəstəkarlardan oldu. Eminlə Oqtay bugünkü estradanın sütunlarından biri idi”. Flora xanım bəstəkarı zarafatcıl, yüksək yumor hissinə malik insan kimi xatırlayır: “Eminin gözəl xasiyyəti vardı. Şəki yumoru ilə ən çətin mübahisələri yoluna qoyurdu. Bəzən sənət aləmində kimsə bir-biri ilə dil tapmırdı, sənətçilər arasında münaqişələr olurdu. Emin belə məsələləri yumor hissi ilə həll edirdi. Musiqi bəstəkarın həyatıdır. Emin o qədər zarafatcıl idi ki, onun həyatdan məmnun olub-olmadığını bilmək olmurdu. Onu oxumaq mümkün deyildi”.
Müğənni seçimində yanılmırdı
Müğənni Emin Sabitoğlunu öz yaradıcılığına hörmət edən sənətkar kimi dəyərləndirir:
“O vaxtlar dinləyicilər təkcə musiqinin məftunu olmurdular. Onlar musiqini yaradan müəlliflərin həyatda kim olduğunu, şəxsiyyətlərini, xasiyyətlərini də bilirdilər. Bəstəkarları müğənninin sənəti cəlb edirdi. Mən Eminin bir çox mahnısını oxuyurdum. Artıq onunla şəxsi dostluq münasibətim də formalaşmışdı. Emin “Hansı səsə, hansı ürəyə malik səsə yazım”, - deyə düşünürdü. O, müğənninin qabiliyyətini nəzərə alıb yazırdı. Hər müğənniyə ürək açıb mahnı vermirdi. Mən Eminin orta qabiliyyətli müğənniyə üz tutduğunu görməmişəm. Düzdür, hamı ilə eyni münasibəti vardı, amma müğənni seçiminə çox həssas yanaşırdı. Seçimində yanılmırdı da. Çünki zövqü gözəl idi. Pianoda da gözəl ifa edirdi. O çalanda elə bil orkestr ifa edirdi. Musiqini elə yazırdı, elə bil muncuq düzürdü. Xalq çalarlarına hörmət edirdi. Bu, hər bəstəkarın yaradıcılığında rast gəlinmir. Həmişə özünə deyirdim: sənin musiqində şeytan tükü var. Onun musiqisini qəbul etməmək qəbahət idi. Bu, insanın öz zövqünə şübhə yaradırdı. Eminin musiqisi xoşuna gəlmədisə, demək problem sənin zövqündədir”. F.Kərimova deyir ki, Emin Sabitoğlunun elə bir musiqisi yoxdur ki, dinləyicilər xoşlamasın: “Eminin operettalarının hər parçası bir mahnı idi. İşbirliyimizdə Emin heç vaxt mənə “bunu belə və ya elə oxu” deməyib. O, mənim ifama qarışmırdı. Bəzən sözləri dəyişirdim, ya musiqinin dəyişməsini istəyirdim, heç vaxt etiraz etmirdi. Bir ifaçı kimi mənə bu ixtiyarı verirdi”.
Melodiya gözəl olanda...
“Azərbaycanda elə bir tanınmış müğənni yox idi ki, onun yazdığı mahnını oxumasın. Gülağa Məmmədov, Anatollu Qəniyev, Akif İslamzadə, Hüseynağa Hadıyev, Şövkət Ələkbərova, Rəşid Behbudov, Flora Kərimova…”, - deyə Xalq artisti Faiq Sücəddinov xatırlayır: “Emin Sabitoğlu gözəl əsərlər yazıb. Nə yazıbsa, hamısını çox gözəl yazıb. Melodiya gözəl olanda hər şey gözəl olur. Eminin bəzi əsərlərini vaxtilə estrada orkestrində aranjeman etmişəm. Bir gün Tofiq Quliyev dedi ki, Emin, sənə simfoniya, opera yazmaq lazım deyil. Sən o qədər gözəl mahnılar, kino və tamaşa musiqiləri yazırsan ki, bunlar bizə bəsdir. Sənin yaradıcılığında daha çox mahnılar eşitmək istəyirəm. Emin Sabitoğlu xoşbəxt bəstəkar idi. Onun musiqiləri bu gün də sevilə-sevilə oxunur, instrumental olaraq çalınır. Emin Sabitoğlunun mahnıları həmişə səslənəcək, eşidiləcək və seviləcək”.