Titrəyən xatirələr

Titrəyən xatirələr
Sənli günlərimi qaytaraydılar,
Gələn günlərimi qurban verərdim...

Mərhum və əziz qardaşım, qazi Musa Hacıyev və şəhid qardaşlarımın ölməz ruhlarına.”
______________________________________
Hər gün evin havası Sənin ətrinlə rayihələnir.
Hər gün mətbəxdəki səliqə-sahman sənin ruhunu oxşamaq üçün müntəzirdi.
Şirin çayın fincanda, yağın pendirin, masanın üstündə, hər gün evin bütün muxəlafatı sənin gözıərinin işığına boyanmaq istəyir.
Hər gün divarlar baxışlarınla izlənmək arzusunu sabahlara ümid verir…
Hər gün mən, evin kənarında cavabsız sualları dəfn etməkdən başqa, heç, nə edə bilmirəm…
Hər gün bu evdə ünvanına catmayan bir oğul, ər, ata diqqəti, qayğısı, həssaslığı “ölür”! - Amma və lakin hardasa bir qadın, oğul, ata, qardaş, ər diqqətinin, qayğısının həssaslığının yoxluğundan  ,,ölür”!...
Hər gün evdəki harmoniya sənin yoxluğundan solur!
Hər gün, hər dəqiqə bu ev sənli xatirələri sənsiz bölüşmə əzabından cəhənnəmə dönür!
Hər gün divarlar baxışlarının izsizliyindən havadan nəm çəkir! Qonşu şikayətə gəlir, divardan su damır, bu mənim aramsız axan göz yaşlarımdı…            
Mən hər gün dünya sənə rahat olsun deyə “yaşamaq” istəyirəm. Həyatdan öyrəndiyim, həyatın öyrətdiyi sevginin imtahanını sənə vermək istəyirəm, əzizim!
Mən bilirəm qardaşı,atanı,əri,oğulu necə sevərlər! Mən bilirəm bu yolda ölmək necə olur.
Fəqət, hər səhər tezdən oyananda, üfüqlərin titrədiyinə şahid oluram! Bütün dünyanı işıqlandıran Günəşdən mənə heç nə düşmür, dünyaya nur gətirən Günəş səni gətirə bilmədi. Mən Günəşdən küsmüşəm.
Titrəyən xatirələr
,,Bu gündəmi sənsiz qardaş, oğul, əzizim?!
Sualımın ağırlığından böyrüm,başım titrəyir! Şəfəqlər ömrümü üşüdür!
Mən Günəşdən küsmüşəm. Ötən hər anda  gün daha bir az azalır, tükənir qurubun göz yaşları və gecənin sənsizliyini boğur. Mən isə həmişə ağlayacam Sənə yetişənə qədər, qardaş!
Bütün Şəhid ana və bacılarının dilindən sevgi ilə...


Hürü Hacızadə
Yazıçı-publisist
 


Hazırladı: Fərid Faiqoğlu