"Merhemet.tv"-nin rəhbəri Gülnara Həmidova dünya Azərbaycanlıları təbrik etdi


Əziz Həmvətənlər!
Sizi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni il – 2024-cü il münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Dünya Azərbaycanlılarının Həmrəylik Gününü ən yüksək səviyyədə bayram kimi qeyd etmək xalqımızın ictimai fikir tarixində əlamətdar bir hadisəyə çevrilmişdir. Hər birimiz üçün əziz və doğma bayram olan Dünya Azərbaycanlılarının Həmrəylik Günü dünyanın müxtəlif qitələrində yaşayan soydaşlarımızın birliyinin yaradılması məqsədilə Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Bu barədə ilk qərar 1991-ci ilin dekabr ayının 16-da ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Məclisində qəbul edilmiş və artıq 32 ildir ki, dünya Azərbaycanlıları bu günü ümummilli birliyin, həmrəyliyin rəmzi kimi yüksək səviyyədə qeyd edirlər. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təsis edilməsi həm də müxtəlif ölkələrdə yaşayan həmvətənlərimiz arasında siyasi-iqtisadi, mədəni münasibətlərin genişlənməsinə imkan yaratmışdır. Ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ilin noyabr ayında Bakıda Dünya Azərbaycanlılarının I qurultayı, 2006 və 2011-ci illərdə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təşəbbüsü ilə dünya azərbaycanlılarının II və III qurultayları keçirilmişdir. Azərbaycan xalqı və dövləti üçün 2023-cü il də siyasi-iqtisadi və sosial-mədəni həyatda böyük uğurlar əldə edilmiş, Prezident İlham Əliyev qədim Azərbaycan torpağı olan Xankəndində üçrəngli bayrağımızı qaldıraraq ərazi bütövlüyümüzü təmin etdi. Buna görə də cənab Prezident şəhidlərimizin xatirəsini bir daha əziz tutaraq dedi ki, şəhidlərimizin ruhu şaddır və o cümlədən də iqtisadiyyatın dinamik inkişaf yolunda olmuş, ölkəmizin büdcəsi artmış, pensiyalar, təqaüdlər, müavinətlər yüksəlmişdir. Yola salmağa hazırlaşdığımız 2023-cü il Azərbaycan respublikası üçün də sosial-iqtisadi sahədə qazanılan uğurlarla əlamətdar olmuşdur.
Hörmətli həmvətənlər!
Sizi bir daha 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ürəkdən təbrik edir, hər birinizə uzun ömür, möhkəm cansağlığı, ailənizə xoşbəxtlik və firavan günlər arzulayıram.




Fərid Faiqoğlu
AJB-nin üzvü