Satışda saxta düyülərin olması barədə yayılan iddialar nə dərəcədə doğrudur? - AÇIQLAMA
29-mar, 19:52 99 Gündəm / Cəmiyyət“Azərbaycanda düyü əvəzinə kauçuk satılır, alovda əriyir və yapışır”.
Oxu.Az xəbər verir ki, belə bir iddianın irəli sürüldüyü video sosial şəbəkələrdə yayımlanıb.
Məsələ ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) sorğu ünvanladıq.
AQTA rəsmisi Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, sosial mediada satışda guya saxta (süni) düyülərin olması barədə yayılan iddialar əsassızdır:
“Son monitorinqlərin və aparılan laboratoriya müayinələrinin nəticəsi göstərir ki, dövriyyədə olan düyü məhsulları təbii mənşəlidir. Bununla belə, istehlakçıların qida məhsullarının keyfiyyəti və təhlükəsizlik göstəriciləri ilə bağlı şübhələri olarsa, bu barədə AQTA-nın “1003 - Çağrı Mərkəzi”nə zəng edərək məlumat verə bilərlər”.
Açıqlamada qeyd olunub ki, monitorinqlər çərçivəsində ticarət şəbəkələrində düyü məhsullarından nümunələr götürülüb və müayinə məqsədilə laboratoriyaya təqdim olunub.
“Həm yerli, həm də idxal edilən məhsul olmaqla, götürülmüş nümunələr bitki geninin (mənşəyinin), nəmliyin və nişastanın təyini üzrə laboratoriya müayinələrə cəlb edilib. Nümunələrin sınaq nəticəsinə əsasən, məhsullar qida sahəsində normativ sənədin tələblərinə cavab verib.
Monitorinqlər AQTA tərəfindən ölkə ərazisində satışda olan düyü məhsullarının saxtalaşdırılması, keyfiyyət və təhlükəsizlik göstəricilərinin normativ sənədlərin tələblərinə uyğun olmaması barədə mediada yayılan məlumatlar və agentliyə daxil olan müraciətlər əsasında aparılıb.
Əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin olunması istiqamətində ardıcıl tədbirlər bundan sonra da davam edəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı alınacaq”, - deyə açıqlamada vurğulanır.
Əzizə İsmayılova