MƏNİM DİLİM-DOĞMA DİLİM
01-avq, 12:30 66 GündəmFevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili günü elan edilib. Bu məsələnin Banqladeş tərəfindən qaldırılmasının və məhz 21 fevral tarixinin ana dili günü kimi seçilməsinin özünün də maraqlı bir tarixi var. 1952-ci il fevral ayının 21-də Banqladeşin Benqal şəhərində dörd nəfər gənc tələbə öz ana dillərinin rəsmi dil olması məqsədilə mübarizə aparmış, səslərini dövlət rəhbərlərinə çatdırmaq üçün küçələrə çıxmış və ətraflarına insanlar toplamışlar. Lakin həmin tələbələr elə həmin gün edam edilmişlər. Buna görə də bütün dünyada Beynəlxalq ana dili günü kimi qeyd edilməsi məqsədilə öldürülən gənclərin xatirəsiə ehtiram əlaməti olaraq 21 fevral tarixi müəyyən edilmişdir.
Məlumdur ki, hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitə dildir. Hər bir vətəndaş doğma ana dilini gözəl bilməli, onu qorumalı və inkişaf etdirməlidir. Bu, qarşımızda duran müqəddəs bir borcdur. İnsanın daxili dünyasının zənginləşməsində, Dünyagörüşünün genişlənməsində, təhsil almasında, milli mental dəyərlərə sahib olmasında, Öz ətrafı ilə, soydaşları ilə kommunikasiyaya girməsində ana dilinin rolu əvəzedilməzdir.
Ana dili mənsub olduğu millətin özünəməxsusluğunu qoruyur, dövlətin simvoluna şevrilir. Eyni zamanda başqa xalqlarla ünsiyyət qurmaq, öz mədəni irsini dünyada tanıtmaq, onların mədəni irsini öyrənmək istiqamətində ana dilinin praktik əhəmiyyətinin rolu əvəzsizdir.
Hər kəsə məlumdur ki, bir dövlətin dövlət olması üçün milli dilin qanunlar çərçivəsində dövlət dili statusu kimi qəbul edilməsi, qorunması, inkişaf etdirilməsi vacibdir.
Milli dilin dövlət dili statusu qazanması dövlətin tarixində olduqca mühüm bir hadisə, hətta qızıl səhifə adlandırılır və dövlətin dövlət kimi, millətin millət kimi təsdiqi deməkdir. Bir dilin dövlət dili statusu qazanması həmin millətin öz taleyinə sahib olmasının, dövlət quruculuğunun, öz dövlətini və öz dilini mühafizə etmək əzminin, eyni zamanda dilinin zənginliyinin isbatıdır. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, dilin dövlət dili statusu qazanması xalq üçün qürurverici, tarixi bir hadisədir. Bu sadaladığımız mərhələləri Azərbaycan xalqı və Azərbaycan dili (türkcəsi) tarixən yaşamışdır.
İlk dəfə Şah İsmayıl Xətainin zamanında dilimiz “ordu və saray lisanı” statusunu qazanmış, bu dildə ünsiyyət aparılmaqla yanaşı, poeziya nümunələri Azərbaycan dilində yaradılmış, dövlətlərarası məktublaşmalarda dilimizdən istifadə edilmişdir. Hətta Xətainin xoşuna gəlmək istəyən bir çox şairlər əsərlərini Azərbaycan dilində yazmağa başlamışdılar. Şah Xətai demişdir:
“Ey türk oğulları, vətənin bir ovuc torpağını dünyanın var-dövlətinə, dilimizin bir sözünü ləl-cavahirata dəyişməyin”.
Sonra ADR dövründə dilimiz dövlət dili statusu qazanmış. Təhsil müəssisələrində ana dili tədris edilmiş, dərsliklər yaradılmışdır. Daha sonra, əsasən, Ulu Öndər Heydər Əliyevin Hakimiyyətdə olduğu illərdə dilimizin inkişafına xüsusi diqqət və qayğı göstərilmiş, dilimizin inkişafı ilə əlaqədar düşünülmüş dil siyasəti həyata keçirilmişdir. “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam”,-deyən Ulu Öndər dilimizin saflığını qorumaq, inkişaf etdirmək məqsədilə zaman-zaman sərəncamlar, qərarlar imzalamışdır. Həmin uğurlu siyasətin nəticəsində Ana dilimiz bu günə qədər Qafqazda və Yaxın Şərqdə işlənərək, ulusal bir dil səviyyəsinə çatmışdır.
Sürgün illərində Azərbaycanın Qusar rayonunda yaşayan Y.Lermantov dostu Rayevskiyə yazdığı məktubda belə bir bir fikir söyləmişdir:
“Avropada fransız dilini bilmək nə qədər vacibdirsə, Qafqazda, ümumən Asiyada Azərbaycan dilini bilmək də bir o qədər əhəmiyyətlidir”.
Tiflisdə sürgün həyatı yaşayan dekabrist-inqilabçı Aleksandr Bestujev-Marlinskinin Azərbaycan dili haqqında dostuna yazdığı məktubda belə bir cümlə vardır: “Fransız dilini bilərək bütün Avropanı gəzib dolaşmaq mümkün olduğu kimi, Azərbaycan dilini bilməklə bütün Qafqazı gəzmək olar”. Bundan başqa, Qafqazın insanlarını, təbiətini, sərvətlərini yüksək qiymətləndirən şair: Qafqaza dinclik verin və yer üzünün cənnətini Fərat sahillərində axtarmayın: O, buradadır!”-deyə insanlara müraciət etmişdir.
Dilimizin dəyəri hər zaman tanınmış şəxsiyyətlər tərəfindən yüksək qiymətləndirilmişdir.
2002-ci il 30 sentyabrda “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində mühüm əhəmiyyətli addım olmuşdur. Bu sənəd ümummilli lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir.
Hazırda bu ənənələri Prezident İlham Əliyev uğurla davam etdirməkdədir. Dövlətimizin başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli Sərəncamı və bu istiqamətdə görülən digər işlər dilimizin inkişafına böyük qayğının təzahürüdür.
Azərbaycan dili türk dilləri ailəsinin oğuz qrupuna daxil olan qədim və zəngin bir dildir. Təşəkkülü miladdan əvvəlki dövrlərə gedib çıxan bu dilin ifadə zənginliyi, axıcılığı və sadəliyi, səlist ahəngi onu dünyada ən şirin dillərdən biri kimi tanıtmış və şöhrətləndirmişdir. Azərbaycan dili kamil qrammatik quruluşa, zəngin söz fonduna, geniş ifadə imkanlarına, mükəmməl əlifbaya, yüksək səviyyəli yazı normalarına malik bir dildir. Bizim ana dilimiz doğma respublikamızın dövlət dilidir, poeziya dilidir, şirin layla dilidir, ecazkar mahnı dilidir, dosta məhəbbət, düşmənə nifrət dilidir.
Ölkəmiz müstəqillik əldə etdikdən sonra Azərbaycan dilinin hərtərəfli inkişafı, zənginləşməsi, onun diplomatik aləmə yol açması dövlət siyasətinin əsas prioritet istiqamətlərindən birinə çevrildi. Ümummilli lider Heydər Əliyevin 2001-ci il tarixli Fərmanına əsasən, hər il avqust ayının 1-i ölkəmizdə “Azərbaycan əlifbası və Azərbaycan dili günü” kimi qeyd olunur. Bu ənənələri ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev uğurla davam etdirməkdədir.
Bu gün Azərbaycan dili ən yüksək səviyyədə siyasi, iqtisadi və mədəni tribunalardan eşidilir. Bu gün Azərbaycan dili siyasi müzakirələr, mədəni yığıncaqlar, elmi simpoziumlar dilidir. Fəxr edə bilərik ki, son dövrlərin ən böyük dövlətlərarası razılaşmaları bu dildə aparılmış, əsrin müqavilələri bu dildə yazılmışdır. İndi bu dildə ən çətin və mürəkkəb fikirləri ifadə etmək, ən yüksək elmi əsərləri başqa dildən tərcümə etmək mümkündür.
Millətin dilinin dövlət dili statusuna yüksəlməsi tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir. Çünki dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda, dilinin zənginliyinin sübutudur. Bu mənada dilin dövlət dili statusu qazanması həqiqətən qürur gətirən tarixi hadisədir. Azərbaycan dili bu tarixi hadisəni yaşamışdır. Hər bir azərbaycanlının müqəddəs və mənəvi borcu ana dilimizi qorumaq, inkişaf etdirmək, gələcək nəsillərə ötürməkdir. Ana dili bizim həyatımız, inamımız və qeyrətimizdir, dünənimizdən sabahımıza salınan mənəvi körpüdür. Biz çalışmalıyıq ki, dilimizin saflığını və gözəlliyini qoruyaq.
Bu dildə şer də, mahnı da gözəldir. Bu dil sevinc də gətirir, təəssüf də... Zərifdir, incədir, lətafətlidir, ecazkardır, Nəsimi dözümlü, Füzuli kədərli, Səməd şöhrətli, Bəxtiyar ünvanlı dilim...
Ana dilimizi qorumaq və inkişaf etdirmək hər bir azərbaycanlının müqəddəs borcudur.
Prof.Həcər Hüseynova
ADPU, filologiya fakültəsi, Azərbaycan dilçiliyi kafedrası