Həmid Həsənov: Tarixi Zəfərimiz milli yaddaşımızın qızıl fondudur
07-noy, 11:35 163 Gündəm / CəmiyyətAZFEN B.M.-nin baş direktoru Həmid Həsənov - “Dövlətimizin qətiyyəti, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun gücü, qüdrəti, xalqımızın dəmir yumruq kimi birliyi sayəsində qazandığımız şanlı Qələbədən iki il ötür. İki il bundan əvvəl bayramlarımız sırasına daha bir tarixi gün əlavə olundu. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə Qarabağın tacı, mədəniyyət paytaxtımız Şuşanın işğaldan azad edildiyi tarix-8 Noyabr Zəfər Günü kimi təsis edildi. 30 illik torpaq həsrətinə, işğala son qoyan, ərazi bütövlüyümüzün təmin olunması ilə qalib ölkə kimi təqdimatımızda əhəmiyyətli rol oynayan bu tarix xalqımızın qüdrətinin, milli qürurumuzun təntənəsidir. Hər bir tarixi gün keçilən yolun təhlilini bir zərurət kimi ortaya qoyur. 30 il xalqımız bu günü böyük səbirsizliklə gözləsə də əmin idi ki, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində torpaqlarımız öz tarixi sahiblərinə qovuşacaq, keçmiş məcburi köçkünlər doğma yurd-yuvalarına qayıdacaq, Qarabağımız cənnət məkana çevriləcək. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ən yüksək tribunalardan səsləndirdiyi “O gün uzaqda deyil” bəyanatı da özündə bütün məqamları ifadə edirdi. Ölkə Prezidentinin bəyanatlarında bu çağırış da xüsusi yer tuturdu ki, xalqın səbri tükənməz deyil. 27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin törətdikləri növbəti təxribat artıq dövlətimizin və xalqımızın səbir kasasını doldurdu. Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin “İrəli!” əmri illərdir bu tapşırığı gözləyən Azərbaycan əsgərinin döyüş ruhunu yüksəltdi. İkinci Qarabağ müharibəsinin başlandığı ilk gündən Cəbrayılın və Füzulinin bir neçə kəndinin azad edilməsi əsgərlərimizin qələbə əzmini artırdı, növbəti zəfərlərə yol açdı.”
Ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycanın ərazi bütövlüyünü təmin edərək adını tarixə torpaqlarımızın xilaskarı kimi yazan dövlət başçısı İlham Əliyevin 44 günlük İkinci Qarabağ müharibəsinin davam etdiyi günlərdə informasiya cəbhəsində də üstünlüyü qazanmağımızda əhəmiyyətli rol oynayan 30-dan artıq xarici mətbuata müsahibələrinin hər biri tarixi həqiqətlərin təbliğində, müharibəni qaçılmaz edən reallıqların beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynadı, indiki və gələcək nəsillər üçün zəngin mənbə oldu. Prezident İlham Əliyev həmin müsahibələrində hər zaman Azərbaycanın qələbə qazanacağına əminliyini ölkəmizin gələcəyi ilə bağlı suallara cavablarında ifadə edirdi. Təbii ki, bu əminliyə əsas verən dövlətimizin düşünülmüş və məqsədyönlü siyasəti, real həqiqətlərə, tarixi faktlara əsaslanan təbliğatı idi. Ötən illər ərzində atılmış hər bir addım və qəbul olunmuş hər bir qərar doğma Azərbaycan torpaqlarının işğaldan azad olunmasına xidmət edirdi. Vətən müharibəsində əldə olunmuş Qələbə Azərbaycan dövlətinin ordu quruculuğu siyasətinin və iqtisadi inkişafımızın nəticəsidir. Uzun illər ərzində Azərbaycan danışıqlar masasında prinsipiallıq göstərərək, eyni zamanda, güclü ordu yaratdı. Ordu quruculuğu hər zaman Prezident İlham Əliyevin siyasətinin prioritet istiqaməti olub. Cənab İlham Əliyevin Prezidentliyi dövründə dövlətin büdcə xərclərinin əsasını məhz hərbi xərclər təşkil edib. Ordunun döyüş qabiliyyəti möhkəmlənib, müasir silah-sursat, texnika ilə təchiz edilib.”
İqtisadi amil ölkənin qüdrətini artırdı və Qələbəni reallığa çevirdi: “Hər bir inkişafın əsasında iqtisadi tərəqqi dayanır. Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadə edilməsi ölkəmizin iqtisadi imkanlarının artmasında əsas rol oynadı. Ölkəmizə inamın və etimadın nəticəsi olaraq 2017-ci ildə “Yeni əsrin müqaviləsi” imzalandı. Əməkdaşlığın coğrafiyası genişlənərək regional çərçivədən çıxıb beynəlxalq miqyas aldı. Cənub Qaz Dəhlizi layihəsi reallığa çevrildi. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri dünyanın enerji xəritəsini dəyişdi. Regional inkişafın aparıcı qüvvəsi olan Azərbaycan dünyanın enerji təhlükəsizliyinin əsas təminatçısına çevrildi. Bu fikir belə bir reallığı özündə əks etdirir ki, Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və sosial layihənin həyata keçirilməsi mümkünsüzdür.”
“Azərbaycanın iqtisadi imkanlarının artması fonunda beynəlxalq münasibətlər sistemində möhkəmlənən mövqeyi bu gün özünü aydın şəkildə büruzə verir. Eyni zamanda, dövlətimizin müstəqil siyasəti bütün sahələrdə, o cümlədən xarici siyasətdə davamlı uğurlara yol açır. BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurasının Parlament Assambleyası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatların keçmiş Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamlər bir daha Azərbaycanın beynəlxalq mövqeyini möhkəmləndirdi. Avropa İttifaqı ilə paraflanmış sənəddə sərhədlərimizin toxunulmazlığına, suverenliyimizə və ölkəmizin ərazi bütövlüyünə dəstək göstərildi. Bütün bunlar hazırda tarixə qovuşan Qarabağ münaqişəsinin həlli üçün hüquqi əsaslar yaratdı.”
“Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışmışdı. Ermənistanın danışıqlar prosesinə imitasiya naminə qatılması, vaxt qazanaraq yeni ərazilər uğrunda müharibə planı hazırlaması Azərbaycanın diqqətindən kənarda qalmırdı. Prezident İlham Əliyev işğalçı dövlətin yeni savaş planını İkinci Qarabağ müharibəsinin başlanmasından bir neçə gün əvvəl BMT Baş Assambleyasının sessiyasında dünyaya bəyan etmişdi. Lakin təəssüflər olsun ki, əksər dünya gücləri yenə də özlərini bundan xəbərsiz aparmaqla yanaşı, ölkə Prezidentinin bu çağırışına seyrçi mövqedən yanaşdılar. 27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini müxtəlif istiqamətlərdən raket atəşinə tutmaları işğalçı dövlətin yeni ərazilər uğrunda müharibə planını reallaşdırmaq niyyətini bir daha ortaya qoydu.”
Artıq ölkəmizin həyatında yeni dövr başlayıb: “Tarixi Zəfərimizin reallıqlarını yaşayırıq. İki ildir torpaqlarımızın işğal deyil, işğaldan azad edildiyi tarixləri qeyd edirik. Bu qüruru, sevinci xalqımıza yaşadan dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və rəşadətli Azərbaycan Ordusuna hər zaman minnətdarıq. Bu gün qanları, canları ilə tarix yazan şəhidlərimizin ruhu şaddır. İşğaldan azad edilmiş torpaqlarımızda Azərbaycan Bayrağı ucaldılıb. Bu ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Qarabağ və Şərqi Zəngəzur dünyanın diqqətindədir. Bu məkanlardan dünyaya iki hava qapısı açıldı. Füzuli və Zəngilan Beynəlxalq Hava limanlarının iki qardaş ölkənin-Azərbaycan və Türkiyə prezidentlərinin birgə iştirakı ilə açılışı oldu. Bu kimi unudulmaz hadisələr zəngin tarixə malik olan, İkinci Qarabağ müharibəsindən sonra daha da möhkəmlənən Azərbaycan-Türkiyə birliyinin göstəricisidir. Müharibənin başlandığı gündən Azərbaycana mənəvi və siyasi dəstəyini göstərən, “Azərbaycan tək deyil” bəyanatı ilə dünyaya çağırışlar edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan postmünaqişə dövründə də Azərbaycanın yanında olduğunu atdığı addımları ilə təsdiqləyir. Azərbaycan-Türkiyə müttəfiqliyinin təsdiqi olan Şuşa Bəyannaməsi də tarixi Zəfərimizin, Qarabağımızın şahidlik etdiyi sənəddir. Buna əmin olmaq üçün təkcə cari ildə mədəniyyət paytaxtımızda keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərin xronologiyasına diqqət yetirmək kifayətdir. Artıq əminliklə deyə bilərik ki, Şuşa beynəlxalq diplomatik mərkəzə çevrilib.”
“Ölkə Prezidenti rəsmi “Tvitter” səhifəsində bu paylaşımı etdi: “Bu gün, avqustun 26-da biz – azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!”
“Hər bir görüş Azərbaycanın diplomatik uğuru, ölkəmizin tarixi Zəfərimizdən sonra artan beynəlxalq nüfuzunun təqdimatıdır. Sülh müqaviləsinin imzalanmasından sonra regionda dayanıqlı sülh və təhlükəsizlik təmin ediləcək ki, bu da yeni əməkdaşlıq formatlarının yaradılmasına və iştirakçı dövlətlərin iqtisadi imkanlarının genişlənməsinə stimul olacaq. Hazırkı dövrün əsas çağırışı Ermənistanı tezliklə sülh müqaviləsini imzalamağa məcbur etməkdir.”
“Ümumiləşdirilmiş şəkildə qeyd etsək, tarixi Zəfərimiz dünənimizə, bugünümüzə və gələcəyimizə baxışdır. “Azərbaycan 2030: sosial-iqtisadi islahatlara dair Milli Prioritetlər” Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanın gələcək inkişafının əsasıdır”, böyük Qələbə milli yaddaşımızın qızıl fondudur.