TARİX YAZAN SƏRKƏRDƏ
07-noy, 11:42 173 Gündəm / Siyasət / CəmiyyətAzərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev böyük xilaskarlıq missiyasını yerinə yetirməklə xalqımızın qəhrəmanlıq salnaməsini qızıl hərflərlə yazdı
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev son 200 ildə tarixi torpaqlarını ardıcıl şəkildə itirən, soyqırıma məruz qalan Azərbaycan xalqının milli mənliyini, gücünü özünə qaytarmaqla, ən böyük xilaskarlıq missiyasını yerinə yetirməklə xalqımızın qəhrəmanlıq salnaməsini qızıl hərflərlə yazdı. Prezident İlham Əliyev beynəlxalq təzyiqləri layiqincə dəf edərək erməni faşizminə qarşı Vətən müharibəsində şanlı ordumuzun hərbi-strateji əməliyyatlarına məharətlə rəhbərlik etməklə yanaşı, diplomatiya, informasiya və siyasi fəaliyyət istiqamətində misilsiz tarixi nailiyyətlərə imza atdı. II Qarabağ savaşında qazandığımız böyük Qələbə 2020-ci ilin hüdudlarına sığmayacaq bir tarixi hadisəyə çevrildi. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu hərbi quruculuq siyasəti Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsinə qədəm qoydu, prioritet elan edilən ordu quruculuğu sayəsində ərsəyə gələn nizami Azərbaycan Ordusu dövlətçiliyimizin qarantı olmaqla yanaşı, ölkəmizin dünya miqyasında maraq və mənafeyinin, milli təhlükəsizliyinin lazımi səviyyədə qorunmasını təmin etməyə imkan yaratdı. Respublikamızda müdafiə sənayesi kompleksinin yaradılması, Silahlı Qüvvələrimizin maddi-texniki bazasının möhkəmləndirilməsi, ordu birləşmələrimizin ən yeni hərbi texnika və avadanlıqlarla təchiz edilməsi, şəxsi heyətin döyüş qabiliyyətinin və peşəkarlıq səviyyəsinin beynəlxalq standartlara uyğunlaşdırılması qarşıya qoyulan vəzifələrin məzmunu ilə düzgün əlaqələndirildi, zaman və məkan amillərindən səmərəli istifadə edilməklə böyük zəfəri addım - addım yaxınlaşdırmaq mümkün oldu. Noyabrın 10-da Azərbaycan xalqı gözlədiyi müjdəni aldı. Gecə saatlarında xalqa müraciət edən Müzəffər Ali Baş Komandan İlham Əliyev şanlı Qələbəmizin - Ermənistanın təslim olmasının müjdəsini verdi. 30 ilə yaxın düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi xalqımızın inamını özünə qaytardı. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Ordumuz 44 gün davam edən Vətən müharibəsində Azərbaycana qarşı düşmənçilik mövqeyində və ərazi iddiasında olan təcavüzkar Ermənistan, həmçinin onun havadarları üzərində tarixi Qələbə qazandı, Ermənistan məcbur olub kapitulyasiya aktına imza atdı. Şanlı Ordumuzun hərbi-strateji əməliyyatlarına məharətlə rəhbərlik edən dövlətimizin başçısı, eyni zamanda diplomatiya, informasiya və siyasi fəaliyyət istiqamətlərində misilsiz uğurlar qazandı. Döyüş meydanında uğurlarımızın miqyası o qədər böyük oldu ki, Azərbaycan heç vaxt hərbi sahədə belə böyük Qələbə qazanmamışdı. Bizim bu qələbəmizin əsas səbəbkarı Azərbaycan xalqının yenilməz sərkərdəsi, Ali Baş Komandan İlham Əliyevdir.
2020-ci il noyabrın 10-u ölkəmiz üçün tarixi bir gün olaraq yaddaşlara həkk olundu. Böyük Vətən müharibəsi Azərbaycanın şanlı qələbəsi ilə başa çatdı. Həmin gün Azərbaycanın ən yeni tarixi yazıldı, qələbəmiz tariximizə qızıl hərflərlə həkk olundu. Bizə qürür və fəxarət yaşadan bir qələbə! Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş naziri və Rusiya Federasiyasının Prezidenti tərəfindən imzalanmış üçtərəfli Bəyanat məsələnin həlli istiqamətində son nöqtə oldu. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev sözügedən Bəyanatla bağlı bildirmişdir: “İmzalanmış bəyanat bizim şanlı qələbəmizdir. Şadam ki, bu gün bu müjdəni Azərbaycan xalqına verirəm”.
Və beləliklə, Azərbaycan ordusunun Qarabağda həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları işğalçı Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Hərbi əməliyyatların məqsədi ilk gündən sülhə məcburetmə əməliyyatı kimi göstərilirdi və biz məqsədimizə çatdıq. Ali Baş Komandan başda olmaqla Qəhrəman Ordumuz Ermənistanı sülhə məcbur etdi. Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də Qələbənin qazanılmasını şərtləndirdi. Müqavilə bir çox mənada tarixə iz qoydu. İlk olaraq ona görə ki, bu müqavilə ilə Azərbaycan son iki yüz illik tarixində ilk dəfə müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxdı. Bəyanat uzun illər davam edən işğala son qoydu. Bəyanatda Dağlıq Qarabağın statusu haqqında bir kəlmə də yoxdur. Qarabağa heç bir status, muxtariyyət, hətta mədəni muxtariyyət belə verilmir. İmzalanan bəyanat bizim şanlı qələbəmizdir və bəyanat bütün maddələri üzrə Azərbaycanın milli maraqlarını ehtiva və təmin edir.
Bu gün, hər birimiz sözlərlə ifadə edə bilməyəcəyimiz qədər qürur hissi keçiririk. Ədalətin yenidən bərpa edilməsi, Azərbaycanın ərazi bütöv-lüyünün bərpa olunması üçün öz canından keçən şəhidlərimizin qarşısında baş əyirik. Azərbaycan xalqı bu tarixi Qələbəni məhz döyüş meydanında qazandı. Şanlı Qələbəmizin təməlində dərin zəkaya, yüksək diplomatik bacarığa, yüksək intellektli, öz tutarlı və faktlara söykənən cavabları ilə beynəlxalq media nümayəndələrinə tarixi həqiqətləri təmkinlə çatdıran, qətiyyətli və sarsılmaz mövqeyi ilə dünyada nüfuzu gün keçdikcə artan Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli siyasəti dayanır.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi: “Biz qayıdırıq, Azərbaycan qayıdır! Azərbaycan öz ərazi bütövlüyünü bərpa edir”. “Qarabağ Azərbaycandır və nida!” ifadəsi artıq bizim qələbəmizin rəmzinə çevrildi.
Zəfər günün mübarək Azərbaycan!
Sadıqov Rəşadət Zülfüqar oğlu
Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu