“Neftçi”də baş məşqçi müəmması: Sergen Yalçın, Hikmet Karaman, yoxsa?..

“Neftçi”də ötənilki ssenari təkrarlanır.
Oxu.Az xatırladır ki, baş məşqçi Laurentsiu Regekampfla yollarını ayıran “ağ-qaralar” yeni çalışdırıcını hələ tapmayıblar.
Xronologiyaya diqqət edək.
Ötən mövsümü titulsuz başa vuran paytaxt təmsilçisində baş məşqçi dəyişikliyinin olacağı gözlənilirdi. Lakin “Rege” bir qədər gec - yalnız iyunun 21-də yola salındı. Ona qədər paytaxt təmsilçisi türkiyəli Sergen Yalçınla danışıqlara başlamış, hətta o, Bakıya dəvət edilmişdi. Məlumata görə, tərəflər arasında ilkin razılıq da olmuşdu. Lakin sonradan Türkiyədən gələn zəng - “Fənərbağça”nın dəvəti S.Yalçının fikrini dəyişməsi ilə nəticələnmişdi.
Ardınca gürcüstanlı Şota Arveladzenin adı Bakı klubu ilə hallandı. Məlum oldu ki, bu məsələ ümumiyyətlə müzakirə mövzusu deyil.
Son məlumata görə, digər türkiyəli mütəxəssis - Hikmet Karaman “Neftçi”nin baş məşqçisi postuna namizəddir. Çalışdırıcı özü də açıqlama verərək məlumatı təsdiqlədi. Sonradan aydınlaşdı ki, onunla nə klubdan, nə də “ağ-qaralar”ın əsas sponsoru olan SOCAR-dan əlaqə saxlayan olub. H.Karamanı arayan menecer “Pelikan” agentliyinin rəhbəri Rəsul Allahverdiyev imiş.
Əldə etdiyimiz məlumata görə, Sergen Yalçın indinin özündə də bu posta əsas namizəddir. Türkiyə mətbuatında yazılanların əksinə olaraq, o, heç də illik dörd milyon dollar istəməyib. Tərəflər 1,5 milyon dolların üzərində dayanıblar. Ancaq mütəxəssisin xüsusilə bahalı transferlər istəməsi “Neftçi” rəhbərliyini tərəddüdə salıb. Bununla belə, məsələ tam qapadılmayıb.
Vaxt gedir, iş yubanır. “Ağ-qaralar” azı dörd futbolçunun razılığını alıblar və münasibətlərin rəsmiləşdirilməsi üçün yeni baş məşqçinin dəqiqləşməsi, onun keçidlərə “okey” verməsi gözlənilir. Hazırda komandanı məşqlərə əvəzedici heyətin baş məşqçisi Rəşad Abdullayev çıxarır. Bir neçə gün sonra “Neftçi” Sankt-Peterburqdakı turnirdə iştirak edəcək. Ondan sonra Konfrans Liqasında mübarizə başlayacaq. Nəinki heyət komplektləşdirilməyib, heç baş məşqçi məlum deyil.
Ötənilki ssenari təkrarlanmaqdadır. 2022/23 mövsümündən əvvəl Samir Abasovu yola salınmış, bu posta əsas namizədlər Viktor Qonçarenko və Vitali Vernidub olsalar da, heç biri alınmamış və komanda yekunda alternativ variant hesab edilən Laurentsiu Regekampfa tapşırılmışdı. Bu isə sonda uğursuzluqla nəticələndi. Klub eyni səhvi təkrarlamamaq üçün daha diqqətli olmalıdır.