Boşanmadan da aliment ala bilərsiniz...
07-iyl, 12:39 11 Cəmiyyət
Aliment deyəndə çoxlarının ağlına boşanmadan sonra tərəflərdən birinin digərinə uşaqlara görə yaranan xərclər üçün ödədiyi vəsait gəlir. Ancaq qanunvericiliyə görə, digər şəxslərin, o cümlədən ər-arvadın və keçmiş ər-arvadın bir-birlərinə aliment öhdəlikləri də mövcuddur.
“Qafqazinfo” xəbər verir ki, Ailə Məcəlləsinə görə, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakı göstərilən şəxslər buna maddi imkanı olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər:
- Əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad;
- Hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində arvad;
- Əlilliyi olan ümumi uşağa və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı ümumi övlada qulluq edən və ehtiyacı olan ər və ya arvad.
.jpg)
Aliment öhdəliyi təkcə evlilik dövrü üçün aktual deyil. Qanunvericiliyə görə, nikah pozulduqdan sonra da keçmiş ərin və ya arvadın biri-birindən aliment almaq hüququ var. Belə ki, aşağıdakı şəxslər boşandıqdan sonra məhkəmə qaydasında buna maddi imkanı olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər:
- Hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad;
- Əilliyi olan ümumi uşağa və ya 18 yaşına çatanadək əlilliyi müəyyən edilmiş, 18 yaşından yuxarı orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ümumi övlada qulluq edən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad);
- Nikah pozulana qədər və ya nikah pozulduğu gündən 1 il ərzində əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad);
- Ər-arvad uzun müddət nikahda olublarsa, nikah pozulduğu andan 5 il müddətindən gec olmayaraq pensiya yaşına çatan və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad).
.jpg)
Alimentin miqdarı və nikah pozulduqdan sonra onun keçmiş ərə və ya arvada ödənilməsi qaydası onlar arasındakı sazişlə müəyyən edilə bilər. Aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyənləşdirilir.
Ancaq qanun ər və ya arvadın bütün hallarda aliment ödəməsini də nəzərdə tutmur. Belə ki, qanunvericilikdə tərəflərin bir-birini saxlamaq vəzifəsindən azad edilməsi və ya bu vəzifənin müddətlə məhdudlaşdırılması da nəzərdə tutulub. Belə ki, məhkəmə tərəflərdən birini nikah dövründə və nikah pozulduqdan sonra maddi yardıma ehtiyacı olan və əmək qabiliyyəti olmayan arvadı (əri) saxlamaq vəzifəsindən azad edə və bu vəzifəni müəyyən müddətlə məhdudlaşdıra bilər. Bu, ilk növbədə maddi yardıma ehtiyacı olan ər (arvad) əmək qabiliyyətini spirtli içkilərin, narkotik vasitələrin, psixotrop maddələrin qəbulu və ya qəsdən törətdiyi cinayət əməli nəticəsində itirdikdə şamil oluna bilər. Bundan başqa, aliment ödənilməsini tələb edən ər (arvad) ailədə ləyaqətsiz davrandıqda, nikah çox çəkmədikdə də eyni məhdudiyyətin tətbiq edilməsi mümkündür.
Aliment ödənilməsi barədə saziş (alimentin miqdarı, ödənilmə qaydası və şərtləri) aliment ödəməli olan şəxslə onu alan şəxs arasında bağlanır. Saziş yazılı formada bağlanır və notariat qaydasında təsdiq edilir. Aliment ödənilməsi barədə saziş notariat qaydasında təsdiq edildikdə, icra vərəqəsi qüvvəsinə malik olur.
Ceyhun Həmid





