Autizm Portalının əsas məqsədi nədir?

autizm-portalinin-esas-meqsedi-nedir
“Birgə və Sağlam” İctimai Birliyi 2013-cü ildə autizmli şəxslərin və digər həssas qrupların cəmiyyətə inklüziv inteqrasiyasını, keyfiyyətli təhsil və inkişaf imkanlarına çıxışını dəstəkləmək məqsədilə təsis edilib. Fəaliyyət göstərdiyi müddətdə Birlik Heydər Əliyev Fondu və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın dəstəyi ilə autizm sahəsində mühüm nailiyyətlər əldə edib. 2021-ci il 30 dekabr tarixində yeni Autizm Mərkəzinin açılışı Mehriban Əliyevanın iştirakı ilə baş tutub və mərkəzin idarəetməsi Birliyə həvalə edilib.
“Qafqazinfo” xəbər verir ki, bu günədək Birliyin mərkəzlərində yüzlərlə autizmli şəxsə beynəlxalq standartlara uyğun xüsusi təhsil xidmətləri göstərilib, PCDI modeli əsasında Tətbiqi Davranış Analizi (ABA) metodikası tətbiq edilib.
Eyni zamanda yüzə yaxın mütəxəssis və könüllü hazırlanıb, minə yaxın ali təhsil tələbəsi və yüzlərlə valideyn üçün maarifləndirmə proqramları təşkil edilib. Birliyin fəaliyyəti müxtəlif dövlət qurumları, yerli və beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib.
Bu fəaliyyətlərin davamı olaraq, Autizm Portalı 2018-ci ildə bp və tərəfdaşlarının “Birgə və Sağlam” İctimai Birliyi ilə birgə həyata keçirdiyi “Autizmli şəxslərə fürsətlər yaratmaq” sosial layihəsi çərçivəsində yaradılıb. Portalın əsas məqsədi autizm sahəsində etibarlı və müasir məlumatlara çıxışı asanlaşdırmaq, mütəxəssisləri, valideynləri və bu sahə ilə maraqlanan bütün şəxsləri Azərbaycan dilində keyfiyyətli resurslarla təmin etməkdir.
Portal, başda autizm olmaqla, Daun sindromu və ümumi inkişaf geriliyi diaqnozu qoyulan uşaqlara sahib ailələr üçün övladlarının dil, ünsiyyət və öyrənmə bacarıqlarını ev şəraitində inkişaf etdirməyə kömək edən praktik təlim materialları təqdim edir. Burada mürəkkəb metodikalar ailələrin gündəlik istifadəsinə uyğun sadələşdirilmiş formada hazırlanıb, video və yazılı resurslarla dəstəklənib.
Portalın “Autizm haqqında” bölməsində autizmin mahiyyəti, erkən əlamətləri, diaqnostika və digər mövzular barədə ətraflı məlumatlar video və yazılı materiallar vasitəsilə təqdim olunur. Təlim Proqramları bölməsində isə on müxtəlif istiqamət üzrə hazırlanmış resurslar autizmli uşaqlara gündəlik həyat, ünsiyyət və öyrənmə bacarıqlarının praktik şəkildə öyrədilməsinə dəstək verir. Bütün materialların həm video, həm də mətn formatında təqdim edilməsi onların daha rahat mənimsənilməsinə və praktik tətbiqinə imkan yaradır.
Portalın inkişafı çərçivəsində 2025-ci ildə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi çərçivəsində həyata keçirilən “Evdə Təhsilə Cəlb Olunan Xüsusi Qayğıya Ehtiyacı Olan Şagirdlərin və Onların Ailələrinin Dəstəklənməsi” layihəsi əsasında Evdə Təhsil Resurs Mərkəzi istifadəyə verilib.
Resurs Mərkəzi evdə təhsil prosesini dəstəkləyən metodik materialları video və PDF formatında istifadəçilərə təqdim edir. Burada motivasiya sistemləri, davranış kontraktları, “Touch Math” xüsusi riyazi hesablama üsulu, fəaliyyət cədvəlləri, fürsət tədris metodu və digər praktik mövzular üzrə hazırlanmış resurslar ailələrin, müəllimlərin və mütəxəssislərin gündəlik fəaliyyətində istifadə edə biləcəyi formada təqdim olunur. Video və yazılı materialların birlikdə təqdim edilməsi öyrənmə prosesini asanlaşdırır və biliklərin praktik tətbiqini dəstəkləyir.
Bu gün Autizm Portalı autizm sahəsində Azərbaycan dilində ən geniş rəqəmsal resurslardan biri olaraq mütəxəssislərin, müəllimlərin və valideynlərin bilik və bacarıqlarının artırılmasına, ailələrin düzgün istiqamətləndirilməsinə və inklüziv təhsilin inkişafına töhfə verməyə davam edir.