Bu gün ali məktəblərin boş yerlərinə ixtisas seçimi BAŞLAYIR

Bu gündən ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinə ixtisas seçimi başlayır.

Oxu.Az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına görə, boş qalan yerlərə ixtisas seçimi sentyabrın 4-dən 9-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı, orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər.
Ali təhsil müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı “Abituriyent” jurnalının 7-ci sayında nəşr olunub.
Jurnalda, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, ali təhsil müəssisələrinin boş qalan yerləri olan ixtisaslar, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu və digər zəruri məlumatlar təqdim olunub.

Dövlət İmtahan Mərkəzi avqustun 30-da 2023/2024-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib.
DİM-in məlumatına görə, bu il ali məktəblərə ilkin yerləşdirmədə 51 941 nəfər (o cümlədən 6 592 subbakalavr) tələbə adı qazanıb. 24 594 (o cümlədən 1 389 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 27 347 (o cümlədən 5 203 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. Ali təhsil müəssisələrinin qəbul planı 93,94% dolub. 

Plan yerləri ən çox II ixtisas qrupunda dolub (98,35%).

III qrupda plan yerləri 93,74%, IV qrupda 94,36% və ə V qrupda 91,19% dolub.

İlk mərhələdən sonra I ixtisas qrupu üzrə 1 557, II ixtisas qrupu üzrə 217, III ixtisas qrupu üzrə 994, IV ixtisas qrupu üzrə 231, V ixtisas qrupu üzrə isə 350 plan yeri boş qalıb.