Soçi görüşü böyük irəliləyişlərə səbəb olacaq

Soçi görüşü böyük irəliləyişlərə səbəb olacaq


Bildiyimiz kimi noyabr ayının 26-da Soçidə Rusiya prezidenti Vladimir Putin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş baş tutdu. Üçtərəfli görüşdən əvvəl Vladimir Putinlə İlham Əliyev arasında keçirilən ikitərəfli görüşdə hər iki dövlət başçısı Rusiya ilə Azərbaycan arasında bu cür münasibətlərin çox yüksək səviyyədə olduğunu, həm siyasi, həm də iqtisadi əlaqələrin dinamik şəkildə inkişaf etdiyini qeyd etdilər.

Cənab Putinin çıxışında Azərbaycanla münasibətlərə çox böyük önəm verilir, Azərbaycan Prezidetinin Rusiya-Azərbaycan münasibətlərində həyata keçirdiyi tədbirlər, görülən işlər yüksək qiymətləndirilir və hətta Rusiya Federasiyasının prezidenti bununla əlaqədar Azərbaycan rəhbərinə öz minnətdarlığını ifadə etmiş olur, əlbəttə ki, bu da qürur doğuran bir məsələdir və reallıqları əks etdirir. Həqiqətən də Azərbaycan Prezidenti cənab İlham Əliyevin düşünülmüş siyasəti sayəsində son illər Azərbaycan-Rusiya münasibətləri strateji bir mərhələyə daxil olub və son görüşlər, qəbul olunmuş bəyanatlar, son çıxışlar da bunu bir daha göstərir. Çünki, hər iki dövlət arasında ikitərəfli əlaqələr, qarşılıqlı maraqlar əsasında qurulub və demək olar ki, bütün sahələri, iqtisadiyyatı, ticarəti, mədəniyyəti, nəqliyyatı, elmi və digər sahələri əhatə edir. Bu, görüşdə səsləndirilən ifadələrdə də öz əksini tapdı və əlbəttə ki, bizim hər birimiz Rusiya-Azərbaycan münasibətlərinin daha da genişləndirilməsinə, qarşılıqlı əməkədaşlığın möhkəmləndirilməsinə tərəfdarıq. Çünki, Rusiya bizimlə qonşu dövlətdir, dünyada öz mövqeyi, öz yeri olan bir ölkədir və sevindirici haldır ki, 44 günlük müharibədə Rusiya tərəf kimi özünü göstərmədi və bu dövrdə bir növ həqiqətin, ədalətin yanında olduğunu, işğal altında olan torpaqların, Azərbaycan əraziləri olduğunu bildirdi və müharibəni Azərbaycanın daxili işi kimi qiymətləndirdi. Əlbəttə ki, bu müsbət bir haldır və müharibənin daha geniş yayılmaması üçün Rusiya özünün bir humanist təşəbbüsünü irəli sürdü və 44 günlük müharibə noyabr ayının 10-da dayandırıldı, məlum olduğu kimi 10 noyabr bəyanatı qəbul edildi. Ondan sonra da Rusiya sülhməramlılarının ərazilərdə gördüyü iş Putinin, eləcə də cənab İlham Əliyevin çıxışlarında qiymətləndirildi və bundan sonra da sülhməramlı tədbirlərin həyata keçirilməsi gündəmə gətirildi.

Soçi görüşü, səsləndirildiyi kimi, bizim üçün əhəmiyyətlidir və elə bilirəm ki, bu görüşdə qəbul olunmuş bəyanatın müddəaları tez bir zamanda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyəti və möhkəm iradəsi sayəsində həyata keçiriləcək.

Nəbi Hacıyev, YAP Sabunçu rayon təşkilatının məsləhətçisi