Hesablamalar yanlış çıxdı: Okean səviyyəsi ölçüləndən 30 sm daha yüksəkdir
06-mar, 08:07 9 Dünya
Niderlanddakı Vageningen Universitetinin alimləri apardıqları araşdırma nəticəsində müəyyən ediblər ki, dünya okeanının səviyyəsi əvvəl hesab ediləndən daha yüksək ola bilər.
Oxu.Az xəbər verir ki, tədqiqatın nəticələri "Nature" jurnalında dərc olunub.
Araşdırmanın müəllifləri - doktor Filip Minderhoud və onun aspirantı Katarina Zinger 385 elmi və rəy verilmiş nəşri təhlil ediblər. Onlar müəyyən ediblər ki, bu tədqiqatların 90%-dən çoxunda dəniz səviyyəsinin yerli və birbaşa ölçmələrindən istifadə olunmayıb.
Araşdırma nəticəsində məlum olub ki, okeanın səviyyəsi orta hesabla 24-27 sm aşağı göstərilib, bəzi hallarda isə fərq 550-760 sm-ə qədər çatıb. Bu fərqlərin əsas səbəbi ondan ibarətdir ki, alimlərin əksəriyyəti araşdırmalarında yalnız Yer kürəsinin cazibə qüvvəsi və fırlanmasına əsaslanan geodinamik modellərdən istifadə ediblər.
Lakin əslində dəniz səviyyəsinə bir sıra əlavə amillər də təsir göstərir. Bunlara külək, okean axınları, suyun temperaturu və duzluluğu daxildir.
Araşdırmaya görə, orta hesabla dəniz səviyyəsi 30 sm daha yüksəkdir. Bəzi regionlarda, o cümlədən Cənub-Şərqi Asiya və Hind-Sakit okean bölgəsində isə bu fərq 100-150 sm-ə qədər çatır.
BMT-nin İqlim Dəyişmələri üzrə Hökumətlərarası Ekspertlər Qrupunun qiymətləndirməsinə görə, 2100-cü ilə qədər dəniz səviyyəsi 28-100 sm arta bilər.





