“Ölüm gəmisi”ndən enib toya getdi

olum-gemisinden-enib-toya-getdi
Hantavirus halları ilə gündəmə gələn gəmidə olduğunu açıqlayan məşhur türkiyəli yutuber Ruhi Çenet bu dəfə İstanbulda qatıldığı toy mərasimi ilə diqqət çəkib.
“Qafqazinfo” xəbər verir ki, Atlantik okeanında araşdırma səfəri həyata keçirən və sonradan hantavirus səbəbilə ölüm hallarının qeydə alındığı gəmidə bir müddət olduğunu bildirən Çenetin bu yaxınlarda İstanbulun Çatalca rayonunun Binkılıç məhəlləsində keçirilən toyda iştirak etdiyi ortaya çıxıb.
Məhəllə muxtarı Nazan Kurtan sosial media hesabında Ruhi Çenetlə çəkdirdiyi şəkli paylaşaraq məşhur kontent yaradıcısı ilə toyda söhbət etdiklərini bildirib. Hantavirusla bağlı xəbərlərdən sonra həmin görüntülər sosial mediada geniş müzakirələrə səbəb olub.
Ruhi Çenet daha əvvəl paylaşdığı videoda Argentinadan yola çıxan tədqiqat gəmisində təxminən bir ay qaldığını açıqlamışdı. O bildirib ki, əvvəlcə gəmidə baş verən ölümlərin ağır okean şəraiti ilə əlaqəli olduğunu düşünüb. Lakin sonradan gəmidə gəmiricilər vasitəsilə yayılan hantavirusun olduğu müəyyən edilib.
Çenet açıqlamasında qeyd edib ki, səfərin 24-cü günündə gəmidən ayrılıb. Onun sözlərinə görə, gəmidən endikdən bir gün sonra həyatını itirən şəxsin həyat yoldaşı da ölüb, daha sonra üçüncü ölüm hadisəsi qeydə alınıb və bundan sonra hantavirus şübhəsi ortaya çıxıb.
Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom Qebreyesus isə Argentinadan yola düşən gəmidə qeydə alınan 8 hadisədən 5-də hantavirusun təsdiqləndiyini, digər 3 hadisənin isə araşdırıldığını açıqlayıb.