76 ilin iqlim rekordu qırıla bilər - “El Nino” ilə bağlı xəbərdarlıq

76-ilin-iqlim-rekordu-qirila-biler
Tropik Sakit Okeanda təsirini artıran güclü “El Nino” iqlim hadisəsi dəniz səthinin temperaturunu rekord səviyyələrə çatdırıb. Mütəxəssislər qarşıdakı payız və qış aylarında hadisənin “çox güclü” ola biləcəyi barədə xəbərdarlıq edirlər. “El Nino” göstəricilərinin ölçüldüyü bölgədə okean səthinin temperaturunun normadan 3,4 dərəcə yüksək olduğu bildirilir.
“Qafqazinfo” xəbər verir ki, ABŞ Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) proqnozuna görə, bu payız və qışda “çox güclü” “El Nino” hadisəsinin baş vermə ehtimalı 90 faizdir.
Hadisənin 1950-ci ildən bəri ən güclü “El Nino”lardan birinə çevrilməsi ehtimalı isə 75 faiz qiymətləndirilir.
BMT-nin Uşaq Fondu (UNICEF) “El Nino”nun quraqlıq və ya həddindən artıq yağışlara səbəb ola biləcəyi bölgələrdə 347 milyondan çox uşağın yaşadığını açıqlayıb.
UNICEF-in icraçı direktoru Ketrin Rassel su çatışmazlığı, qidalanma problemləri və xəstəliklərin yayılması riskinin artacağını bildirərək təcili tədbirlərin vacibliyini vurğulayıb.
Çikaqo Universitetinin İqlim Təsirləri Laboratoriyası “El Nino”nun qlobal orta temperaturu artıracağını və bunun nəticəsində istidən qaynaqlanan yüz minlərlə ölümün baş verə biləcəyini proqnozlaşdırır.
“El Nino” ekvator yaxınlığında küləklərin zəifləməsi və Şərqi Sakit Okeanda soyuq suyun səthə qalxmasının azalması nəticəsində yaranan təbii iqlim hadisəsidir. Bu proses qlobal temperaturun yüksəlməsinə və müxtəlif bölgələrdə hava şəraitinin kəskin dəyişməsinə səbəb ola bilər.
Mütəxəssislər bəzi ərazilərdə quraqlıq, digərlərində isə güclü yağış və daşqınların müşahidə ediləcəyini bildirirlər. Bunun kənd təsərrüfatına və təchizat zəncirlərinə mənfi təsir göstərərək düyü, qəhvə və kakao kimi məhsulların qiymətlərini artıracağı ehtimal olunur.
Sakit Okeandakı yüksək temperaturun Havay adaları istiqamətində tropik sistemlərin güclənməsinə təsir etdiyi, Kaliforniya sahillərində isə qeyri-adi dəniz canlılarının müşahidə olunduğu bildirilir.