Suriyanın yeni “yol xəritəsi”
11-dek, 09:20 7 DünyaSuriyanın yeni hakimiyyəti daxili siyasətə dair genişmiqyaslı islahatları əhatə edən “yol xəritəsi” hazırlamağı planlaşdırır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.
Bildirilib ki, bu “yol xəritəsi” əhali siyahıyaalınmasını, yeni Konstitusiyanın hazırlanmasını və azad seçkilərin keçirilməsini nəzərdə tutur.
“İndi yeni Suriyanın qurulmasının növbəsi gəlib. Müvəqqəti idarəetmənin qurulmasından sonra “yol xəritəsi” açıqlanacaq. Yeni konstitusiyanın hazırlanması prosesi, əhali siyahıyaalınması və azad seçkilərin keçirilməsi kimi mərhələlərə keçiləcək”, - deyə nəşr yazıb.
Xatırladaq ki, noyabrın 27-də silahlı müxalifət qruplaşmaları Hələb və İdlib əyalətlərində Suriya ordusunun mövqelərinə qarşı genişmiqyaslı hücuma keçib. Dekabrın 7-də onlar bir neçə böyük şəhəri (Hələb, Həma, Dəraa və Homs) ələ keçiriblər, dekabrın 8-də Dəməşqə daxil olublar, Suriya hökumət qüvvələrinin bölmələri şəhəri tərk ediblər. Suriya hökumətinin başçısı Məhəmməd Qazi əl-Cəlali respublikada hakimiyyətin sülh yolu ilə təhvil verilməsinə hazır olduğunu bildirib.
Daha sonra Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edib ki, Bəşər Əsəd Suriya Prezidenti vəzifəsindən istefa verib və hakimiyyətin sülh yolu ilə ötürülməsi barədə göstəriş verərək ölkəni tərk edib.