Heydər Əliyev yol infrastrukturunun inkişafına qayğı ilə yanaşırdı
12-dek, 12:00 152 Gündəm / Siyasət / Cəmiyyət"Ümummilli lider Heydər Əliyevin “Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir” fikri Azərbaycanın dövlət başçısının yol təsərrüfatının inkişafına nə qədər böyük önəm verdiyini bir daha təsdiqləyir."
Müasir Azərbaycan dövlətçiliyinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin həyatı, siyasi və idarəçilik fəaliyyəti çağdaş tariximizdə müstəsna yer tutur. Azərbaycan tarixinin ən şanlı səhifələrini yazmış Heydər Əliyevin keçdiyi həyat yolu, müasir və gələcək nəsillərə miras qoyduğu mənəvi irsi misilsiz sərvət, əvəzsiz nümunədir. Azərbaycan xalqının tarixinə və taleyinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi ulu öndər Azərbaycanın tərəqqi və inkişaf yolunu dahiliklə müəyyənləşdirmiş, milli-mənəvi dəyərlərimizin, müstəqil dövlətçiliyimizin konseptual əsaslarını işləyib hazırlamış, milli ideologiyanın yüksəlişinə təkan vermişdir. Azərbaycanın müasir siyasi tarixinin və çağdaş həyatının təxminən son 48 ili ulu öndərimiz Heydər Əliyevin çoxşaxəli fəaliyyəti ilə bağlıdır.
zərbaycanın yenidən müstəqillik əldə etməsindən ötən illər ərzində respublikamız Avropaya və dünya birliyinə inteqrasiya yolunda inamla irəliləyərək beynəlxalq aləmdə mövqelərini daha da möhkəmləndirmişdir. Hazırda müstəqil dövlətimiz beynəlxalq münasibətlər sisteminin fəal üzvlərindən biridir. Qürurla deyə bilərik ki, Azərbaycan mülki cəmiyyət, hüquqi, demokratik və sivil dövlət prinsiplərini müvəffəqiyyətlə həyata keçirən və demokratikləşmə prosesinin dönməz xarakter aldığı bir ölkə kimi tanınıb. Dünyanın inkişaf etmiş dövlətlərinin Azərbaycanla hərtərəfli əməkdaşlığına maraq artmış, iri infrastruktur layihələrin həyata keçirilməsində ölkəmizin zəngin təcrübəsi beynəlxalq aləmdə örnək olmuşdur.
Azərbaycanın xarici siyasət sahəsindəki uğurları da uzaqgörən, mühüm əhəmiyyət kəsb edən tədbirlərin həyata keçirilməsinin nəticəsidir. Ölkəmiz müstəqil dövlət kimi mövcud olduğu qısa müddət ərzində iqtisadi, siyasi və mədəni sahələrdə böyük irəliləyişlərə nail olmuş, iqtisadiyyatdakı geriləmə və tənəzzülün qarşısı alınmış, insanların həyat tərzi getdikcə yaxşılaşmış, xalqı narahat edən işsizlik problemi tədricən aradan qaldırılmış, əhalinin sosial rifah halı yaxşılaşmışdır. Bu gün qazandığımız bütün bu nailiyyətlərin, uğurların əsası ümummilli lider, dünya şöhrətli siyasi xadim Heydər Əliyev tərəfindən qoyulub. Azərbaycanın müstəqilliyinin əbədiyyətə çevrilməsi, dünya birliyində özünəməxsus layiqli yer tutması, sürətli iqtisadi inkişaf yoluna qədəm qoyması məhz ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır.
Heydər Əliyev siyasi məktəbi zəngin bir xəzinədir. Məhz bu siyasət Azərbaycanı dünya miqyasında tanıdır, daim irəliyə doğru aparır, xalqın həyat səviyyəsini getdikcə yüksəldir. Sevinirik ki, bu gün müstəqil dövlətimizə rəhbərlik məhz bu siyasi məktəbin ən layiqli yetirməsi möhtərəm Prezidentimiz cənab İlham Əliyevə etibar edilib. Əlbəttə, bu, xalqın seçimi, etibarı, inamıdır. Möhtərəm Prezidentimiz ümummilli liderin müəllifi olduğu neft strategiyasının dönməz və ardıcıl həyata keçirilməsində, Azərbaycanın Avropaya və dünya birliyinə uğurlu inteqrasiyasında, müstəqil dövlətimizin beynəlxalq aləmdə mövqelərinin daha da möhkəmləndirilməsində, torpaqlarımızın 20 faizini işğal etmiş Ermənistanın təcavüzkar dövlət kimi tanınmasında bütün bilik və bacarığından istifadə edib.
Fərəhli haldır ki, möhtərəm Prezidentimiz qarşısına qoyduğu vəzifələri layiqincə yerinə yetirir. Son illər Azərbaycanın xarici siyasət sahəsində bir-birinin ardınca uğurlar qazanması da xüsusi qeyd edilməlidir. Bu, bir daha təsdiqləyir ki, müstəqil dövlətimizin xarici siyasəti ulu öndərimizin uzaqgörənliyi sayəsində möhkəm, davamlı özüllər üzərində qurulub. Bu siyasətin layiqincə davam etdirilməsi, cənab Prezidentin düşünülmüş, məntiqli qətiyyətli addımları sayəsində bu gün dünyanın inkişaf etmiş qüdrətli dövlətləri Azərbaycanla hərtərəfli əməkdaşlığa böyük maraq göstərirlər.
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft və Bakı–Tbilisi–Ərzurum qaz kəmərlərinin möhtərəm Prezidentimiz tərəfindən reallaşması və bu kəmərlər vasitəsi ilə Azərbaycanın təbii sərvətlərinin heç bir dövlətin vasitəçiliyi olmadan Avropaya və dünya bazarına çıxarılması Azərbaycanın beynəlxalq aləmdəki mövqelərini daha da möhkəmləndirdi, nüfuzunu yüksəkliklərə qaldırdı. Möhtərəm Prezidentimizin uğurlu diplomatik fəaliyyəti nəticəsində dünyanın bütün ölkələri, habelə tanınmış beynəlxalq qurumları Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Ermənistan– Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Azərbaycan Prezidentinin mövqelərini dəstəkləyərək beynəlxalq hüququn norma və prinsipləri, dövlətlərin ərazi bütövlüyünə toxunulmadan həlli variantına üstünlük verirlər.
Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun artmasından, milli-mənəvi dəyərlərimizin, adət-ənələrimizin daha yaxından tanınmasından söhbət düşəndə bu sahədə xüsusi rolu olan Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın əməyini xüsusi qeyd etmək istərdim. Onun təşkilatçılığı, bilavasitə rəhbərliyi ilə Azərbaycan musiqisi, mədəniyyəti, incəsənəti artıq bütün dünyada tanınır.
Bu günlərdə Bakıda keçirilən Beynəlxalq Muğam festivalı Azərbaycan musiqisini, xüsusilə muğamını beynəlxalq aləmdə daha yaxından tanıtdı. Dünyanın 17 ölkəsindən Bakıya gəlmiş qonaqlar Mehriban xanım Əliyevanın birbaşa himayəsi ilə son illər Azərbaycanda muğam sənətinin qorunması, inkişafı və təbliği sahəsində görülən böyük işlərlə yaxından tanış olmuşlar.
Ulu öndərin siyasi məktəbinin ən layiqli yetirmələri olan möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Mehriban xanım Əliyeva ölkəmizin adının daha yüksəkliklərə qaldırılması üçün bilik və bacarıqlarını əsirgəmirlər. İnanırıq ki, yaxın gələcəkdə Azərbaycan dünyanın inkişaf etmiş ən qüdrətli dövlətləri ilə bir cərgədə olacaq.
Əvəz Qocayev
Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini