Azərbaycanı xoşbəxt gələcəyə aparan lider

Müzəffər Ali Baş Komandan və qüdrətli ordumuz bizi əlçatmaz xəyallarımızın ünvanına - Şuşaya qovuşdurdu

İllərdir ki, bu günü gözləyirdik. Həsrətlə, intizarla, göz yaşları ilə... Şuşa adı gələndə ürəyimiz sızlayırdı. Nə deyəcəyimizi bilmirdik. 30 ildən çox idi ki, Şuşa bizim əlçatmaz xəyallarımızın ünvanına çevrilmişdi. Ölkəmizin gələcəyini Şuşasız, Qarabağsız təsəvvür edə bilməsək də, onun düşməndən xilas edilməsinin çox çətin olduğunu da anlayırdıq. Məsələnin həlli üçün aparılan danışıqlar prosesində yaxından “iştirak edən” bəzi dövlətlərin mövqeyi, aqressiv və təcavüzkar Ermənistanın işğalçılıq siyasətini daha da dərinləşdirmək niyyətlərinin fonunda bəziləri Şuşaya qovuşmağın xəyal olduğunu vurğulayırdılar. Onların fikrincə, Şuşa barədə ümidlərimiz puç, ona qovuşmağımız isə mümkün olmaya bilər.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyindəki qüdrətli Azərbaycan Ordusu noyabrın 8-də məhz bəzilərinin ehtimal belə etmədiklərini reallığa çevirdi – Qafqazın qədim mədəniyyət mərkəzi, Azərbaycanın incisi Şuşa şəhəri düşməndən azad edildi. Dövlətimizin başçısı Şuşanın işğaldan azad edildiyi müjdəsini xalqımıza çatdırdığı an bütün azərbaycanlıların necə sevindiklərini ifadə etməyə söz tapmaq çətindir. Bəzimiz oturduğumuz yerdən dik atılaraq ölkə rəhbərimizi var gücümüzlə alqışladıq, bəzilərimiz “ura!” deyərək qışqırdıq, bəzimiz kövrəldik, bəzimiz isə sevincdən nə edəcəyimizi bilmədik... 1992-ci il mayın 8-dən yaşlı qalan gözlərimiz 30 il yarımdan sonra ilk dəfə 2020-ci il noyabrın 8-də güldü. Daha doğrusu, həm güldü, həm də yenidən göz yaşlarına qərq oldu. Ancaq budəfəki göz yaşları sevinc göz yaşları idi və 30 ilin dərdi bu göz yaşları ilə axıb getdi...

Şuşanın və digər şəhər və kəndlərimizin azad olunduğu günlərdə hər birimizin keçirdiyi fərəh hissi və sevinc göz yaşları əvəzolunmazdır, müqəddəsdir. Bu haqq-ədalət mübarizəsində hər birimiz Prezidentimizə və Ordumuzun qəhrəman zabit və əsgərlərinə cansağlığı və böyük uğurlar arzu edirik.  Prezidentimizin vurğuladığı kimi, bütün şəhidlərimizin intiqamı alındı  və onların qanı yerdə qalmadı. Dövlətimizin başçısının Şuşanın işğaldan azad edilməsi ilə bağlı xəbəri Şəhidlər xiyabanından Azərbaycan xalqına çatdırması da bunu bir daha göstərir. Bu məsələdə Azərbaycan xalqı qətiyyətli, əzmli Prezidentimizin, Müzəffər Ali Baş Komandanın ətrafında yumruq kimi birləşdi.  

Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan, ad günü münasibətilə Sizi, səmimi qəlbdən   təbrik edirəm. Qazandığınız bu zəfərlərə görə Siz əsl sərkərdə  adına layiqsiniz.  Allah  Sizi qorusun!



Rasim müəllim

“TAC” Ticarət Mərkəzinin rəhbəri





Natiq Zabitoğlu
"Ədalət və Qanun" qəzetinin
Baş redaktoru