Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqını və xarici ölkələrdə yaşayan soydaşlarımızı təbrik ed
30-dek, 19:12 181 GündəmTəbrikdə deyilir:
Ümumilli lider, böyük dövlət xadimi Heydər Əliyevin xalqın təkidli tələbi ilə Azərbaycan rəhbərliyinə gəlməsi dövlətin bütün sahələrində dirçəlişə səbəb oldu. Ulu öndərin Zəfər Partiyası – Yeni Azərbaycan Partiyası düz 30 ildir ki, ölkəmizdə gedən demokratik quruculuq və ictimai prosesləri daha da sürətləndirir, çağdaş Azərbaycanı durmadan irəli aparır.
Dövlət siyasətinin əsas istiqamətlərindən biri olan xarici ölkələrdə yaşayan Azərbaycan diasporunun formalaşması, soydaşlarımızın birliyi və təşkilatlanması Ulu öndər Heydər Əliyevin daim diqqət mərkəzində olmuşdur.
Azərbaycan Prezidenti cənab İlham Əliyev diasporla işi prioritet məsələ kimi davamlı olaraq gündəmdə saxlayır. Dövlət başçısının Dünya Azərbaycanlılarının V qurultayını ölkəmizin mədəniyyət paytaxtı Şuşada keçirməsi həmrəyliyimizin əsl nümayişinə çevrildi. Yola saldığımız 2022-ci il ən möhtəşəm hadisələri ilə müasir tariximizin yaddaşına həkk olundu.
Azərbaycan həmkarlar ittifaqı kollektivləri qürur hissi keçirir ki, 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin “Dəmir yumruq” əməliyyatı sayəsində yenilməz Azərbaycan Ordusu tarixi Qələbə çaldı və erməni işğalında olan torpaqlarımız, doğma Qarabağımız azad olundu. Bu şanlı Zəfər cənab İlham Əliyevin siyasi diplomatik gedişlərinin və Ali sərkərdəlik məharətinin əsl təntənəsi idi.
Yeni ildə şanlı Zəfərimizin daha bir təntənəsi xalqımızı sevindirəcək. Qarabağa başlamış “Böyük Qayıdış” daha da sürətləndiriləcək, qarabağlılar doğma torpaqlarına təzə nəfəs verəcək, yenidən xarüqələr yaradacaqlar. Biz çox sevinirik ki, xalqımız müqəddəs arzularına qovuşur. Şübhəsiz, çox keçməyəcək ki, Qarabağ və Şərqi Zəngəzur XXI yüzilliyin ən inkişaf etmiş regionu kimi yenidən dillər əzbəri olacaq.
Ümumilli Lider Heydər Əliyevin misilsiz və müstəsna xidmətləri sayəsində formalaşan və çox böyük inkişaf yolu keçən çağdaş Azərbaycan bu gün Zati-aliləri cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə Yeni ildə daha parlaq və daha firavan gələcəyə doğru inamla irəliləyəcək.
İnanıram ki, Yeni ildə - 2023-cü ildə doğma Vətənimizin nicatı, xalqımızın firavan sabahı ilə bağlı müqəddəs arzu və istəklərimiz çin olacaq.
31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bir daha xalqımızı ürəkdən təbrik edir, xoşbəxt həyat, əmin-amanlıq, açıq səma və bol-bol uğurlar arzulayıram.
Həmrəylik Gününüz və Yeni iliniz mübarək!