Xocalı faciəsi - insanlığa qarşı ən böyük cinayət

Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi yazılıb. 

30 il ötür insanlıq tarixinin ən böyük faciələrindən biri olan Xocalı soyqrımından. 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə, o məşum fevral gecəsi dinc, əliyalın insanlar ən amansız üsullarla qətlə yetirildilər, işgəncələrə məruz qaldılar. Qadın, uşaq, qoca demədən xocalılar qana susamış erməni qatillərinin qurbanına çevrildilər. Tək bir günahları var idi Xocalı məsumlarının – azərbaycanlı, türk, müsəlman olmaları...

Həmin gecə Ermənistan hərbi birləşmələri Rusiyanın 366-cı alayının dəstəyi və iştirakı ilə Xocalı şəhərində soyqırım və terror aktı həyata keçirdi. Xocalı soyqırımı zamanı 613 nəfər ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil.

31  il bizlər – azərbaycanlılar, Xocalıda şəhid edilən məsumların soydaşları ürəyimizdən qara qanlar axaraq, başımız köksümüzdə qeyd etdik faciəmizin, ağrımızın ildönümünü. Lakin...

 27 sentyabr 2020-ci ildə Azəbaycan ordusu Ali Baş Komandanımızın tapşırığı ilə Ermənistan silahlı qüvvələrinin növbəti təxribatlarına cavab olaraq düşmənin cəzalandırılması, sülhə məcburetmə hərəkatına başladı. 44 günlük şərəfli döyüş əməliyyatları ilə Azərbaycan əsgəri qanı, canı bahasına tariximizin ən şərəfli səhifələrindən birini yazdı. 30 ilə yaxın bir dövrdə işğal altında qalan ərazilərimiz azad edildi, ərazi bütövlüyümüz, dövlət suverenliyimiz təmin olundu, başımız dikəldi, Xocalı şəhidlərimizin, günahsız məsumlarımızın – körpələrin, qadınların, qocaların qisası alındı, ruhları dincəldi...

Bəli, bu gün biz Ədiyyə işçiləri olaraq qürur və fəxr hissi ilə bütün xocalı şəhidlərimizi qürurla yad edə bilirik... Bu gün biz bütün dünyaya qürurlu, şərəfli xalq olduğumuzu sübut edə bildik... Bu gün Qarabağ səmasında Azərbaycan bayrağı ilə yanaşı Xocalıda həlak olan şəhidlərimizin sakit ruhu dolanır...

Bütün şəhidlərimizin ruhu şad olsun, Azərbaycan dövləti, Ali baş Komandanımızın rəhbərliyi altında Azərbaycan əsgəri şəhidlərimizin qanını yerdə qoymadı, onların qısası alındı...


Cəmaləddin Rüstəmov

Sumayıt şəhər 4 saylı notariat ofisinin notariusu