Vladimir Fesenko: “Müharibə daha da şiddətlənəcək və Ukrayna onu Rusiya ərazisinə keçirəcək”
22-fev, 11:46 159 Gündəm“Müharibə ukraynalıların əhvali-ruhiyyəsini kökündən dəyişdi. Çoxları başa düşürlər ki, mübarizəni davam etdirməkdən başqa çıxış yolu yoxdur. Əlbəttə, hər kəs döyüşə bilməz və döyüşməyə hazır deyil, amma Rusiyanın tərəfində olanlar, sadəcə olaraq, ortalıqda görünmürlər. Ümumiyyətlə isə, Rusiyanın tərəfində olanların sayı hələ müharibədən əvvəl də çox deyildi”.
Bu sözləri Oxu.Az-a açıqlamasında tanınmış ukraynalı politoloq, “Penta” Tətbiqi Siyasi Araşdırmalar Mərkəzinin idarə heyətinin sədri Vladimir Fesenko deyib.
Fikrinin davamında ukraynalı ekspert qeyd edib ki, döyüşlərin bitməsini istəyən insanlar var, lakin bu şəxslər də yaxşı bilirlər ki, Rusiya ilə əldə edilən barışıq müharibənin sonu demək deyil.
“Biz bütün bunları Minsk razılaşmaları zamanı görmüşük”, - V.Fesenko vurğulayıb.
Politoloq Rusiya tərəfinin nüvə hədələrinə də toxunub:
“Nüvə hücumundan sonra insanların baş verən hadisəyə necə reaksiya verəcəklərini heç kim deyə bilməz. Lakin Ukraynanın siyasi cameəsinin, cəmiyyətin fəal hissəsinin mövqeyi ondan ibarətdir ki, bizim başqa çıxış yolumuz yoxdur və Ukrayna müqavimətini davam etdirməlidir. Nüvə silahından istifadə ehtimalından danışdıqda isə onlar taktiki nüvə silahından istifadəni nəzərdə tuturlar. Amma bu, hərbi vəziyyətin dəyişməsinə səbəb olmayacaq. Hədəfə məruz qalacaq ərazi məhduddursa, onu harada istifadə etmək olar? Cəbhədə? Bu axı həmçinin özününkülərə zərbə endirmək olacaq. Ondansa yüksək dəqiqliyə malik qeyri-nüvə silahları daha faydalı ola bilər.
Kiyevə döyüş başlığı atılacaqmı? Bu elə bir rezonans yaradar ki, Rusiya Federasiyası rəhbərliyinin müharibədə öz simasını hansısa formada da olsa qoruyub-saxlamaq şanslarını da sıfıra endirər. Və ən əsası, Ukraynaya qarşı taktiki nüvə silahından istifadə cəhdi ölkəmiz üçün bütün maneələri aradan qaldıracaq. Müharibə daha şiddətli xarakter alacaq və Ukrayna mümkün olan bütün vasitələrdən, formalardan istifadə edib müharibəni Rusiyanın ərazisinə keçirəcək. İndi bu, hələ ki cavab atəşi olan sərhədyanı ərazilərdə baş verir. Amma nüvə silahının mümkün istifadəsindən sonra heç bir istisna olmayacaq, müharibə müxtəlif forma və üsullarla Rusiya Federasiyasının ərazisinə keçəcək”.
Siyasi ekspert NATO ölkələri tərəfindən Ukrayna üçün hazırlanması nəzərdə tutulan təhlükəsizlik zəmanəti layihəsinə də toxunub.
Qeyd edək ki, bir neçə gün bundan əvvəl, Münhen Konfransında iştirak edən Böyük Britaniyanın Baş naziri Rişi Sunak bəyan edib ki, NATO cari ilin iyul ayına qədər Ukrayna üçün təhlükəsizlik zəmanəti layihəsinin hazırlanmasını başa çatdırmalıdır.
Vladimir Fesenko bildirib ki, təhlükəsizlik zəmanəti Ukrayna üçün çox vacibdir və bu məsələnin təşəbbüskarı rəsmi Kiyev olub:
“Hələ ötən il, müharibədən sonrakı dövrdə Ukrayna üçün təhlükəsizlik təminatları layihəsi hazırlanıb. Söhbət müxtəlif formatlardan gedir. Məsələn, ayrı-ayrı ölkələrlə bağlanan ikitərəfli müqavilələr zamanı üçüncü ölkə tərəfindən hücuma məruz qalarkən təhlükəsizliyimizə zəmanət verilməsi. Ümumilikdə bu hazırda mövcud olan reaksiyadır: hücum edən tərəfə qarşı sanksiyalar, Ukraynaya silah dəstəyi, iqtisadi və maliyyə yardımları. Amma Ukraynanın tərəfində döyüşməkdən söhbət gedə bilməz.
Kiyevin ideyası imzalanacaq müqavilə əsasında Avropada yeni təhlükəsizlik arxitekturası inşa etdirməkdir. Bu, hücum silahlarının, adi silahların sayının məhdudlaşdırılmasına da aid edilə bilər. Bu, hələlik diskussiya mövzusudur. Amma mən əminliklə deyə bilərəm ki, Ukraynanın təhlükəsizliyi amili üzərində artıq iş aparılır. Bu isə ölkəmizin tez bir zamanda Rusiya ilə yeni müharibədən qoruyacaq NATO-ya üzv qəbul edilməsidir. Bu, bizim təhlükəsizliyimizin təminatıdır. Kiyev də fəaliyyətini məhz bu istiqamət üzrə qurub. Və bu mövzu tərəfdaşlarımızla fəal müzakirə olunur. Eyni zamanda, məlumdur ki, bu məsələ müharibədən sonra həll olunacaq”.
Nair Əliyev