ANA DİLİ: MİLLƏTİN KİMLİYİ VƏ VARLIĞI


Dil, insan cəmiyyətinin fundamental ünsiyyət vasitələrindən biridir. O, yalnız məlumat ötürmək aləti deyil, həm də mədəniyyətin, tarixinin və milli kimliyin daşıyıcısıdır. Hər bir xalq üçün ana dili onun keçmişinin, bugününün və gələcəyinin aynasıdır. 

Dil nədir. Dil, sadəcə, sözlər və qrammatik qaydalar toplusu deyil. Dil həm də insanların düşüncə tərzini, duyğularını, dünyagörüşünü əks etdirən kompleks bir sistemdir. Dil insanların cəmiyyətdə qarşılıqlı anlaşmasını təmin edən, simvolik və strukturlu ünsiyyət vasitəsidir. Dil, insan sivilizasiyasının əsas sütunlarından biridir. O, yalnız ünsiyyət vasitəsi deyil, həm də milli kimliyin, mədəni irsin və kollektiv yaddaşın daşıyıcısıdır. Hər bir xalqın dili onun tarixinin, dünyagörüşünün və sosial münasibətlərinin aynasıdır.

Dil, eyni zamanda, mənsub olduğu xalqın mədəniyyət daşıyıcısıdır. Hər bir dil özündə xalqın tarixini, adət-ənənələrini, folklorunu və sosial-mədəni kodlarını saxlayır. Məsələn, qədim Azərbaycan ədəbiyyatı və poeziyası milli düşüncə tərzinin formalaşmasında mühüm rol oynamışdır. Dil olmadan xalqın mədəni irsi yalnız qismən qorunmuş sayılır. Xalqın mövcudluğu, onun tarixi keçmişinin, identikliyinin qorunması birbaşa dilə məxsusdur. Xalqın tarixi inkişafında dilin mühüm rolu vardır. Bu da özünü aşağıdakı istiqamətlərdə göstərir:

1.Milli kimliyin formalaşmasında. Ana dili, bir xalqın özünü tanımasının əsas vasitəsidir. Dil olmadan xalq öz kimliyini, dəyərlərini və ənənələrini qoruyub saxlaya bilməz. Tarix boyunca müxtəlif xalqlar, işğal və assimilyasiya siyasətləri nəticəsində dil itkisindən əziyyət çəkmiş, bununla da milli kimliklərinə zərbə vurulmuşdur. Buna misal olaraq Azərbaycanda Sovet dövründə rus dilinin dominantlığı, lakin Azərbaycan dilinin qorunub saxlanması göstərilə bilər.

2.Təhsil və maarifləndirmədə. Ana dilində təhsil, uşaqların intellektual və emosional inkişafı üçün vacibdir. Psixoloqların araşdırmalarına görə, uşaqlar öz ana dillərində təhsil aldıqda həm öyrənmə prosesləri sürətlənir, həm də mədəni və mənəvi bağlılıq güclənir.

3.Mədəni irsin qorunmasında. Dil folklor, poeziya, musiqi və digər mədəniyyət formalarının əsasını təşkil edir. Hər dil öz xalqının düşüncə və ifadə tərzini daşıyır. Dil yox olarsa, həmin xalqın mədəni irsi də tədricən unudulur.

4.Siyasi və sosial sabitlik üçün. Dil hüquqlarının qorunması, xalqın sosial ədalət və demokratik hüquqlarının təmin olunması ilə sıx bağlıdır. Xalq öz dilində təhsil almaq, dövlət orqanlarında ünsiyyət qurmaq və mədəni fəaliyyətlərdə iştirak etmək imkanına malik olduqda, həm milli həmrəyliyi, həm də sosial stabilliyi güclənir.

Beynəlxalq Ana Dili Günü 1999-cu ildən BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı – UNESCO tərəfindən rəsmi olaraq qəbul edilmişdir. Beynəlxalq Ana Dili Günü hər il 21 fevral tarixində qeyd olunur və dilin qorunmasının, dil hüquqlarının və dil müxtəlifliyinin əhəmiyyətini dünyaya xatırladır. Bu günün yaranması 1952-ci ildə Banqladeşdə baş vermiş fədakarlıq aktları ilə sıx bağlıdır. Burada insanların öz ana dillərində təhsil almaq hüququ uğrunda mübarizəsi tarixə çevrilmişdir.

Bu günün əsas məqsədləri:

  • Dil müxtəlifliyini qorumaq və inkişaf etdirmək.
  • Ana dilində təhsilin əhəmiyyətini vurğulamaq.
  • Sərhədləri aşan dil hüquqları və mədəni dialoqu təşviq etmək.

Bu gün həm də xalqları və mədəniyyətləri birləşdirən bir vasitədir. Dilin qorunması yalnız milli məsələ deyil, həm də qlobal mədəni müxtəlifliyin qorunmasıdır.

Dil xalqın tarixini, mədəniyyətini, kimliyini və gələcəyini müəyyən edən ən vacib amillərdən biridir. Ana dilinin qorunması, təkcə bir dilin yaşaması deyil, həm də xalqın mədəni irsinin, təhsil imkanlarının və milli kimliyinin qorunması deməkdir. Beynəlxalq Ana Dili Günü isə hər birimizin, xüsusilə də gənc nəsillərin, ana dilinə hörmət və sevgi hissini artırmaq üçün mühüm bir simvoldur.

Dil bir xalq üçün təkcə ünsiyyət vasitəsi deyil, həm də tarix, mədəniyyət və gələcəyin körpüsüdür. Ona görə də hər bir xalq, öz ana dilini qorumaq və inkişaf etdirmək missiyasını ciddi şəkildə yerinə yetirməlidir. Dil öz daşıyıcılarının düşüncə tərzini, sosial münasibətləri və mədəni kodları formalaşdırır.

Dil funksiyalarına görə:

  1. Ünsiyyət funksiyası – insanları bir-biri ilə əlaqələndirir.
  2. Mədəni funksiyası – xalqın mədəni irsini qoruyur.
  3. Tarixi funksiyası – keçmişin izlərini, tarixi təcrübələri saxlayır.
  4. Psixoloji və identifikasiya funksiyası – milli kimliyin formalaşmasında rol oynayır.

Hər bir dilin özünəməxsus fonetikası, leksikası, sintaksisi, morfologiyası və metaforik sistemi var ki, bu da düşüncə tərzinə birbaşa təsir edir. Məsələn, Azərbaycan dili özündə zəngin xalq poeziyası, söz oyunları və atalar sözləri vasitəsilə milli düşüncə tərzini əks etdirir.

Xalqın, dövlətin inkişafında dilin, dilin inkişafında xalqın vı dövlətin əvəzedilməz rolu vardır və bu, əsasən, aşağıdakı sahələri əhatə edir:

1.Milli kimlik və sosial birləşmə. Ana dili, bir xalqın özünü tanımasının və özünəinamının əsas vasitəsidir. Dil olmadan milli kimlik zəifləyir və assimilyasiya təhlükəsi yaranır. Tarixi misallarda görmək olar ki, işğal və assimilyasiya siyasətləri nəticəsində dillərin itirilməsi, eyni zamanda xalqın mədəni və sosial strukturunun zəifləməsinə səbəb olub.

2.Təhsil və intellektual inkişaf. Ana dilində təhsil uşaqların biliyinin, yaradıcılığının və analitik bacarıqlarının inkişafında əhəmiyyətli rol oynayır. Elmi tədqiqatlar göstərir ki, uşaqlar öz ana dillərində öyrəndikdə daha dərin anlayış qazanır və həmçinin öz mədəni kimliklərini daha yaxşı qavraya bilirlər.

        3.Mədəni irs və milli yadigar. Hər bir dil xalqın musiqisini, poeziyasını, folklore və adət-ənənəsini qoruyur. Dilin yox olması həmin mədəni irsin tədricən yox olmasına gətirib çıxarır. Məsələn; qədim dillər və nəsillərarası ünsiyyət formaları olmadan xalqın folkloru və poeziyası zamanla unudula bilər.

4.Siyasi və sosial stabillik. Dil hüquqlarının qorunması demokratik cəmiyyətlərin əsas göstəricilərindən biridir. İnsanlar öz ana dillərində təhsil ala, dövlət orqanlarında iştirak edə və mədəni həyatda fəal rol oynaya bildikdə, sosial sabitlik və milli həmrəylik güclənir.

5.Müasir dövrdə dilin statusu və qloballaşmanın dilə təsiri. Qloballaşma və texnologiya dövründə dillər yeni təzyiqlərlə üzləşir. İngilis dili kimi qlobal dillərin üstünlüyü nəticəsində bir çox kiçik dillər risk altına düşür. UNESCO-nun məlumatına görə, dünyada danışılan dillərin təxminən 40%-i yox olma təhlükəsi ilə üzləşir. Təqribən 2-3 həftədə bir dilin yox olması təhlükəsi vardır.

Çağdaş dövrdə texnologiyanın dilə təsiri həm müsbət, həm də mənfi ola bilər:

1)Müsbət tərəfi: İnternet və sosial media vasitəsilə dil və mədəniyyət daha geniş kütlələrə çatdırıla bilir.

       2)Mənfi tərəfi: Qlobal dillərin üstünlüyü yerli dillərin istifadəsini azaldır və nəticədə mədəni homogenlik yaranır.Majoritar dillər minoritar dillərin sıradan çıxmasına səbəb olur.

Bu səbəbdən, ana dilinin qorunması üçün dövlət siyasəti, təhsil sistemləri və ictimai təşəbbüslər mühüm rol oynayır. Azərbaycanda, məsələn, dövlət səviyyəsində Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi üçün qanunvericilik və təhsil proqramları mövcuddur. Dövlət siyasətinin ən mühüm məsələlərindən biri elə dövlətin dil siyasətidir. Hər kəsə məlumdur ki, bir dövlətin dövlət olması üçün milli dilin qanunlar çərçivəsində dövlət dili statusu kimi qəbul edilməsi, qorunması, inkişaf etdirilməsi vacibdir.

Azərbaycanda dil haqqında yazılmış bütün nümunələr hər zaman dil haqqında bizə onu demişdir ki, bir xalqın dili varsa, onu məhv etmək mümkün deyil. Aqillər ona görə demişlər ki, bir xalqı məhv etmək istəyirsənsə, onun dilini məhv etmək lazımdır, var-dövlətini, hər şeyini əlindən alsan da, o xalq yaşayacaq, dilini əlindən alsan az müddət ərzində məhv olacaq. Una görə bizim görkəmli şəxsiyyətlərimiz hər zaman dilə önəm vermiş, yazdıqları əsərlərlə gənclərə öz dilini sevməyi tövsiyə etmişlər. İstər Nizami, Füzuli, Nəsimi, Xətayi, Mirzə Cəlil, Sabir, T.Bayram, M.Şəhriyar, B.Vahabzadə, M.Araz və yüzlərlə başqalarının ana dili ilə bağlı dərin məzmunlu şeirləri var. Məsələn: 

1)Mənim dilim məğrur baxmış
 oxların qanlı ucuna.
 Baş əyməmiş fatehlərin
 qılıncına, qırmancına!
 Baş əyməmiş! Baş əyməyir!.. Əyməyəcək

Kim qorumur öz dilini,
 itsin mənim gözlərimdən ilim- ilim,
 O sahili bu sahillə birləşdirən
 polad körpüm, qılıncımdır,
 günəşimdir mənim dilim!
        (X.R.Ulutürk).

2) Tofiq Bayram:

Bu gün azad dilli Azərbaycanam,
 O taylı, bu taylı vahid bir canam,
 Baxır ögey kimi ağbirçək anam –
 Öz ana dilini bilməyənlərə

Məlumdur ki,  hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitə dildir. Hər bir vətəndaş doğma ana dilini gözəl bilməli, onu qorumalı və inkişaf etdirməlidir. Bu, qarşımızda duran müqəddəs bir borcdur. İnsanın daxili dünyasının zənginləşməsində, dünyagörüşünün genişlənməsində, təhsil almasında, milli mental dəyərlərə sahib olmasında, öz ətrafı ilə, soydaşları ilə ünsiyyətə girməsində ana dilinin rolu əvəzedilməzdir.

Ana dili mənsub olduğu millətin özünəməxsusluğunu qoruyur, dövlətin simvoluna şevrilir. Eyni zamanda başqa xalqlarla ünsiyyət qurmaq, öz mədəni irsini dünyada tanıtmaq, onların mədəni irsini öyrənmək istiqamətində ana dilinin praktik əhəmiyyətinin rolu əvəzsizdir.

Milli dilin dövlət dili statusu qazanması dövlətin tarixində olduqca mühüm bir hadisə, hətta qızıl səhifə adlandırılır və dövlətin dövlət kimi, millətin millət kimi təsdiqi deməkdir. Bir dilin dövlət dili statusu qazanması həmin millətin öz taleyinə sahib olmasının, dövlət quruculuğunun, öz dövlətini və öz dilini mühafizə etmək əzminin, eyni zamanda dilinin zənginliyinin isbatıdır. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, dilin dövlət dili statusu qazanması xalq üçün qürurverici, tarixi bir hadisədir. Bu sadaladığımız mərhələləri Azərbaycan xalqı və Azərbaycan dili (türkcəsi) tarixən yaşamışdır.

İlk dəfə Şah İsmayıl Xətainin zamanında dilimiz “ordu və saray lisanı” statusunu qazanmış, bu dildə ünsiyyət aparılmaqla yanaşı, poeziya nümunələri Azərbaycan dilində yaradılmış, dövlətlərarası məktublaşmalarda dilimizdən istifadə edilmişdir. Hətta Xətainin xoşuna gəlmək istəyən bir çox şairlər əsərlərini Azərbaycan dilində yazmağa başlamış, dövrün siyasətçiləri Azərbaycan dilində danışmışlar. 

Sonra ADR (1918-1920) dövründə dilimiz dövlət dili statusu qazanmış, təhsil müəssisələrində ana dili tədris edilmiş, dərsliklər yaradılmışdır. Daha sonra, əsasən, Ulu Öndər Heydər Əliyevin Hakimiyyətdə olduğu illərdə dilimizin inkişafına xüsusi diqqət və qayğı göstərilmiş, dilimizin inkişafı ilə əlaqədar düşünülmüş dil siyasəti həyata keçirilmişdir. “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam”,-deyən Ulu Öndər dilimizin saflığını qorumaq, inkişaf etdirmək məqsədilə zaman-zaman sərəncamlar imzalamışdır. Həmin uğurlu siyasətin nəticəsində Ana dilimiz bu günə qədər Qafqazda və Yaxın Şərqdə işlənərək, ulusal bir dil səviyyəsinə çatmışdır.

Sürgün illərində Azərbaycanın Qusar rayonunda yaşayan Y.Lermantov dostu Rayevskiyə yazdığı məktubda belə bir bir fikir söyləmişdir:

Avropada fransız dilini bilmək nə qədər vacibdirsə, Qafqazda, ümumən Asiyada Azərbaycan dilini bilmək də bir o qədər əhəmiyyətlidir”.

Tiflisdə sürgün həyatı yaşayan dekabrist-inqilabçı Aleksandr Bestujev-Marlinskinin Azərbaycan dili haqqında dostuna yazdığı məktubda belə bir cümlə vardır: “Fransız dilini bilərək bütün Avropanı gəzib dolaşmaq mümkün olduğu kimi, Azərbaycan dilini bilməklə bütün Qafqazı gəzmək olar”. Bundan başqa, Qafqazın insanlarını, təbiətini, sərvətlərini yüksək qiymətləndirən şair: Qafqaza dinclik verin və yer üzünün cənnətini Fərat sahillərində axtarmayın: O, buradadır!”- deyə insanlara müraciət etmişdir.

Dilimizin dəyəri hər zaman tanınmış şəxsiyyətlər tərəfindən yüksək qiymətləndirilmişdir.

2002-ci il 30 sentyabrda “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində mühüm əhəmiyyətli addım olmuşdur. Bu sənəd ümummilli lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir.

Hazırda bu ənənələri Prezident İlham Əliyev uğurla davam etdirməkdədir. Dövlətimizin başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli Sərəncamı və bu istiqamətdə görülən digər işlər dilimizin inkişafına böyük qayğının təzahürüdür.
         Azərbaycan dili türk dilləri ailəsinin oğuz qrupuna daxil olan qədim və zəngin bir dildir. Təşəkkülü miladdan əvvəlki dövrlərə gedib çıxan bu dilin ifadə zənginliyi, axıcılığı və sadəliyi, səlist ahəngi onu dünyada ən şirin dillərdən biri kimi tanıtmış və şöhrətləndirmişdir. Azərbaycan dili kamil qrammatik quruluşa, zəngin söz fonduna, geniş ifadə imkanlarına, mükəmməl əlifbaya, yüksək səviyyəli yazı normalarına malik bir dildir. Bizim ana dilimiz doğma respublikamızın dövlət dilidir, poeziya dilidir, şirin layla dilidir, ecazkar mahnı dilidir, dosta məhəbbət, düşmənə nifrət dilidir. 

Ölkəmiz müstəqillik əldə etdikdən sonra Azərbaycan dilinin hərtərəfli inkişafı, zənginləşməsi, onun diplomatik aləmə yol açması dövlət siyasətinin əsas prioritet istiqamətlərindən birinə çevrildi. Ümummilli lider Heydər Əliyevin 2001-ci il tarixli    Fərmanına əsasən, hər il avqust ayının 1-i ölkəmizdə “və Azərbaycan əlifbası və Azərbaycan dili” kimi qeyd olunur. Bu ənənələri ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev uğurla davam etdirməkdədir. 

Cənab Prezident İlham Əliyev Prezident seçildikdən sonra andiçmə mərasimində çıxışında demişdir: Biz, sadəcə, Türkiyə demirik, Türk dövlətləri deyəcəyik. Bu bizim ailəmizdir, başqa ailəmiz yoxdur. Bizim ailəmiz türk dünyasıdır. 

Burdan çıxış edərək bəzi cəhətləri diqqətinizə çatdırmaq istəyirəm ki, Azərbaycanda  və bütün türk dünyasında dünyada ilk əlifbalardan biri və ya elə birincisi Göytürk əlifbası olmuşdur. 

  Bu gün Azərbaycan dili ən yüksək səviyyədə siyasi, iqtisadi və mədəni tribunalardan eşidilir. Bu gün Azərbaycan dili siyasi müzakirələr, mədəni yığıncaqlar, elmi simpoziumlar dilidir. Fəxr edə bilərik ki, son dövrlərin ən böyük dövlətlərarası razılaşmaları bu dildə aparılmış, əsrin müqavilələri bu dildə yazılmışdır. İndi bu dildə ən çətin və mürəkkəb fikirləri ifadə etmək, ən yüksək elmi əsərləri başqa dillərdən tərcümə etmək mümkündür.

Millətin dilinin dövlət dili statusuna yüksəlməsi tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir. Çünki dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda, dilinin zənginliyinin sübutudur. Bu mənada dilin dövlət dili statusu qazanması, həqiqətən, qürur gətirən tarixi hadisədir. Azərbaycan dili bu tarixi hadisəni yaşamışdır. Hər bir azərbaycanlının müqəddəs və mənəvi borcu ana dilimizi qorumaq, inkişaf etdirmək, gələcək nəsillərə ötürməkdir. Ana dili bizim həyatımız, inamımız və qeyrətimizdir, dünənimizdən sabahımıza salınan mənəvi körpüdür. Biz çalışmalıyıq ki, dilimizin saflığını və gözəlliyini qoruyaq.

Şah Xətai demişdir:Ey türk oğulları, vətənin bir ovuc torpağını dünyanın var-dövlətinə, dilimizin bir sözünü ləl-cavahirata dəyişməyin”. Necə ki, Nəsimi edam edildi, amma dilindən, əqidəsindən dönmədi, Necə ki Babək edam edildi, əqidəsindən dönmədi, 44 günlük Vətən savaşında gənclərimiz şəhid oldular, əqidələrindən dövmədilər. Vətəni yaşatdılar. Bizim də borcumuz Vətəni yaşatmaq, dilimizi qorumaq və yaşatmaqdır. Çox dil öyrənmək zamanın tələbidir. Ancaq, ilk növbədə, ana dilimiz dayanmalıdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasətini, xüsusilə də dil siyasətini uğurla davam etdirir. AMEA-nın 80 illik yubileyində Prezidentin çıxışında dğvlətin ən mühüm məsələləri ilə yanaşı, strateji məsələ olan dil məsələləri, əsasən, milli kimlik, dövlət dili siyasəti və Azərbaycan dilinin qorunması, alınma sözlərdən istifadə və s. məsələlər vurğulanmışdır. Bunlar aşağıdakılardan ibarət olmuşdur: 1. Azərbaycan dilinin dövlət dili kimi rolunun artırılması. Prezident bildirmişdir ki, Azərbaycan dili milli kimliyimizin əsas sütunlarından biridir və dövlət dili kimi onun qorunması və inkişafı prioritetdir.2. Dilin saflığının qorunması. Xarici sözlərin həddindən artıq istifadəsi, xüsusilə KİV və ictimai məkanda dil normalarının pozulması tənqid olunub. Prezident qeyd etmişdir ki, əgər dilimizdə hər hansı anlayışı ifadə etmək üçün söz lazımdırsa, onu öz dilimizin dialekt və şivələrində axtarmalıyıq. Əgər olmasa, qohum türk dillərinə müraciət etməliyik. Türk dillərindən söz götürməliyik. Mümkün olmasa, digər dillərə müraciət etmək olar. 3. Elmi terminologiya məsələsi. AMEA-nın qarşısında duran vəzifələrdən biri elmi terminlərin Azərbaycan dilində sistemli şəkildə hazırlanması və vahid terminoloji bazanın formalaşdırılması kimi göstərilmişdir. Dar ixtisas sözləri olan terminlərdə də milli dil elementlərinə üstünlük verilməsi tövsiyə edilmişdir. 4. Qloballaşma və milli dəyərlər. Qloballaşma şəraitində milli-mənəvi dəyərlərin, o cümlədən dilin qorunmasının strateji əhəmiyyət daşıdığı qeyd edilib. 5. Təhsil və dil siyasəti. Eyni zamanda, təhsil sistemində Azərbaycan dilinin düzgün tədrisi və gənc nəslin ana dilinə bağlılığının gücləndirilməsi xüsusi vurğulanıb.

Ana dilimizi qorumaq və inkişaf etdirmək hər bir azərbaycanlının müqəddəs borcudur. Eyni zamanda dili qoruyub inkişaf etdirmək dövlətin dil siyasətidir.



Prof.Həcər Hüseynova

ADPU, filologiya fakültəsi, Azərbaycan 

dilçiliyi kafedrası