Yunanıstanda iki qatar toqquşmasında ölənlərin sayı artıb


Yunanıstanın Larisa şəhəri yaxınlığında sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində həlak olanların sayı artıb.
Faciə nəticəsində 32 nəfərin öldüyü bildirilir. 85 yaralıdan 53-ü hazırda tibb müəssisələrində qalır. Zərərçəkənlərin qalan hissəsi xəstəxanalardan buraxılıb.

08:33
Yunanıstanın Larisa şəhəri yaxınlığında sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində 29 nəfər ölüb, 85 nəfər xəsarət alıb.
Bu barədə yanğınsöndürmə xidmətinin rəsmi nümayəndəsi Vassilis Vatrakoyannis bildirib.
Hadisə yerinə 150 ​​yanğınsöndürən, 40 təcili tibbi yardım maşını və 15 patrul maşını ilə 32 polis əməkdaşı cəlb olunub.
Tibbi yardıma ehtiyacı olmayan 270 sərnişin faciə yerindən təxliyə edilərək avtobusla Salonikiyə göndərilib.
Şahidlər qatarların toqquşmasının təsirinin çox güclü olduğunu, bir neçə vaqonun dərhal yandığını deyirlər:
“Ətrafdakı hər şey yanırdı, sınmış pəncərələrdən çıxdıq”.
Afinadan Salonikiyə gedən istiqamətdə olan qatarda qəza zamanı 350-yə yaxın sərnişin olub.
Yanğınsöndürənlərin dediyinə görə, toqquşan qatarların ilk vaqonları zərbədən tamamilə dağılıb, təkərlər və vaqonların üzlüyünün bir hissəsi dəmiryolu relsindən 100 metr məsafəyə düşüb. Bir-birinə doğru hərəkət edən hər iki qatar naməlum səbəbdən eyni yola çıxıb.






Mənbə: ERT NEWS