DYP Kürdəmir Postunun komandiri Ruslan İsayev: “Ulu Öndər Heydər Əliyev – müstəqil Azərbaycanın sarsılmaz dayağı”
10-may, 15:08 5 Gündəm / Siyasət
Azərbaycanın müasir tarixindən danışarkən ilk növbədə xalqımızın xilaskarı, dövlətçilik ənənələrinin banisi olan Heydər Əliyevin adı böyük hörmət və ehtiramla çəkilir. Ulu Öndər Heydər Əliyev yalnız Azərbaycanın deyil, bütövlükdə türk dünyasının yetişdirdiyi ən böyük siyasi liderlərdən biri kimi tarixdə əbədi iz qoymuşdur. Onun uzaqgörən siyasəti, qətiyyəti və zəngin idarəçilik təcrübəsi nəticəsində Azərbaycan bu gün regionun ən güclü və nüfuzlu dövlətlərindən birinə çevrilmişdir.
Heydər Əliyev daim xalqına arxalanan, xalqının taleyini öz taleyi hesab edən lider idi. O, həyatının bütün mərhələlərində Azərbaycan dövlətinə və xalqına sədaqətlə xidmət etmişdir. 1969-cu ildən başlayaraq respublikaya rəhbərlik etdiyi dövrdə ölkəmizdə böyük inkişaf mərhələsi başlandı. Sənaye, kənd təsərrüfatı, təhsil, səhiyyə və mədəniyyət sahələrində həyata keçirilən islahatlar Azərbaycanın gələcək inkişafının əsasını qoydu.
Ulu Öndər yaxşı bilirdi ki, güclü dövlət yalnız güclü iqtisadiyyat və sağlam idarəçilik sistemi üzərində qurula bilər. Buna görə də o, dövlət idarəçiliyində intizamı, qanunun aliliyini və peşəkarlığı əsas prinsip kimi müəyyən etmişdi. Xüsusilə hüquq-mühafizə orqanlarının fəaliyyətinə böyük önəm verən Heydər Əliyev hər zaman vətəndaş təhlükəsizliyinin təmin olunmasını dövlətin əsas vəzifələrindən biri hesab edirdi.
Bu gün Azərbaycan polisi və yol polisi orqanlarının fəaliyyətində müşahidə olunan yüksək peşəkarlıq, vətəndaş məmnunluğu və dövlətə sədaqət məhz Heydər Əliyev məktəbinin nəticəsidir. Dövlətə xidmət anlayışı Ulu Öndərin siyasi fəlsəfəsində xüsusi yer tuturdu. O, hər bir dövlət qulluqçusunun xalqa xidmət etməli olduğunu dəfələrlə vurğulayırdı.
1990-cı illərin əvvəllərində Azərbaycan ağır sınaqlarla üzləşmişdi. Ölkədə siyasi böhran, iqtisadi çətinliklər və xaos hökm sürürdü. Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımız işğal olunur, daxildə isə parçalanma təhlükəsi yaranırdı. Belə bir vaxtda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycanı böyük faciələrdən xilas etdi.
Ulu Öndərin hakimiyyətə qayıdışı ilə ölkədə sabitlik yaradıldı, dövlət institutları möhkəmləndirildi və ordu quruculuğuna başlanıldı. Azərbaycanın beynəlxalq əlaqələri genişləndirildi, iqtisadi inkişaf strategiyası müəyyən olundu və ölkəmizin gələcək inkişafının möhkəm təməli qoyuldu. Məhz Heydər Əliyevin müəllifi olduğu neft strategiyası Azərbaycanın iqtisadi qüdrətini artıraraq onu dünyanın diqqət mərkəzinə çevirdi.
Heydər Əliyev həm də milli-mənəvi dəyərlərimizin qoruyucusu idi. O, Azərbaycan dilinin inkişafına, milli adət-ənənələrin yaşadılmasına və vətənpərvər gənclərin yetişdirilməsinə böyük önəm verirdi. Onun siyasətində gənclər dövlətin gələcəyi hesab olunurdu. Bu gün Azərbaycan gənclərinin milli ruhda böyüməsi, dövlətə və xalqa bağlılığı məhz Heydər Əliyev ideologiyasının bəhrəsidir.
Ulu Öndərin müəyyən etdiyi siyasi kurs bu gün onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə böyük nailiyyətlər əldə edib. Ölkəmizin beynəlxalq nüfuzu artıb, iqtisadi gücü möhkəmlənib və Azərbaycan regionun lider dövlətinə çevrilib.
Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin ən möhtəşəm nəticəsi isə Azərbaycanın ərazi bütövlüyünün bərpası oldu. 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfər qazandı. İşğal altında olan torpaqlarımız azad edildi və xalqımızın qüruru özünə qaytarıldı. Bu möhtəşəm qələbənin təməlində isə Heydər Əliyevin illər öncə formalaşdırdığı güclü dövlətçilik siyasəti dayanırdı.
Bu gün Azərbaycanın bütün bölgələrində geniş quruculuq işləri aparılır, yollar çəkilir, infrastruktur yenilənir və insanların təhlükəsizliyi təmin edilir. Yol polisi əməkdaşlarının fəaliyyəti də dövlətimizin təhlükəsizlik siyasətinin mühüm hissəsidir. Onlar gecə-gündüz vətəndaşların təhlükəsizliyi naminə xidmət göstərirlər. Bu xidmətin əsasında isə dövlətə sədaqət, xalqa hörmət və peşəkarlıq dayanır.
Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin xidmətlərini heç zaman unutmur. Çünki Heydər Əliyev xalqına yalnız müstəqil dövlət deyil, həm də güclü gələcək bəxş etmişdir. Onun siyasi irsi bu gün də yaşayır və Azərbaycan dövlətinin inkişaf yolunu müəyyənləşdirir.
10 may 2026-cı il tarixdə Azərbaycan xalqı Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünü böyük ehtiram hissi ilə qeyd edir. Bu əlamətdar gündə Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri bir daha minnətdarlıqla yad edilir, onun əziz xatirəsi dərin hörmət və sonsuz ehtiramla anılır.
Səxavət Nur




