Tələbələrə niyə təqaüd verilmir?


Azərbaycanda bəzi universitetlərdə tələbələrə təqaüd verilmir. Tələbələr iddia edirlər ki, üç aydır ki, təqaüd ala bilmirlər.
Belə ki, Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU), Sumqayıt Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti və Bakı Slavyan Universiteti tələbələrə təqaüdü gecikdirən təhsil ocaqları sırasındadırlar.
ADPU-nun mətbuat katibi Cavid Hüseynov Oxu.Az-a açıqlamasında bildirib ki, təhsil ocağında təqaüdlərin ödənilməsində adətən gecikmələr olmur:
“Hər ay təqaüdlər ayın ilk 10 günlüyündən gec olmayaraq hesablara yüklənir. Yanvar ayının təqaüdü vaxtında yüklənib. Fevral ayının təqaüdü 10 mart tarixinə qədər yüklənməli idi. Lakin bir neçə gün gecikib. Bunun səbəbi isə budur ki, mart ayının təqaüdü də bayramla əlaqədar tez ödəniləcək.

Bununla əlaqədar sənədləşmə işləri uzun çəkib. Artıq məsələ həll olunub. Yəni tələbələr bu gün və sabah günün sonuna qədər həm fevral, həm mart ayının təqaüdünü alacaqlar”.
Bakı Slavyan Universitetinin Mətbuat və informasiya mərkəzinin müdiri Zeynəb Kazımova bildirib ki, tələbələrin yanvar ayı üzrə təqaüdü vaxtında ödənilib:

“Novruz bayramı ilə əlaqədar olaraq, mart ayı üzrə təqaüd fevral ayı ilə birlikdə vaxtından əvvəl ödəniləcək”.
Lənkəran Dövlət Universitetinin mətbuat katibi Esmira İsmayılovanın sözlərinə görə, bu, imtahan sessiyasının nəticəsinə görədir:

“Sessiyanın nəticələri analiz olunur, təqaüd alanlar dəyişirlər. Ona görə də gecikmə olub. Sabah tələbələr fevral və mart ayı üzrə təqaüdü birlikdə alacaqlar”.
İlhamə Əbülfət