Yollardakı TƏHLÜKƏ: Ağır qəzalara səbəb lyuklardır?
17-mar, 11:05 153 GündəmAzərbaycanda avtomobil yollarında baş verən qəzalar zamanı yol infrastrukturuna vurulan ziyanlar barədə kifayət qədər statistikalar səsləndirilib. Bu dəfə isə sürücülər iddia edirlər ki, avtomobil yollarında diqqətdən yayınan nöqsanlar onların qəza törətməsinə səbəb olur. Nöqsanlar dedikdə isə nəzərdə tutulan yollarda qoyulan müvafiq qurumların lyuklarıdır.
Lyuk deyəndə ağla yalnız “Azərsu” ASC gəlməsin, burada “Azəriqaz” İB, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin müvafiq qurumlarına aid lyuklar da var.
Sürücülər şikayətlənirlər ki, asfalt örtüyü ilə lyukların eyni səviyyədə olmaması nəqliyyat vasitələrinə ziyan verir. Avtomatik olaraq avtomobili lyuklardan qaçırmaq üçün edilən ani manevrlər zamanı isə zəncirvarı qəzalar baş verir.
Sürücülərin iradı haqlıdırmı? Doğurdanmı yollarda quraşdırılan lyukların əksəriyyəti bir müddət sonra ya çökməyə başlayır, ya da maşın üstündən keçəndə taqqıldayıb qəribə səslər çıxarır?
Ümumiyyətlə, bu işin prosedur qaydası necədir? Hər bir qurum gəlib öz lyukunu özü qoyur? Pərakəndəlik ondan yaranır, yoxsa lyuklar istismara verildikdən sonra heç bir nəzarət edilmir?
Məsələ ilə bağlı qurumlardan dəqiqləşdirdiyimiz məlumatlara görə, layihələnmə zamanı sadəcə lyukların yerinin müəyyənləşdirilməsi birgə qərarlaşdırılır. Lyukların qoyulması, səviyyəsinin asfalt örtüyünə uyğunlaşdırılması məsələsinə bir qurum - Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) cavabdehdir.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusunu cavablandıran AAYDA-nın mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli qeyd edib ki, prosedur qaydasına uyğun olaraq yollarda təmir işləri aparılan zaman öncə lyukların yerləri müəyyənləşdirilir:
“Təmir işləri aparıldıqdan sonra asfalt-beton örtüyü çəkilir. Lyuklar da layihəyə uyğun təyin edilən yerdə asfalt səviyyəsinə uyğun formada yerləşdirilir. Yol istismara verildikdən bir müddət sonra nəqliyyatın intensiv hərəkətini nəzərə alaraq, yollarda müəyyən qədər çökmələrin olması normaldır. Bu cür çökmələr olan yollara da baxışlar keçirilir. Ciddi problem aşkarlandıqda isə qazıntı işləri aparılır və lyuklar asfalt-beton örtüyü səviyyəsi ilə eyniləşdirilir”.
Qurum rəsmisi onu da əlavə edib ki, sözügedən problem şəhərdaxili küçələrdə müşahidə edilir:
“Şəhər küçələrində belə problemlər olur. Şəhər ətrafı ərazilərdə belə problemlər yoxdur. Şəhərdaxili küçələrdə kommunikasiyaların 90 faizi yolların altı ilə çəkildiyi üçün sözügedən problemlər üzə çıxır”.
Könül Cəfərli