Avroviziyada buna görə sonuncu olduq — YYSİB sədri, ictimai və mədəniyyət xadimi, yazıci-kulturoloq Aydın Xan Əbilovdan sərt tənqid


Avroviziya musiqi müsabiqəsində Azərbaycanın sonuncu yerdə qərarlaşması bu nəticəyə gətirib çıxaran səbəblər barədə sualları yenidən gündəmə gətirib. Musiqi seçimi, səhnə təqdimatı, beynəlxalq auditoriyaya uyğunluq və ümumi strategiya kimi amillər hər il bu yarışmada nəticələrə birbaşa təsir edir. Məsələ təkcə ifa və kompozisiya ilə məhdudlaşmır, eyni zamanda düzgün planlama və auditoriya zövqünün nəzərə alınması da əsas rol oynayır.
Məsələ ilə bağlı ictimai və mədəniyyət xadimi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri,  www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxananın yaradıcısı,  Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov Aydın Xan Əbilov YeniMedia.net portalı və Demokrat.az-a bildirib ki, Azərbaycanın Avroviziyada sonuncu yeri tutması ilə bağlı biz əvvəlcədən xəbərdarlıq etmişdik:
“Çünki Azərbaycan bu müsabiqəyə uyğun uğurlu nümayəndə seçməmişdi. Azərbaycan artıq Avroviziya kimi Avropa televiziya musiqi yarışmasında yüksək nəticələr əldə etmiş bir ölkədir. Hətta bu istiqamətdə müəyyən uğurlarımız da olub. Artıq bu mövzuda əvvəlki qədər iddialı çıxışlarımız yoxdur. Ən azı digər xalqlar kimi, o cümlədən qonşu ölkələr kimi yanaşmaq lazımdır. Görünür, bəzi hallarda musiqi seçimində düzgün yanaşma tətbiq edilmir. Azərbaycan musiqi havaları, aşıq sənəti, muğam, rəqslərimiz, Qobustan qaval daşı kimi milli elementlərdən istifadə olunaraq müasir və sintez olunmuş kompozisiyalar hazırlanmalıdır. Bu sintez, təbii ki, Avropanın qəbul etdiyi musiqi estetikası ilə milli elementlərin birləşməsindən ibarət olmalıdır. Lakin bəzən elə nümayəndələr seçilir ki, onların təqdim etdiyi musiqinin Azərbaycan mədəniyyəti ilə əlaqəsi zəif olur. Seçim prosesi də ictimai müzakirəyə çıxarılmadan həyata keçirilir”.
Kulturoloq deyib ki, nəticə uğursuz olduqda isə müxtəlif ölkələrə səs verməmək kimi səbəblər ön plana çəkilir:
“Halbuki əvvəlcə keyfiyyətli və qəbul edilə bilən bir musiqi nümunəsi təqdim olunmalıdır ki, digər ölkələrdən də dəstək gözləmək mümkün olsun. Bu ilki kompozisiya ilə bağlı ciddi tənqidlər olsa da, sonda müəyyən seçimlə bu nümayəndə göndərildi. Hətta iştirakçının adı da Azərbaycan üçün xarakterik olmayan bir ad idi ki, bu da müzakirələrə səbəb olmuşdu.
Bəziləri bu prosesi süni seçim kimi qiymətləndirir, lakin əsas məsələ təqdim olunan musiqi məzmununun Avropa auditoriyasına nə dərəcədə uyğun olmasıdır. Avropa musiqisində canlılıq, ruh və emosional ifadə vacibdir. Əgər təqdim olunan əsər bu keyfiyyətləri daşımırsa, onun qəbul olunmaması təəccüblü deyil.
İctimai Televiziya və məsul qurumların seçim prosesində daha şəffaf və peşəkar yanaşma sərgiləməsi vacibdir. Əks halda hər il eyni nəticələrin təkrarlanması qaçılmaz olur.
Azərbaycanın zəngin musiqi ənənəsi var və bu irs düzgün şəkildə təqdim olunarsa, Avroviziya kimi platformalarda daha uğurlu nəticələr əldə etmək mümkündür. Muğamla cazın, aşıq sənəti ilə müasir pop musiqinin sintezi kimi yanaşmalar daha uğurlu ola bilər. Belə nümunələr bəzi ölkələr tərəfindən uğurla tətbiq olunub və yüksək nəticələr əldə edilib”, – deyə o qeyd edib. 
Daşqın Nəzərov
YeniMedia.net
Əfsanə Kamal
https://demokrat.az/az/news/281250/avroviziyada-buna-gore-sonuncu-olduq-aciqlama