Şamaxıda “Elləroyuğu” Yaylaq Festivalı keçirilib

Şamaxıda “Elləroyuğu” Yaylaq Festivalı keçirilib
Xezertv.info xəbər verir ki, 31 may 2026-cı il tarixində Şamaxı rayonunun Qızmeydan kəndində Qərbi Azərbaycanın Amasiya rayonu Elləroyuğu kənd İcmasının təşkilatçılığı ilə “Elləroyuğu” Yaylaq Festivalı keçirilib.
Festival Qərbi Azərbaycanın zəngin tarixi-mədəni irsinin, xüsusilə Ağbaba-Şörəyel mahalının milli-mənəvi dəyərlərinin yaşadılması və təbliği məqsədilə təşkil olunub. Tədbir çərçivəsində ilk olaraq mahalın tarixi yaddaşını, toponimlərini, yurd yerlərini və milli adət-ənənələrini əks etdirən “Kəndimizin Tarixi Yaddaşı” sərgisi nümayiş etdirilib. Qonaqlar sərgi vasitəsilə Ağbaba-Şörəyel mahalının zəngin tarixi və mədəni irsi ilə yaxından tanış olublar.
Ağbaba-Şörəyel mahalının Azərbaycanın tarixi-coğrafi məkanının ayrılmaz hissəsi olmaqla yanaşı, qədim Oğuz-Türk mədəniyyətinin mühüm mərkəzlərindən biri kimi təqdim olunduğu tədbirdə bildirilib ki, bölgənin mədəni simasının formalaşmasında Ağbaba-Çıldır aşıq mühiti mühüm rol oynayıb və bu mühit xalqımızın mənəvi dəyərlərinin, tarixi yaddaşının və milli kimliyinin qorunaraq gələcək nəsillərə ötürülməsində əvəzsiz xidmət göstərib.
Festival çərçivəsində Ağbaba-Çıldır aşıq mühitinin görkəmli nümayəndəsi, saz-söz sənətinin tanınmış ustadı Aşıq İsgəndər Ağbabalının anadan olmasının 100 illik yubileyi də qeyd edilib.
Tədbirdə çıxış edən Amasiya Rayon İcmasının sədri, akademik, Əməkdar elm xadimi Abel Məhərrəmov festivalın milli yaddaşın yaşadılması, mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. O, belə təşəbbüslərin Qərbi Azərbaycan irsinin təbliği və Böyük Qayıdış ideyasının təşviqi istiqamətində mühüm töhfə verdiyini vurğulayıb.
Sonra söz Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərliyə verilib. İcma sədri Ağbaba-Şörəyel mahalının zəngin tarixi-mədəni irsinin qorunmasının və gələcək nəsillərə çatdırılmasının mühüm vəzifələrdən biri olduğunu bildirib. O qeyd edib ki, bu cür tədbirlər milli yaddaşın yaşadılmasına, Qərbi Azərbaycan həqiqətlərinin təbliğinə və doğma yurd yerlərinə bağlılığın möhkəmləndirilməsinə xidmət edir.
Daha sonra çıxış edənlər - Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Qərbi Azərbaycan İcması İdarə Heyəti sədrinin müavini, Milli Məclisin deputatı, professor Hikmət Babaoğlu, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova, Qərbi Azərbaycan İcmasının Nəzarət-Təftiş Komissiyasının sədri, professor Vahid Novruzov, Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı və Ziyalılar Şurasının üzvü, filologiya elmləri doktoru, professor Avtandil Ağbaba Ağbaba-Çıldır aşıq məktəbinin Azərbaycan mədəniyyətindəki xüsusi yerindən danışıblar.
Festivalın rəsmi hissəsində Qərbi Azərbaycan İcmasının sıralarına qəbul olan yeni üzvlərə İcmanın üzvlük vəsiqələri və döş nişanları təqdim edilib. Həmçinin, İcmanın fəaliyyətində fəallıq göstərən bir qrup şəxs təşəkkürnamələrlə təltif olunub.
Festival çərçivəsində şair-publisist Şəmsi Qocanın və şair İmran Güllübulaqlının el-obaya həsr olunmuş şeirlərinə bəstələnmiş mahnılar səsləndirilib. Tədbir iştirakçılarına Şəmsi Qocanın müəllifi olduğu “Əsrin saz yaddaşı: Aşıq İsgəndər Ağbabalı” monoqrafiyası, eləcə də ağbabalı alim və tədqiqatçıların, şairlərin məqalə və şeirlərindən ibarət “Aşıq İsgəndər Ağbabalı – 100” kitabı hədiyyə olunub.
Festivalın bədii hissəsində el sənətkarları Qəşəm İsaoğlu, Telman Gülsehran və usta Naib çıxış edib, gənclərin və ağsaqqalların birgə ifa etdikləri Ağbaba yallısı iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Çıxış edən kənd sakinləri festivalın yüksək səviyyədə təşkilinə görə akademik Abel Məhərrəmova və Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədova təşəkkürlərini bildiriblər. Aşıq İsgəndər Ağbabalının ailəsi adından çıxış edən Aşıq Faxfur Gülməmmədov atasının xatirəsinə göstərilən ehtirama görə təşkilatçılara və qonaqlara minnətdarlığını ifadə edib.
Sonda qeyd olunub ki, “Elləroyuğu” Yaylaq Festivalı milli-mədəni irsin qorunması, Ağbaba-Şörəyel mahalının tarixi yaddaşının yaşadılması və gələcək nəsillərə ötürülməsi istiqamətində mühüm əhəmiyyət daşıyan tədbirlərdən biri kimi yadda qalacaq.