Zəmanəmizin qəhrəmanının döyüş xatirələri...
12-iyn, 17:11 9 Gündəm / Sosial
Vətən müharibəsi qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin döyüşçüsü Zaur Ələkbərov danışır...
Mən, Ələkbərov Zaur Zakir oğlu, 2003-cü ildən XTQ-də 21 il 6 ay xidmət etmişəm. Bu illər ərzində bir çox əməliyyatların iştirakçısı olmuşam. Baş kəşfiyyatçı vəzifəsində xidmət etdiyim üçün həm taborun ön kəşfiyyat qrupunda, həm də hücum qrupunda fəaliyyət göstərmişəm. 2012-ci ildən 2016-cı ilədək düşmənin dərinliklərində kəşfiyyat tapşırıqlarının iştirakçısı olmuşam. 2016-cı ilin Aprel döyüşlərinin, 2020-ci il 44 günlük Vətən müharibəsinin, 2020-ci ilin dekabr ayında Xocavənd əməliyyatında 62 erməni əsirinin ələ keçirilməsi əməliyyatının, 2021-ci ildə sərhədlərin bərpası əməliyyatının, 2022-ci ildə Kəlbəcər ərazisində keçirilən 4 günlük Sarsıdıcı Zərbə əməliyyatlarının, 2023-cü ilin antiterror əməliyyatlarının iştirakçısı olmuşam.2021-ci ilin may ayında yuxarı komandanlıq tərəfindən bölməmizə əmr verildi ki, Kəlbəcər ərazisində düşmən müxtəlif istiqamətlərdə sərhədləri pozaraq təxribat xarakterli fəaliyyətlərini davam etdirir.Mayın 8-də fəaliyyətə başladıq və Kəlbəcər ərazisində 3150 yüksəkliyinə hərəkət etdik. Səhər saat 08:00 radələrində artıq təyin olunmuş yüksəkliyin zirvəsində idik. Düşmən postları görünürdü. Təxminən iki saat sonra yenidən komandanlıqdan göstəriş verildi ki, Sevan gölü və Gorus istiqamətində yerləşən 801 yüksəkliyini ələ keçirərək mövqelənək.Hava çox qarlı, şaxtalı və soyuq idi, sanki insanı iflic vəziyyətinə salacaq dərəcədə idi.Qrupda mənimlə xidmət edən döyüşçülərin adlarını tam şəkildə çəkmək istəmirəm, çünki onların bir qismi hazırda xidmətdədir. Qrup komandiri, M.R., M.Z., İ.B., A.R., H.C., şəhid Əhədzadə Xəyal, Mailli Şahin və Abbasov Vasif bizimlə birlikdə idi.Təxminən 1-2 km aralıda Sevan gölü və Gorus yaşayış məntəqəsi yerləşirdi. Təyin olunmuş nöqtəyə çataraq mövqelənməyə başladıq. Qrup komandiri mənə Azərbaycan bayrağını yüksəkliyə sancıb müşahidəni davam etdirməyi əmr verdi.Müşahidə zamanı düşmənin aktiv fəaliyyətə başladığını gördüm. Bizə verilən məlumata görə, düşmənin 022 nömrəli xüsusi təyinatlı hərbi hissəsi də Gorus yaşayış məntəqəsində yerləşirdi. Üçrəngli bayrağımızı görən ermənilər Gorus yaşayış məntəqəsində təşviş içində hərəkət etməyə başladılar.Təxminən bir saat keçməmişdi ki, üzərimizə doğru böyük sayda şəxsi heyət hərəkət etməyə başladı. Əlimizdə olan silah-sursatın və şəxsi heyətin sayının az olması səbəbindən bu qüvvənin qarşısında uzun müddət dayanmağın çətin olacağını anlayaraq dərhal komandanlığa əlavə qüvvəyə ehtiyacımız olduğunu bildirdik.Az keçməmiş üzərimizə 6 tank, 20-dən çox KamAZ və Ural markalı texnika, çoxsaylı şəxsi heyət ilə hərəkət etdilər. Texnikaların arxasında isə uzaqmənzilli və iriçaplı artilleriya vasitələri yerləşdirilmişdi. Biz artıq mövqelərimizdə təmas vəziyyətində idik.Bu ərəfədə digər qruplarımız da bizə çatdı və qısa zamanda təmas başladı. Döyüş uzun çəkməsə də, düşmən tərəfdən bir UAZ markalı avtomobil və bir pikap yaxınlaşdı. Pikapdan 11 nəfər 022 xüsusi təyinatlı, digər avtomobildən isə yüksək rütbəli bir zabit düşdü. Əvvəlcə onu polkovnik hesab etsəm də, sonradan general-mayor olduğu məlum oldu.O, bizə yaxınlaşaraq dedi: Atəş açmayın, sizinlə danışmaq istəyirəm.Onların silah və geyimləri yeni idi. Sonradan məlum oldu ki, düşmən öz mülki vətəndaşları arasından idmançıları toplayaraq onları 022 xüsusi təyinatlı adı altında qarşımıza çıxarmışdı.General yaxınlaşaraq dedi:Mənim döyüşçülərim hamısı idmançıdır. İçinizdə mənim xüsusi təyinatlılarımla təkbətək döyüşə bilən varsa, çıxsın.Mən də buna etiraz etmədən silahımı və bronjiletimi döyüş yoldaşıma verib irəli çıxdım və işarə etdimki,yaxınlaşsın.Yaxınlaşdığı zaman ani reflekslə sağ əlimlə çənə nahiyəsinə yumruq və baş nahiyəsinə təpik zərbəsi endirdim. O, dərhal tarazlığını itirərək yerə çökdü. Onu öz tərəfimizə çəkərək nəzarət altına aldım və bildirdim ki, əgər qarşı tərəf bir addım da irəliləsə, onu zərərsizləşdirəcəyəm.Sonradan məlum oldu ki, zərərsiz hala gətirdiyim şəxs həmin qrupun komandirlərindən biri və zabit imiş. Bundan sonra erməni hərbçiləri mövqelərini tərk edərək geri çəkildilər.Düzdür, həmin vaxt biz SDX hərbi geyimində idik və sayca onlardan çox az idik. Onlar öz aralarında "yaşma, yaşma" deyərək ərazini tərk etdilər.Təxminən 60 gün davam edən əməliyyatdan sonra mövqelərimizi digər qoşun növlərimizə təhvil verərək geri çəkildik.
PS: Azərbaycan Ordusunun şanlı tarixində adlarını qızıl hərflərlə yazdıran igidlərimizdən biri də Vətən müharibəsi qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin döyüşçüsü Zaur Ələkbərovdur. Onun xidmət yolu peşəkarlığın, vətən sevgisinin və sarsılmaz iradənin parlaq nümunəsidir.
21 ildən artıq müddətdə XTQ sıralarında xidmət edən Zaur Ələkbərov Azərbaycanın ərazi bütövlüyü uğrunda keçirilən ən mühüm hərbi əməliyyatların iştirakçısı olub. Aprel döyüşlərindən başlayaraq 44 günlük Vətən müharibəsinə, Xocavənd əməliyyatından antiterror tədbirlərinə qədər uzanan şərəfli döyüş yolu onun hərbçi peşəsinə sədaqətinin göstəricisidir.
Xüsusilə 2021-ci ilin may ayında Kəlbəcər istiqamətində həyata keçirilən sərhədlərin bərpası əməliyyatı zamanı nümayiş etdirdiyi qətiyyət və cəsarət əsl qəhrəmanlıq nümunəsidir. Çətin hava şəraitində, qarlı və şaxtalı yüksəkliklərdə dövlət sərhədlərimizin qorunması naminə aparılan əməliyyatlarda o və döyüş yoldaşları böyük fədakarlıq göstəriblər. Azərbaycan bayrağının strateji yüksəklikdə dalğalanması uğrunda aparılan mübarizə düşmənə ciddi psixoloji təsir göstərib və onların təşvişə düşməsinə səbəb olub.
Sayca qat-qat üstün qüvvə ilə üz-üzə qaldıqları anda belə Azərbaycan xüsusi təyinatlıları geri çəkilməyi deyil, mövqelərini qorumağı seçiblər. Zaur Ələkbərovun soyuqqanlılığı, cəsarəti və döyüş hazırlığı qarşı tərəfin geri çəkilməsində mühüm rol oynayıb. Bu hadisə bir daha göstərdi ki, Azərbaycan əsgərinin gücü təkcə silahında deyil, onun vətən sevgisində, ruhunda və qələbəyə olan inamındadır.
Belə qəhrəmanların döyüş xatirələri gələcək nəsillər üçün vətənpərvərlik məktəbi, milli qürur mənbəyidir. Zaur Ələkbərovun xidmət yolu Azərbaycan əsgərinin yenilməzliyinin, Vətənə sədaqətinin və qəhrəmanlıq ruhunun canlı salnaməsidir. Yazdıqca yazılan qəhrəmanlıq salnamələri. Bu bir örnək, bir təbliğatdır. Gələcək nəsillər üçün... Vətəni belə sevərlər. Bu qəhrəmanların bariz nümunəsində.
Hürü Hacızadə
Yazıçı-publisist,
“Qızıl Qələm” mükafatçısı
Fərid Faiqoğlu
AJB-nin üzvü





