Həsrət sevincə döndü.


“Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir”.

Ümummilli lider Heydər Əliyev

“Şuşa, sən azadsan!” – Tarixi qayıdışın əbədi salnaməsi

“Biz səni azad etdik!” – Ali Baş Komandan İlham Əliyevin və Vətən qəhrəmanlarının mübarizə obrazı…

“Sonsuz intellektin təzahürləri” kitabından bir epizod.

Kitabın məsləhətçisi: Hüquq elmləri doktoru, professor, ictimai-siyasi xadim, əməkdar müəllim İbrahim Quliyev.


Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri 2020-ci ilin 8 noyabr tarixidir. Bu tarix təkcə hərbi qələbənin deyil, milli iradənin, xalqın sarsılmaz birliyinin, dövlətin qüdrətinin və illərlə ürəklərdə yaşayan həsrətin sona çatdığı gün kimi tarixə həkk olundu. Həmin gün Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqa ünvanladığı məşhur müraciətdə səsləndirdiyi “Şuşa azaddır! Şuşa bizə qayıtdı! Biz Şuşanı azad etdik!” sözləri milyonlarla azərbaycanlının yaddaşına əbədi həkk olundu.

Bu sözlər sadəcə bir şəhərin azad edilməsi haqqında məlumat deyildi. Bu, otuz ilə yaxın davam edən nisgilin sona çatması, xalqın milli qürurunun bərpası, Azərbaycanın haqq savaşının möhtəşəm zəfərlə nəticələnməsinin təntənəsi idi.

Şuşa Azərbaycan xalqının milli kimliyini, tarixini, mədəniyyətini və mənəvi dəyərlərini özündə yaşadan müqəddəs şəhərdir. Burada görkəmli şairlər, bəstəkarlar, xanəndələr yetişmiş, Azərbaycan mədəniyyətinin ən qiymətli inciləri yaranmışdır. Şuşa yalnız bir şəhər deyil, Azərbaycanın ruhudur. Məhz buna görə də Şuşanın işğalı hər bir azərbaycanlının qəlbində sağalmayan yara idi.

İllərlə Azərbaycan xalqı bu müqəddəs torpaqların azad olunacağı günü səbrlə gözlədi. Hər bir ailədə, hər bir evdə Şuşanın adı ehtiramla çəkildi, onun azad ediləcəyi günə inam heç vaxt sönmədi. Bu inamı yaşadan isə güclü dövlət, güclü ordu və xalqın sarsılmaz birliyi idi.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkədə müasir və güclü ordu formalaşdırıldı. Ordunun döyüş hazırlığı yüksəldildi, ən müasir silah və texnika ilə təmin edildi, peşəkar zabit heyəti yetişdirildi. Bütün bunlar Vətən müharibəsində əldə olunan möhtəşəm qələbənin əsas dayaqlarından biri oldu.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan xalqının birlik salnaməsinə çevrildi. Ön cəbhədə igid əsgərlər döyüşürdü, arxa cəbhədə isə xalq ordunun yanında dayanmışdı. Hər kəs bir amal uğrunda birləşmişdi – torpaqlarımızın azadlığı naminə.

Şuşa uğrunda gedən döyüşlər isə dünya hərb tarixində xüsusi yer tutur. Azərbaycan xüsusi təyinatlıları və digər hərbi hissələrin qəhrəman döyüşçüləri sıldırım qayaları aşaraq, çətin relyefdə, ağır hava şəraitində düşmənə qarşı misilsiz şücaət nümayiş etdirdilər. Müasir texnikanın belə hərəkət edə bilmədiyi dağ yollarını piyada keçən qəhrəmanlarımız yalnız Vətən sevgisinə arxalanaraq tarix yazdılar.

Onların hər addımı Azərbaycan bayrağını Şuşaya sancmaq arzusu ilə atılırdı. Hər bir əsgərin ürəyində yalnız bir fikir vardı – Şuşa azad olunmalıdır!

Nəhayət, həmin müqəddəs gün gəlib çatdı.

Ali Baş Komandan İlham Əliyevin xalq qarşısında səsləndirdiyi “Biz səni azad etdik, əziz Şuşa!” müraciəti yalnız bir şəhərə deyil, bütöv Azərbaycanın taleyinə yazılmış zəfər manifesti idi.

Bu müraciəti dinləyən milyonlarla insan sevinc göz yaşlarını saxlaya bilmirdi. Küçələrdə insanlar bir-birini qucaqlayır, Azərbaycan bayraqları dalğalanır, şəhidlərin ruhuna dualar oxunurdu. O gün Azərbaycanın hər bir şəhərində, hər bir kəndində yalnız bir hiss hökm sürürdü – sonsuz qürur.

Ən böyük sevinc isə illərlə doğma yurdlarına həsrət qalan məcburi köçkün ailələrinin gözlərində idi. Onların həsrəti artıq ümidə, ümidi isə böyük qələbəyə çevrilmişdi.

Şuşanın özü də sanki ağlayırdı...

Lakin bu, işğal illərinin kədər göz yaşları deyildi.

Bu, azadlığın, qovuşmanın, Vətənə dönüşün sevinc göz yaşları idi.

Sanki Cıdır düzü yenidən nəfəs alırdı.

Sanki Xarıbülbül yenidən çiçəkləyirdi.

Sanki Natəvanın, Üzeyir bəyin, Bülbülün, Ağabəyim ağanın ruhu Şuşa səmasında dolaşaraq Azərbaycan əsgərinə alqış edirdi.

Şuşanın daşları belə bu böyük zəfərin şahidinə çevrilmişdi.

Bu qələbə minlərlə şəhidimizin qanı bahasına qazanıldı. Azərbaycanın igid oğulları Vətən torpağını canları bahasına azad etdilər. Onların göstərdiyi qəhrəmanlıq gələcək nəsillər üçün əbədi vətənpərvərlik məktəbi olaraq yaşayacaqdır.

Qazilərimiz isə sağlamlıqlarını Vətən yolunda fəda edərək Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yazdılar. Onların hər biri xalqımızın qürur mənbəyidir.

Bu gün Şuşa yenidən dirçəlir.

Yeni yollar salınır.

Tarixi abidələr bərpa olunur.

Məscidlər öz əvvəlki əzəmətinə qovuşur.

Yeni məktəblər, yaşayış məntəqələri, mədəniyyət ocaqları tikilir.

Şuşada beynəlxalq tədbirlər keçirilir, musiqi festivalları təşkil olunur, Azərbaycanın zəngin mədəniyyəti yenidən bu qədim şəhərin küçələrində səslənir.

Bütün bunlar göstərir ki, Şuşa yalnız azad edilmədi.

Şuşa yenidən həyata qaytarıldı.

Bu tarixi qayıdış Azərbaycanın gücünün, xalqın birliyinin və dövlət rəhbərliyinin uzaqgörən siyasətinin təntənəsidir.

Bu gün hər bir azərbaycanlı böyük fəxrlə deyə bilir:

Şuşa azaddır!

Bu sözlər artıq tarix deyil.

Bu sözlər Azərbaycanın yeni dövrünün başlanğıcıdır.

Bu sözlər xalqın yenilməz ruhunun simvoludur.

Bu sözlər Vətən sevgisinin ən ali ifadəsidir.

Şuşa artıq yalnız xatirələrdə yaşayan şəhər deyil.

Şuşa yenidən Azərbaycan nəfəsi ilə yaşayır.

Azərbaycan bayrağı Şuşada əbədi dalğalanır.

Şəhidlərimizin müqəddəs ruhu bu torpaqlarda əbədi rahatlıq tapıb.

Vətən qəhrəmanlarının adı isə Azərbaycan tarixinin qızıl hərfləri ilə yazılıb.

Bu böyük zəfər gələcək nəsillərə bir həqiqəti daim xatırladacaq:

Vətən sevgisi ən böyük qüvvədir.

Birlik ən böyük qalibiyyətdir.

Şuşa isə Azərbaycan xalqının əbədi qürur mənbəyidir.

Çünki tarix bir daha sübut etdi:

Həsrət sevincə döndü.

Şuşa azaddır.

Biz səni azad etdik, əziz Şuşa!


Hürü Hacızadə
 Yazıçı-publisist
 “Qızıl qələm” mükafatçısı
 
 Fərid Faiqoğlu
 AJB-nin üzvü