QƏŞƏM NƏCƏFZADƏ - 64
31-mar, 16:20 204 Gündəm1 aprel - ünlü şair, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Yazıçılar Birliyinin “Azərbaycan” jurnalında poeziya şöbəsinin müdiri Qəşəm Nəcəfzadənin doğum günüdür.
Ədəbiyyatımızı zənginləşdirən poetik incilərinin ədəbi feyz şəbnəmləri mənəvi dünyamızı süsləyən şair dostumu dünyaya gəldiyi gün, ömür təqviminin 64 illiyi münasibətilə “Sözü ayna kimi ələ götürdün” ithaf çələngimlə qutlayıram.
Qəşəm Nəcəfzadə, salam, necəsən?
Şeirinin bəxti güldümü üzə?..
Olur, gecə gündüz, gündüz gecəsən,
Sən könül verəli şeirə-sözə.
Könlündən keçəni dilə gətirdin:
“Sevginin sonunu deməyin mənə”.
Sözü ayna kimi ələ götürdün,
Sevgi taleyini göstərdi sənə...
Mehrli misralar, mehli misralar
“Gülümsəyən ağac” dilində dindi.
Şairlər sevgini “Sarı sim” sanar,
Təbi-təbiəti göylərdən endi...
Özünün odunda sözü qovuran
Biçib kədərinə şuxluqdan libas.
Bozaran üzlərdə gözü qovrulan
Köksünü ötürdü: dünya, qulaq as...
“Yatmış dəniz şəkli” çəkən şairin
Gəzdi yuxuları sahil boynca...
İlahi, bu röya necə şipşirin,
Baş qoyub ləpələr sanki balınca...
✍️ Tapdıq Əlibəyli