Fatma Yıldırım:Bakı İqlim Həftəsi Azərbaycanın qlobal iqlim gündəliyində fəal rolunun davamıdır

                Bakının bu həftə yenidən qlobal iqlim gündəliyinin mühüm mərkəzlərindən birinə çevrilməsi Azərbaycanın COP29-dan sonra üzərinə götürdüyü məsuliyyətin ardıcıl şəkildə davam etdirildiyini göstərir. Sentyabrın 7-dən 11-dək keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi ilə üçüncü Bakı İqlim Fəaliyyəti Həftəsinin paralel təşkili ölkəmizin iqlim məsələlərində əldə etdiyi beynəlxalq mövqenin qorunması və yeni əməkdaşlıq imkanlarının formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Bu tədbirin əhəmiyyətini yalnız Bakıda növbəti beynəlxalq toplantının keçirilməsi ilə məhdudlaşdırmaq düzgün olmazdı. İqlim Həftəsinin əsas məqsədlərindən biri qlobal səviyyədə qəbul olunmuş iqlim öhdəliklərinin real fəaliyyətə və ölçülə bilən nəticələrə çevrilməsinə imkan verən əməkdaşlıq mexanizmlərini gücləndirməkdir. BMT-nin İqlim Həftəsi çərçivəsində keçirilən İcra Forumunun hökumətləri, biznesi, şəhərləri, vətəndaş cəmiyyətini, akademik dairələri və gəncləri eyni müzakirə platformasında bir araya gətirməsi də bunu təsdiqləyir.
Bakıda keçirilən müzakirələrin gündəliyi də kifayət qədər genişdir. Yaşıl enerji, enerji keçidi, iqlim maliyyələşməsi, sənayenin karbonsuzlaşdırılması, iqlimə davamlı şəhərlər, kənd təsərrüfatı, ərzaq sistemləri, Xəzər dənizinin dayanıqlılığı, süni intellekt və erkən xəbərdarlıq sistemləri kimi mövzuların diqqət mərkəzində olması iqlim siyasətinin iqtisadiyyatın və cəmiyyətin müxtəlif sahələri ilə birbaşa əlaqəsini göstərir.
Xüsusilə Xəzər dənizində müşahidə olunan dəyişikliklər Azərbaycan üçün iqlim məsələsinin nə qədər real və yaxın çağırış olduğunu göstərir. Bu mənada iqlim dəyişmələri artıq gələcəyin problemi kimi deyil, bu gün iqtisadiyyatımıza, şəhərlərimizə, kənd təsərrüfatımıza və təbii ehtiyatlarımıza təsir edən məsələ kimi qiymətləndirilməlidir.
Azərbaycanın bu prosesdə mövqeyi həm də COP29-un yaratdığı siyasi və institusional irsin davam etdirilməsi baxımından əhəmiyyətlidir. Bakı İqlim Fəaliyyəti Həftəsinin bu il ilk dəfə BMT-nin Regional İqlim Həftəsi ilə paralel keçirilməsi Azərbaycanın iqlim gündəliyində təşəbbüskar və əlaqələndirici rolunu daha da möhkəmləndirir. Eyni zamanda ölkəmizin bərpa olunan enerji potensialının genişləndirilməsi, yaşıl enerji layihələri və regional əməkdaşlıq istiqamətində həyata keçirdiyi siyasət bu gündəliyin praktik əsaslarını formalaşdırır.
Mən hesab edirəm ki, Bakı İqlim Həftəsinin ən mühüm nəticəsi iqlim məsələlərinə müxtəlif baxışların səsləndirilməsi ilə yanaşı, konkret əməkdaşlıq və icra imkanlarının genişləndirilməsi olmalıdır. Azərbaycan COP29-la qlobal iqlim diplomatiyasının mühüm platformalarından birinə çevrilən Bakını indi də real həllərin, regional tərəfdaşlığın və davamlı inkişaf təşəbbüslərinin müzakirə olunduğu məkana çevirir. Bu proses ölkəmizin milli maraqları, ekoloji təhlükəsizliyi və gələcək nəsillər qarşısında məsuliyyəti baxımından xüsusi əhəmiyyət daşıyır.
Fatma Yıldırım
 Milli Məclisin deputatı