“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA


“Kristal Abşeron” MTK ilə bağlı redaksiyamıza növbəti ciddi şikayət daxil olub. Sakinlərin iddialarına görə, uzun müddətdir davam edən narazılıqların aradan qaldırılmaması və vətəndaşların suallarına aydın cavab verilməməsi vəziyyəti daha da gərginləşdirir.

Redaksiyaya müraciət edən Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala küçəsi, ev 117 ünvanında yaşayan, “Merhemet.tv”nin baş redaktoru Gülnara Nəcməddin qızı Həmidova bildirir ki, bu məsələ ilə bağlı daha əvvəl – 2 aprel 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidentinə “BAŞ REDAKTORDAN PREZİDENTƏ AÇIQ MƏKTUB” sərlövhəli müraciət ünvanlanıb.

Şikayətçinin sözlərinə görə, “Kristal Abşeron” tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasında mənzillərin faktiki sahəsi ilə çıxarış sənədlərində göstərilən sahə arasında ciddi fərqlərin olduğu iddia edilir. Bildirilir ki, bəzi mənzillərdə bu fərq 7–8 kvadratmetr, bəzi hallarda isə 10–15 kvadratmetrədək təşkil edir.

Ən çox sual doğuran məqam isə mənzillərin saxlanması və ümumi xərclərin hesablanması ilə bağlıdır.

Şikayətçi Gülnara Həmidova bildirir ki, mənzilinin çıxarışında sahə 71 kvadratmetr göstərildiyi halda, binanın saxlanması və ümumi xərcləri üçün aylıq ödəniş 78 kvadratmetr üzərindən hesablanır. Təbii olaraq burada ortaya çox ciddi sual çıxır: Əgər mənzilin hüquqi sənədində sahə 71 kvadratmetrdirsə, aylıq ödəniş hansı əsasla 78 kvadratmetr hesablanır? Daha diqqətçəkən məqam odur ki, vətəndaş mənzili aldıqdan sonra müəyyən problemlər ortaya çıxır. Şərtlərə görə həmin problemləri MRK tərəfindən öz həllini tapmalıdır. 

Vətəndaşların haqlı olaraq cavab tələb etdiyi əsas məsələ də məhz budur. Sakinlər ödədikləri vəsaitin hansı hüquqi və faktiki əsaslarla hesablandığını bilmək istəyirlər.

Şikayətdə daha bir ciddi məqam da vurğulanır. Sakinlərin iddiasına görə, “Kristal Abşeron” MTK-nın rəhbəri Məhayət Nəbiyevin qəbuluna düşmək, yaranmış problemləri birbaşa rəhbərliyə çatdırmaq və konkret cavab almaq olduqca çətindir. Sakinlər sual edir: Vətəndaşın problemi varsa, onu kim dinləməlidir? Rəhbərliyə çıxış mümkün deyilsə, sakin öz hüququnu necə müdafiə etməlidir?

Burada söhbət sadəcə bir neçə manatlıq ödənişdən getmir. Söhbət vətəndaşın mülkiyyət hüququndan, şəffaf hesablaşmadan və idarəetmədə məsuliyyətdən gedir. Mənzil sahibi öz əmlakının sahəsi ilə bağlı sənəddə göstərilən rəqəmlə ödədiyi xidmət haqqı arasında fərq görürsə, bunun əsaslandırılmış və yazılı izahını almaq onun ən təbii haqqıdır.

“Kristal Abşeron” MTK rəhbərliyi bu iddialara aydınlıq gətirməlidir. Əgər hesablamaların hüquqi və müqavilə əsası varsa, bunu sakinlərə və ictimaiyyətə açıq şəkildə izah etmək çətin olmamalıdır. Əks halda, vətəndaşların narazılığının daha da artması və məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarına müraciətlərin davam etməsi qaçılmaz görünür.

Redaksiya olaraq hesab edirik ki, belə məsələlərdə əsas prinsip şəffaflıq, qanunçuluq və vətəndaşın hüquqlarına hörmət olmalıdır. Sakinlərin konkret sualları varsa, onların cavabsız qalması isə problemin həlli deyil. 

Qeyd: Yazıda səsləndirilən fikirlər və məlumatlar şikayətçi və sakinlərin iddialarına əsaslanır. “Kristal Abşeron” MTK-nın mövqeyini, açıqlamasını və təqdim edəcəyi sənədləri dərc etməyə hazırıq.

P.S. Son illər Bakı şəhərində və paytaxtın ətraf ərazilərində çoxmərtəbəli yaşayış binalarının tikintisinin sürətlə artması cəmiyyətdə bir sıra ciddi suallar doğurur. Yeni yaşayış komplekslərinin inşası şəhərin inkişafının göstəricisi sayılsa da, bu proses şəhərsalma prinsiplərinə, ekoloji tələblərə və mövcud infrastrukturun imkanlarına uyğun həyata keçirilmədikdə ciddi problemlərə yol aça bilər.

Xüsusilə bəzi ərazilərdə tikinti işlərinin aparılması zamanı yaşıllıq sahələrinin azalması, ağacların məhv edilməsi, nəqliyyat sıxlığının artması, kommunal və sosial infrastrukturun yüklənməsi ilə bağlı narazılıqlar səsləndirilir. Sakinlər haqlı olaraq soruşurlar: yeni binalar tikilərkən həmin ərazinin yol, su, kanalizasiya, elektrik, məktəb, dayanacaq və digər infrastrukturlarının mövcud yükü nəzərə alınırmı?

Daha ciddi məsələ isə bəzi tikinti layihələrinin müvafiq icazələrin olub-olmaması ilə bağlı cəmiyyətdə yaranan şübhələrdir. Müxtəlif ərazilərdə tikinti aparan ayrı-ayrı sahibkarların bütün zəruri razılıq və icazələri almadan fəaliyyət göstərməsi barədə iddialar səslənir. Əgər belə hallar təsdiqini taparsa, bu, yalnız şəhərsalma qaydalarının pozulması deyil, həm də aidiyyəti qurumların nəzarət mexanizmlərinin ciddi şəkildə araşdırılmasını zəruri edən məsələdir.

Burada daha bir mühüm məqam ortaya çıxır: qanuni tikinti üçün bütün sahibkarlar eyni prosedurlardan keçməli olduğu halda, hansısa şirkət və ya iş adamına qanunsuz üstünlük yaradılması mümkündürmü? Əgər müəyyən hallarda icazə prosedurlarından yayınma və ya vəzifəli şəxslərlə qeyri-qanuni münasibətlər hesabına tikintiyə şərait yaradılması faktları varsa, bu məsələlər hüquq-mühafizə və aidiyyəti dövlət qurumları tərəfindən araşdırılmalıdır.

Çünki şəhərsalma sahəsində şəffaflığın olmaması korrupsiya risklərini artıran amillərdən biri ola bilər. Ona görə də hər bir tikinti obyektinin hansı sənədlər əsasında inşa edildiyi, layihənin təsdiq olunub-olunmadığı, tikintiyə icazələrin mövcudluğu və ərazinin şəhərsalma sənədlərinə uyğunluğu ictimaiyyət üçün mümkün qədər şəffaf olmalıdır.

Bakı onsuz da nəqliyyat sıxlığı, ekoloji problemlər və yaşıllıq sahələrinin qorunması məsələləri ilə üz-üzədir. Paytaxtın gələcək inkişafı yalnız yeni binaların sayının artırılması ilə ölçülməməlidir. Əsas məsələ insan üçün rahat, təhlükəsiz, ekoloji baxımdan sağlam və müasir şəhər mühitinin yaradılmasıdır.

Bu səbəbdən aidiyyəti dövlət qurumlarının Bakı şəhərində və ətraf ərazilərdə aparılan çoxmərtəbəli tikintilərlə bağlı nəzarəti gücləndirməsi, xüsusilə yaşıllıq sahələrinin qorunması, tikinti icazələrinin qanuniliyinin yoxlanılması və mümkün korrupsiya risklərinin araşdırılması cəmiyyətin gözləntisidir.

Əgər hər şey qanunidirsə, o zaman şəffaflıqdan çəkinməyə də heç bir əsas yoxdur.


Merhemet.TV