MÜQƏDDƏS BAYRAĞIMIZ

Hər xalqın tarixində onun taleyini, mübarizəsini, arzu və ideallarını özündə yaşadan müqəddəs dəyərlər var. Bu dəyərlərin ən ucası isə bayraqdır. Bayraq sadəcə rənglərdən ibarət bir parça deyil. O, bir xalqın kimliyi, yaddaşı, azadlıq eşqi, müstəqillik iradəsi və gələcəyə inamıdır. Bayraq dalğalandıqca xalqın ruhu da yüksəlir, tarix danışır, Vətən öz varlığını dünyaya bəyan edir.

Bizim bayrağımızın da özünəməxsus taleyi, zəngin tarixi və dərin mənası var. Mavi, qırmızı və yaşıl rənglərin birləşdiyi üçrəngli bayrağımız Azərbaycan xalqının milli düşüncəsini, mənəvi dünyasını və dövlətçilik ideallarını əks etdirir. Mavi rəng türk mənşəyimizi və milli kimliyimizi, qırmızı rəng müasirliyi, inkişafı və demokratik dəyərləri, yaşıl rəng isə İslam mədəniyyətinə mənsubluğumuzu ifadə edir. Aypara və səkkizguşəli ulduz isə bayrağımıza xüsusi bir gözəllik və rəmzi məna verir.

Bu dediklərimiz rəsmi qəbul edilən məlumatlardır. Mən isə bir qədər fərqli şəkildə izah etmək istərdim; Mənim üçün bayrağımız yalnız dövlət rəmzi deyil. O, keçmişimizlə gələcəyimiz arasında qurulan mənəvi körpü, milli qürurumuzun ifadəsi, birlik və bütövlüyümüzün nişanəsidir. Ona baxanda tariximizi, qəhrəmanlarımızı, azadlıq arzularımızı və gələcəyə olan ümidlərimizi görürəm.

Mavi rəng başımızın üstündə mavi səmanı, yaşıl rəng ayağımızın altında əkib-becərilən torpağı, qırmızı rəng isə doğma torpağımız, vətənimiz üçün tökülən qızıl qanın rəmzidir.

Bu bayrağın tarixi Azərbaycan xalqının azadlıq və müstəqillik mübarizəsi ilə sıx bağlıdır. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə xalqımız Şərqdə ilk demokratik respublikalardan birinin qurucusu oldu. Həmin ilin noyabrın 9-da üçrəngli bayrağımız dövlət bayrağı kimi qəbul edildi. Bu, yalnız dövlət rəmzinin təsdiqi deyildi; əsrlər boyu müstəqillik arzusu ilə yaşamış bir xalqın öz taleyinə sahib çıxmasının tarixi təzahürü idi.

1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə bayrağımızın rəsmi dalğalanmasına son qoyuldu. Lakin o, xalqımızın yaddaşından silinmədi. Üçrəngli bayraq mühacirətdə yaşayan azərbaycanlıların qəlbində, istiqlal mübarizəsi aparan insanların düşüncəsində yaşadı. O, bir gün yenidən müstəqil Azərbaycanın səmasında dalğalanacağına inamın rəmzinə çevrildi.

1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Heydər Əliyevin təşəbbüsü ilə üçrəngli bayrağımız yenidən dövlət bayrağı kimi qəbul edildi. 1991-ci il fevralın 5-də isə Azərbaycan Respublikasının dövlət bayrağı statusunu aldı. Beləliklə, xalqımızın tarixi yaddaşında yaşayan istiqlal rəmzi yenidən öz layiqli yerinə qayıtdı.

Bu gün bayrağımız müstəqil Azərbaycanın bütün dünyada tanınan müqəddəs rəmzidir. O, dövlət binalarında, məktəblərdə, universitetlərdə, beynəlxalq tədbirlərdə, idman arenalarında və Vətənimizin ən uca zirvələrində qürurla dalğalanır. Xüsusilə Qarabağ torpaqlarında üçrəngli bayrağımızın ucalması xalqımızın yaddaşına əbədi həkk olunmuş tarixi qələbənin, milli birliyin və dövlətimizin qüdrətinin təcəssümüdür.

Bayraq həm də şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı, əsgərlərimizin andı, analarımızın duası ilə mənəvi məna qazanmış müqəddəs bir əmanətdir. Onun hər dalğalanışında Vətən uğrunda canından keçənlərin xatirəsi, azadlıq uğrunda mübarizə aparanların iradəsi duyulur. Bu bayrağın kölgəsində böyüyən hər bir gənc bilməlidir ki, müstəqillik bizə asanlıqla miras qalmayıb. O, böyük mübarizələrin, itkilərin, fədakarlıqların və qurbanların bahasına qazanılıb.

  1. Bakı xanlığı-(XIX əsr)


  1. İrəvan xanlığı –(XVIII əsr)-Hüseynqulu xan  


  1. Gəncə xanlığı-(XVIII əsr)-Cavad xan



  1. Şəki xanlığı- (XVIII əsr)-Hacı               

                                                                               Çələbi xan

5) Qarabağ xanlığının bayrağı (1807) Mehdiqulu x.

6) Qarabağ xanlığının bayrağı 1807-rusiyanın təklif etdiyi bayraq


  Bayrağa sevgi yalnız onu seyr etməklə, qarşısında dayanmaqla bitmir. Bayrağa sevgi Vətəni sevmək, onun dilini, tarixini, mədəniyyətini qorumaq, dövlətinə sədaqətlə xidmət etmək, ölkənin gələcəyi üçün çalışmaq deməkdir. Hər bir vətəndaş öz əməyi, biliyi, vicdanı və məsuliyyəti ilə bayrağımızın şərəfini uca tutmalıdır.

Mənim üçün bayrağımız yalnız dövlət rəmzi deyil. O, keçmişimizlə gələcəyimiz arasında qurulan mənəvi körpü, milli qürurumuzun ifadəsi, birlik və bütövlüyümüzün nişanəsidir. Ona baxanda tariximizi, qəhrəmanlarımızı, azadlıq arzularımızı və gələcəyə olan ümidlərimizi görürəm.

Qoy üçrəngli bayrağımız hər zaman uca zirvələrdə dalğalansın! Qoy onun kölgəsində böyüyən nəsillər müstəqil Azərbaycanın tarixini, dilini, milli dəyərlərini və dövlətçilik ənənələrini qürurla yaşatsınlar!

Bayrağımız bizim qürurumuz, tariximiz, andımız və gələcəyə inamımızdır. O, yüksəldikcə Azərbaycan da yüksəlir!

 Həcər Emin qızı Hüseynova (Umani)
 Filologiya elmləri doktoru, professor

Azərbaycan Dövlət Pedaqoji Universiteti, MMU

Yazıçı-publisist, “Zəfər”, “Nizami Gəncəvi-880”, 

 “Qızıl qələm” media mükafatları laureatı