8 NOYABR – ZƏFƏR GÜNÜ AZƏRBAYCAN XALQININ MİLLİ QÜRURUNUN, MƏĞRURLUĞUNUN VƏ DÖYÜŞ ƏZMİNİN TƏNTƏNƏSİDİR!
08-noy, 13:13 21 Gündəm / Sosial
8 Noyabr Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə yazılmış, tariximizin ən şanlı səhifələrindən birinə çevrilmiş möhtəşəm Zəfər Günüdür. Bu gün yalnız hərbi qələbənin deyil, xalqımızın milli birliyinin, sarsılmaz iradəsinin, Vətən sevgisinin, dövlətçilik əzminin və tarixi ədalətin bərpasının təntənəsidir. Zəfər Günü Azərbaycan xalqının əsrlər boyu qəlbində yaşatdığı Vətən həsrətinin, torpaq nisgilinin və azadlıq arzusunun gerçəyə çevrildiyi müqəddəs bir tarixdir.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan tarixində yeni bir dövrün başlanğıcını qoydu. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın azadlığı uğrunda mübarizəyə qalxdı. 44 gün davam edən müharibə xalqımızın necə böyük iradəyə, ordumuzun isə hansı döyüş qüdrətinə malik olduğunu bütün dünyaya nümayiş etdirdi.
Bu müharibə Azərbaycan əsgərinin qəhrəmanlıq salnaməsi, xalqımızın birlik və həmrəylik imtahanı oldu. Hər bir azərbaycanlı ürəyində bir amal, dilində bir şüar, qəlbində bir arzu ilə yaşayırdı: Qarabağ azad olsun!
Döyüş meydanında Azərbaycan əsgəri yalnız silahla deyil, həm də Vətənə olan sonsuz məhəbbəti, torpağa bağlılığı və şəhidlərimizin ruhu qarşısında daşıdığı məsuliyyətlə mübarizə aparırdı. Onlar bilirdilər ki, hər qarış torpaq uğrunda aparılan mübarizə gələcək nəsillərin azad və firavan yaşaması deməkdir.
Azərbaycanın hərbi qüdrəti, müasir döyüş taktikası, ordumuzun peşəkarlığı və əsgərlərimizin misilsiz şücaəti nəticəsində düşmənin uzun illər ərzində qurduğu müdafiə istehkamları darmadağın edildi. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Hadrut, Şuşa və digər yaşayış məntəqələrinin azad edilməsi xalqımıza böyük sevinc bəxş etdi.
Nəhayət, 2020-ci il noyabrın 8-də Azərbaycanın mədəniyyət beşiyi, Qarabağın tacı olan Şuşa şəhəri azad edildi. Şuşanın azad olunması müharibənin taleyini həll edən ən mühüm hərbi-strateji hadisələrdən biri oldu. Sıldırım qayaları, çətin relyefi və möhkəmləndirilmiş müdafiə mövqeləri ilə seçilən Şuşanın qəhrəman Azərbaycan əsgərləri tərəfindən azad edilməsi dünya hərb tarixinə misilsiz döyüş nümunəsi kimi düşdü.
Şuşa azad edildi! Bu xəbər hər bir azərbaycanlının qəlbində sevinc göz yaşlarına çevrildi. İllərlə Vətən həsrəti ilə yaşayan insanların arzusu gerçəkləşdi. Şuşanın küçələrində üçrəngli Azərbaycan bayrağının dalğalanması xalqımızın milli qürurunun və tarixi ədalətin təntənəsi idi.
Zəfərimizin arxasında yalnız döyüşən əsgər və zabitlərimizin deyil, bütövlükdə Azərbaycan xalqının fədakarlığı dayanırdı. Arxa cəbhədə çalışan insanlar, könüllülər, həkimlər, jurnalistlər, hərbçilərin ailələri, xüsusilə də şəhid anaları və şəhid övladları bu böyük mübarizənin mənəvi dayağı oldular.
Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın xatirəsi hər zaman ehtiramla anılmalıdır. Onlar öz canlarını Azərbaycanın ərazi bütövlüyü, dövlətimizin suverenliyi və xalqımızın azad gələcəyi naminə fəda etdilər. Şəhidlik zirvəsinə ucalan igidlərimizin hər biri müstəqil Azərbaycanın qəhrəmanlıq tarixinin canlı səhifəsidir.
Xüsusilə qeyd etmək lazımdır ki, Vətən müharibəsində yalnız hərbi qulluqçular deyil, Azərbaycan polisinin əməkdaşları da böyük qəhrəmanlıq və fədakarlıq nümayiş etdirdilər. Torpaqlarımızın müdafiəsi və azadlığı uğrunda mübarizədə şəhidlik zirvəsinə ucalan polis əməkdaşlarımızın da əziz xatirəsi daim qəlbimizdə yaşayacaq. Onlar xidməti vəzifələrinə, dövlətə və xalqa sədaqətlərini canları bahasına sübut etdilər. Şəhid polis əməkdaşlarımızın qəhrəmanlığı Azərbaycan tarixinin unudulmaz səhifələrindən biridir. Onların ailələrinə, övladlarına və yaxınlarına göstərilən diqqət və qayğı hər birimizin mənəvi borcudur.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli siyasi iradəsi, uzaqgörən strategiyası və diplomatik məharəti Zəfərimizin əldə olunmasında mühüm rol oynadı. Dövlət başçısının müharibə dövründə həm döyüş meydanında, həm də beynəlxalq informasiya məkanında nümayiş etdirdiyi prinsipial mövqe Azərbaycanın haqlı mübarizəsinin dünyaya çatdırılmasına xidmət etdi.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti öz gücünü, siyasi iradəsini və milli birliyini nümayiş etdirdi. Ali Baş Komandanın xalqla birliyi, ordumuza olan inamı və qələbəyə sarsılmaz əminliyi Zəfər yolumuzun əsas mənəvi dayaqlarından biri oldu.
Zəfər Gününün mənası yalnız 44 günlük müharibənin nəticəsi ilə məhdudlaşmır. Bu tarix həm də gələcək nəsillərə ötürülən milli məsuliyyət, dövlətə sədaqət və Vətən sevgisi dərsidir. Biz bu gün azad edilmiş torpaqlarda aparılan genişmiqyaslı quruculuq işlərinin, yenidən salınan şəhər və kəndlərin, doğma yurdlarına qayıdan insanların sevincinin şahidiyik.
Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və quruculuq layihələri Böyük Qayıdışın real təzahürüdür. Vaxtilə dağıdılmış şəhərlərimiz yenidən qurulur, yollar çəkilir, məktəblər, xəstəxanalar, yaşayış binaları istifadəyə verilir. Ağalıdan Laçına, Füzulidən Şuşaya qədər hər bir ünvan Azərbaycanın quruculuq əzmini nümayiş etdirir.
Bu gün bizim üzərimizə düşən əsas vəzifələrdən biri Zəfər tariximizi qorumaq, şəhidlərimizin xatirəsini yaşatmaq, qazilərimizə sahib çıxmaq və dövlətimizin inkişafına öz töhfəmizi verməkdir. Çünki Zəfər yalnız keçmişimizin qüruru deyil, həm də gələcəyimizin məsuliyyətidir.
Hər bir Azərbaycan vətəndaşı bilməlidir ki, müstəqillik, suverenlik və ərazi bütövlüyü dövlətimizin ən böyük sərvətidir. Bu sərvətin qorunması isə hər birimizin vətəndaşlıq borcudur.
8 Noyabr bizə bir daha xatırladır ki, xalq bir olduqda, dövlət və ordu bir amal ətrafında birləşdikdə qarşıya qoyulan ən böyük məqsədlərə belə nail olmaq mümkündür. Azərbaycan xalqı öz birliyi, əzmi və qəhrəman övladlarının fədakarlığı ilə tarix yazdı.
Bu gün üçrəngli bayrağımızın Qarabağda və Şərqi Zəngəzurda qürurla dalğalanması şəhidlərimizin qanı, qazilərimizin sağlamlığı, əsgər və zabitlərimizin şücaəti hesabına mümkün olmuşdur. Həmin bayraq bizim milli kimliyimizin, azadlığımızın, müstəqilliyimizin və dövlətçilik iradəmizin rəmzidir.
Zəfər Günü həm də şəhidlərimizin ruhuna ehtiram, qazilərimizə minnətdarlıq, müharibə iştirakçılarına hörmət və gələcək nəsillərə əmanət edilən müqəddəs tarixdir. Bu tarixi unutmaq olmaz, unutmağa haqqımız da yoxdur!
Qarabağ Azərbaycandır! Azərbaycan xalqı qalib xalqdır! Azərbaycan Ordusu qalib ordudur! Zəfərimizin müəllifi isə xalqımızın birliyi, qəhrəman əsgərimizin şücaəti və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyidir!
8 Noyabr – Zəfər Günü münasibətilə xalqımızı ürəkdən təbrik edir, dövlətimizə davamlı inkişaf, ölkəmizə əmin-amanlıq, xalqımıza firavanlıq arzulayıram! Şəhidlərimizin əziz xatirəsi qarşısında baş əyir, qazilərimizə möhkəm cansağlığı diləyir, müharibə iştirakçılarına dərin minnətdarlığımı bildirirəm.
Uca Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizi qorusun, müstəqil Azərbaycanımızı daim var etsin!
Yaşasın qüdrətli Azərbaycan! Yaşasın Müzəffər Ali Baş Komandan! Yaşasın qalib Azərbaycan xalqı!
8 Noyabr – Zəfər Günümüz mübarək olsun!
Çingiz Mahmudov
Şəhid ailə üzvü,
Zeferyolu.az-ın direktoru





