Pekində Ulu Öndərin 100 illiyinə həsr olunan sərgi və konsert keçirildi


"Xalqın incəsənət və mədəniyyət sahəsindəki nailiyyətləri Vətənini, millətini sevən hər bir şəxs üçün iftixar mənbəyidir."
Heydər Əliyev


Aprelin 17-də Pekində Diaoyutay dövlət iqamətgahında Azərbaycan xalqının ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan sərgi və konsert təşkil olunub.

Heydər Əliyev Fondunun Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının və ölkəmizin Çindəki Səfirliyinin birgə təşkilatçılığı ilə keçirilən sərgidə Çinin Dövlət Qurumlarının rəsmiləri, Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Min, ictimai xadimlər, elm və incəsənət adamları, diplomatlar iştirak edib.


Görkəmli Siyasi və Dövlət xadimi, Əbədiyaşar Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı təşkil olunan foto-sərgidə Ulu Öndərin mənalı həyatını əks etdirən və tarixin yaddaşına çevrilən fotoşəkillər nümayiş etdirilib.

Mərasimdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və Azərbaycan Respublikasının Xalq artisti, mədəniyyət nazirinin müavini Murad Hüseynov da iştirak edib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov çıxışında görkəmli dövlət xadimi Heydər Əliyevin Ümumilli Lider kimi Azərbaycanı çətin vəziyyətdən çıxararaq inkişaf yoluna yönəltdiyini, Ulu Öndərin müasir Azərbaycanın qurucusu olduğunu vurğulayıb.


Mərasim ziyafət və Azərbaycan incəsənət ustalarının ifasında maraqlı konsert proqramıyla davam etdirilib.
Azərbaycan Respublikasının Xalq artisti Ənvər Sadıqovun rəhbərlik etdiyi "Qaytağı" instrumental ansamblının müşayiəti ilə keçirilən konsertdə Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayonu Xan Şuşinski adına Muğam Uşaq Musiqi Məktəbinin xanəndəlik şöbəsi üzrə lll sinif şagirdi Mətin Cəfərov da çıxış etmişdir. "Qarabağ şikəstəsi" zərb muğamıyla çıxış edən şagirdimiz qonaqlar tərəfindən rəğbətlə qarşılanaraq alqışlara layiq görülmüşdür.


Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən muğam müsabiqələri, xarici ölkələrdə konsertlərin təşkili, gənc nəslin yetişməsində, eləcə də onların gələcəyə yol tapmasında çox böyük rol oynayır. Muğamın nə qədər gözəl sənət olduğunu bütün Azərbaycan xalqı, eləcə də bütün dünya görür.

Ağcabədi Regional Mədəniyyət İdarəsi, Ağdam rayonu Xan Şuşinski adına Muğam Uşaq Musiqi Məktəbinin rəhbərliyi adından azyaşlı muğam ifaçılarına, gənclərə yaratdığı gözəl şərait üçün Heydər Əliyevin Fondunun prezidenti Mehriban xanım Əliyevaya dərin təşəkkür və minnətdarlığımızı bildiririk.


P.S. Mən də "Qanunyolutv.az" saytının rəhbəri olaraq kollektivimiz adından Ağdam rayonu Xan Şuşinski adına Muğam Uşaq Musiqi Məktəbinin rəhbəri Xətayə xanım Cəfərovaya və rəhbərlik etdiyi kollektivə daima işlərində, yaradıcılıqlarında uğurlar, yeni-yeni müvəffəqiyyətlər arzulayıram.

Materialı hazırladı: "Qanunyolutv.az"