İmişlidə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tədbir keçirilib
10-may, 13:00 152 Gündəm / BölgəBu gün İmişli rayon Heydər Əliyev Mərkəzinin akt zalında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, aparatın məsul işçiləri, Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək İctimai Birliyin sədri Yasəmən Qəyyumlu, şəhid ailələri, rayonun hüquq-mühafizə orqanları, idarə və təşkilat nümayəndələri, ictimaiyyət nümayəndələri, eləcə də rayon sakinləri əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb, görkəmli dövlət xadiminin əziz xatirəsi böyük ehtiramla yad edilib. Sonra Ulu Öndərin adını daşıdığı parkda rəsm sərgisinə baxış keçirilib, balacaların ifalarında musiqilər dinlənilib. Daha sonra tədbir rəsmi hissə ilə davam edib.
Öncə Dövlət Himni səsləndirilib. Daha sonra çıxış edən icra başçısı qeyd edib ki, Ümummilli Liderimiz Heydər Əliyevin dahi şəxsiyyətlər sırasında əlçatmaz, uca və bənzərsiz yeri var. Hələ sağlığında əfsanələşən, sarsılmaz iradəyə malik olan, bütün mənalarında zamanı qabaqlayan, xalqımızın yaddaşına Ulu Öndər kimi həkk olunan Heydər Əliyev fenomeni Azərbaycanın son 50 ilinin, xüsusilə müstəqillik dönəminin tarixini yazıb, eyni zamanda gələcək hədəflərimizi düzgün müəyyənləşdirib. Ulu Öndərin sayəsində müstəqil Azərbaycan Respublikası azərbaycançılıq fəlsəfəsi əsasında qısa müddətdə tanınıb möhkəmləndi, inkişaf etmiş dünya ölkələri ilə əlaqələr qurdu, bütün sahələrdə uğurlar əldə etdi, öz haqqını dünyanın ən ali tribunalarında və təşkilatlarında nümayiş etdirdi, dünya ölkələri iqtisadi və siyasi böhran keçirdiyi bir dövrdə inkişafa nail oldu. Vətən müharibəsində Ali Baş Komandan cənab İlham Əliyevin peşəkar rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun düşməni məhv edərək, uzun illər işğal altında olan torpaqlarımızı azad etməsi məhz Ulu Öndər Heydər Əliyev ideyalarının əbədi olaraq yaşadığını və bu müdrik ideyaların Azərbaycan xalqını xoşbəxt gələcəyə doğru apardığını sübut edən mühüm tarixi hadisədir. Azərbaycan xalqı və dövləti var olduğu müddətdə əvəzedilməz şəxsiyyət olan Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi xalqımızın qəlbində var olacaq, daim hörmətlə anılacaqdır.
Tədbirin sonunda Ulu Öndərin zəngin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Fərid Səfərov
Birliyin mətbuat katibi