Milli Qurtuluş Günü

f0720c21a53f5faa23fb8a962beffc89.jpg

Bu gün hər kəs, istər müstəqil Azərbaycanın vətəndaşları, istərsə də bütün dünyada yaşayan azərbaycanlılar yaxşı bilir ki, Heydər Əliyev şəxsiyyəti müasir Azərbaycanın dövlətçilik tarixində ən parlaq simadır. Azərbaycan xalqının qəlbində əbədiyaşar yerə sahib, hələ sağlığında Ümummilli Lider statusunu qazanan, Ulu Öndər kimi milyonların sevimlisi olan Heydər Əliyev müasir Azərbaycan dövlətinin xilaskarı, memarı və qurucusu kimi tarixə düşüb. Bəli, hər kəsin bildiyi və qəbul etdiyi, bəzilərinin istəməsə belə qəbul etməyə məcbur olduğu yenilməz bir həqiqət var ki, bu, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının xilaskarı, onun müəyyən etdiyi ideoloji xəttin müasir dövlətimizin parlaq gələcəyinin təminatçısı olmasıdır. Azərbaycan tarixində silinməz izlər qoymuş dahi şəxsiyyətin biz azərbaycanlılara bəxş etdiyi saysız-hesabsız tarixi günlər vardır ki, xalqımız bu gün həmin tarixləri əsl bayram kimi qeyd edərək dahi şəxsiyyəti böyük hörmət və ehtiramla anır.
Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü ilin 15 iyunundan 30 il ötür. Bu o tarixdir ki, həmin gün dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilməsi üçün əsaslı sütunlar yarandı. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu.
Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişini şərtləndirən səbəblərə nəzər yetirsək görərik ki, Ümummilli Liderin 15 iyun 1993-cü ildə hakimiyyətə qayıdışı ilə dövlətimizin müstəqilliyinin qorunub saxlanılması bərqərar oldu.
Heydər Əliyevin hakimiyyətə qayıtmasından əvvəl ölkədəki vəziyyət hər birimizin yadındadır. 1993-cü il 15 iyuna qədər ölkədəki kriminagen vəziyyət son həddə çatmışdı. Qiyamçı Surət Hüseynovun hərbi dəstələri döyüş bölgəsini tərk edərək hakimiyyəti ələ keçirmək üçün Bakıya doğru hərəkət edirdi. Cənubda separatçı Əlikram Hümbətov praktiki olaraq bir neçə rayonun inzibati binasını güc yolu ilə keçirib AXC hakimiyyətinə tabe olmaqdan boyun qaçırırdı. Şimalda da Azərbaycan vətəndaşı olan milli azlıqlara məxsus bəzi etnik qruplar arasında da kənar qüvvələrin təsiri ilə inamsızlıq və etimadsızlıq toxumu səpilirdi ki, bunun da separatçılığa çevrilmə ehtimalı özünü büruzə verməyə başlamışdı. Hətta məişət səviyyəsində kriminagen vəziyyət o həddə çatmışdı ki, paytaxt Bakı küçələrində heç kimə tabe olmayan əli silahlı qruplar və fərdlər istədikləri adamı cəzalandıra bilirdilər. Gənc nəsil bunu bilməsə də, o zamankı vəziyyəti gündəlik həyatında hiss edən hər bir şəxs təsdiqləyə bilər ki, hər hansı adi vətəndaşın evdən çıxaraq sağ-salamat qayıtmasına əminlik yox idi.
Həmin dövrdə Azərbaycan sadəcə daxili yox, xarici siyasət və təhlükəsizlik problemləri ilə qarşılaşmışdı. Ermənistan silahlı qüvvələrinin yeni-yeni Azərbaycan ərazilərini ələ keçirməsinə baxmayaraq, ABŞ Konqresi Dağlıq Qarabağ münaqişəsini əsas gətirərək Azadlığın Dəstəklənməsi Aktına 907-ci düzəlişi edərək Azərbaycana Amerikanın birbaşa yardımını qadağan etmişdir. Maraqlıdır ki, 907-ci düzəlişdə məhz Azərbaycan işğalçı tərəf kimi göstərilirdi. Azərbaycanın dövlət müstəqilliyinin təməlini təşkil edən enerji məsələsində dünyanın enerji nəhəngləri ilə aparılan danışıqların nəticəsiz qalması iqtisadiyyatın inkişaf etdirilməsi perspektivinin önünü tıxayırdı.
AXC rəhbərliyinin məsuliyyətsiz bəyanatlarının nəticəsi olaraq qonşu ölkələrlə münasibətlər gərginləşmişdi. Gürcüstanda Zviad Qamsaxurdiya faktiki olaraq azərbaycanlıların etnik təmizləmə siyasətini yürüdürdü ki, Ermənistan və Dağlıq Qarabağdan olan qaçqınlara əlavə olaraq ölkəmizə Gürcüstandan azərbaycanlıların böyük axını başlamışdı.
Cənubi Azərbaycan məsələsi ilə bağlı AXC-nin rəhbərliyinin məsuliyyətsiz bəyanatlarının nəticəsi olaraq İran ilə münasibətlər son dərəcə gərginləşmiş və İranın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi Ermənistanın xeyrinə dəyişmişdi.
AXC rəhbərliyinin o illərdə Azərbaycanın siyasi reallıqlarını diqqətə almadan Çini narahat edən bəyanatlar verməsi xarici siyasətdə ölkənin problemlərlə qarşılaşmasına səbəb olmuşdur.
Bütün bunlara əlavə olaraq erməni lobbisinin mütəşəkkil fəaliyyəti nəticəsində Azərbaycan informasiya müharibəsində də təcrid olunmuş vəziyyətdə qalmışdı.
Ölkənin müstəqilliyinin itirilməsi ilə üzləşdiyi bir şəraitdə AXC hakimiyyəti xalqın israrlı tələbləri ilə, çıxış yolunu yeganə xilaskar kimi Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etməkdə gördü. Xalqın təkidli tələbi ilə Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldi. Dövlətçiliyin xilas edildiyi gün olan 1993-cü il iyunun 15-ni - ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıtdığı günü xalqımız müasir tariximizin qürur və şərəf səhifəsi - Milli Qurtuluş Günü kimi qəbul etdi.
Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatında, eləcə də cəmiyyətin hər bir sferasında yeni bir dönüş yarandı. Ulu Öndərin siyası uzaqgörənliyi nəticəsində ictimai-siyasi həyatda stabilliyin əldə edilməsi ilə yanaşı, ölkə iqtisadiyyatının bərpası istiqamətində fəaliyyətlər sürətləndi.
Heydər Əliyevin hakimiyyətə qayıtmasından sonra ölkəmizdə milli barış və inkişaf dövrü başlandı. Daxili siyasətdə əldə olunan nəticələrə nəzər salsaq bunu əyani şəkildə görə bilərik.
Heydər Əliyev Bakıya gəldikdən sonra qısa bir müddətdə daxili ictimai-siyasi vəziyyəti nəzarət altına aldı, sabitlik təmin edildi;
Dağlıq Qarabağ münaqişəsində atəşkəs müqaviləsi imzalandı;
Ölkə daxilində separatçılıq meyllərinin qarşısı alındı;
İqtisadi problemlər əhəmiyyətli dərəcədə həll edildi;
İqtisadi sahəni tənzimləyən proqressiv qanunlar qəbul edildi, o cümlədən xarici sərmayənin ölkəyə gəlməsi məqsədilə qanunvericilik sahəsi təkmilləşdirildi;
Vətəndaşların sosial-iqtisadi vəziyyətində artım hiss edilməyə başlandı;
Ordu quruculuğunda mühüm addımlar atıldı.
Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkəmizdə enerji sahəsində də yüksək nailiyyətlərin əldə olunmasına başlanıldı.
“Əsrin Müqaviləsi” imzalandı və bu kontraktla Azərbaycanın sonrakı illər iqtisadi inkişafının əsası qoyuldu. Prezident Heydər Əliyevin uğurlu enerji siyasəti nəticəsində xarici neft şirkətləri “Əsrin Müqaviləsi” çərçivəsində Azərbaycan iqtisadiyyatına 9 milyard dollar həcmində vəsait yatırdılar;
Heydər Əliyev qətiyyət nümayiş etdirərək İran və Rusiyanın ciddi etirazlarına rəğmən ABŞ şirkətlərinin Xəzər hövzəsinə gətirdi və yataqların birgə işlənməsi başlandı;
Əsrin Müqaviləsi çərçivəsində istehsal edilən xam neftin dünya bazarlarına çıxarılması üçün Bakı-Tiflis-Ceyhan neft boru kəmərinin inşa edilməsi məsələsini uğurla həll etdi. Heydər Əliyevin hakimiyyətə qayıtması ilə Azərbaycanın xarici siyasətində də böyük uğurlara imza atıldı.
İkitərəfli və çoxtərəfli görüşlər, intensiv xarici səfərlər nəticəsində Azərbaycan informasiya sahəsində təcriddən çıxmağa nail oldu;
Dünya ictimaiyyəti Ermənistanı bir işğalçı dövlət kimi tanıdı. Sonrakı illərdə Heydər Əliyev Ermənistanın adını bir sıra beynəlxalq sənədlərə işğalçı dövlət kimi salmağa müvəffəq oldu.
Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü aydın göstərir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır. Ölkə Prezidenti cənab İlham Əliyevin uzaqgörən, düşünülmüş və qətiyyətli siyasəti sayəsində Azərbaycanın əldə etdiyi uğur və nailiyyətlər onu söyləməyə əsas verir ki, ulu öndər Heydər Əliyevin bizlərə miras qoyduğu müstəqil dövlət əmin əllərdədir. Demokratik dövlətdə siyasət xalq naminə və xalqın vasitəsilə həyata keçirilir. Ən əsası da necə ki, Ümummilli Liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, özümüzə inamımızı dirçəltdi, milli şüuru oyatdı, eləcə də ölkə başçısı həmin inamın davamlı olmasını gördüyü işlərlə təmin edir.
Bu gün - 30 il sonra əminliklə deyə bilərik ki, respublikamızın tarixində Heydər Əliyevin şəxsiyyəti həlledici rol oynayıb və zaman keçdikcə, dövlətimiz inkişaf edib müstəqilliyini möhkəmləndirdikcə Milli Qurtuluş Gününün tarixi əhəmiyyəti və dəyəri daha da aydın dərk olunacaq. İllər ötsə belə Azərbaycan xalqı 15 iyun tarixini yenə də qürur və şərəf günü kimi qəbul edəcək. O tarixi bizlərə bəxş edən dahi insanı eyni sevgi, hörmət və ehtiramla xatırlayacaqdır.
Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində böyük iqtisadi uğurlara imza atılıb. 

Bəxtiyar Ağayev

Aqrarkredit QSC-nin İdarə Heyətinin üzvü