AĞLAYAN QAYALAR
22-iyn, 12:25 185 Gündəm / CəmiyyətŞəhid Ramil Elşən oğlu Quluyevin əziz xatirəsinə...
Ağlayır yol üstə dilsiz qayalar,
Damlaların yeri göz kimi çuxur,
Çoxdanmı ağlayır, çoxmu ağlayır,
Biləni olmayıb, biləni yoxdur.
Yağan yağışları, selləri udur,
Qayalar ağlayır, ağlayır yenə...
Həsrət yaman uzun çəkdi, olmayan qədər, bəs deyən qədər. Daş qartalın əfsanəsini xatırlayıram, həsrətin uzunluğundan bu dərdə dözməyib dağ zirvəsində daşlaşan ucalıq rəmzi qartal... O əzəməti, qəzəbli baxışı, məğrur duruşu ilə daşa dönən qartal. Elə datınıb, elə daşlaşıb ki, yan-yörəsindən qoca qartallar da uçmağa qorxur, zəhmindən. Daş qartalın daşa dönmüş zəhmi də möhtəşəmdir. Bir himə bənddi, bircə himə. Silkinib oyansın, dağı da havaya qaldırmağa qüdrəti çatan qartal. Yaş yarımlığında baba yurdu Qubadlını tərk edərək otuz yaşında Qubadlıya “dönən” Ramil Elşən oğlu Quluyev. Daşlaşmış qartalın əfsanəsi – Ramilin hekayəsi belə başladı. O, qartal əzəməti ilə, qartal məğrurluğu ilə, qartal misalında, qartal nümunəsində öz ucalığına qovuşdu. Ramil vətəninin 3080 qartalından biri. “Mən bu həyata çoxunun gücü çatmayanı çatan etmək missiyası ilə gəldim” deyənlərdən biri olan qardaşım. Siz, Allahın üzümüzə açdığı qapısınız, sayənizdə qələbə havasını oynadıq və bu bizim havamızdı dedik. Göylər bu gün bizim havamızı çalır. Təmizləndik, silkindik, çıxdıq aydınlıqlara, götürdük üstümüzdən məğlub damğasını. Sizsiniz bu havanın – bu qələbənin müəllifləri! İlahi məğlub qalma qorxusunu, İlahi qalib fəxarətinə bizi çatdıranlardan biri. Haqqın qələbəsinə, İlahi ədalətin bərqərar olmasının səbəbkarlardan biri olan şərəfli qardaşımız. Siz bir də bunu sübuta yetirdiniz ki, qələbə haqqını özündə saxlamaq hər bir ləyaqətli kişinin borcudur. Bu borc hissi idi səni böyük yolun yolçusuna çevirdi. Uzun, ucadan da uca mavi rəngə bürünmüş əbədiyyət və əbədiyaşarlıq ucalığı.
Zəruri giriş: Quluyev Ramil Elşən oğlu 1991-ci ilin yanvar ayının 4-də Qubadlı rayonunda anadan olub.
1997-ci ildə Sumqayıt şəhər 14 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub. 2000-ci ildən təhsilini Sumqayıt şəhər 35 saylı tam orta məktəbində davam etdirib və 2008-ci ildə həmin məktəbin məzunu olub. Ali təhsilini Ukraynada alıb. O, 2011-ci ildə Kiyevdə Personalın İdarəetməsinin Regionlararası Akademiyası (MAUP)-nın menicment fakultəsinə daxil olub və 2015-ci ildə oranı bitirib. 2015-ci ilin iyul ayında hərbi xidmətə gedib, hərbi xidmətdə baş atıcı olub. Hərbi xidmətdə olduğu müddətdə Lələtəpə uğrunda gedən döyüşlərdə fəal iştirak etdib və 2016-cı ilin iyul ayında hərbi xidmətini bitirib. Daha sonra bir neçə özəl şirkətdə çalışıb.
27 sentyabrda səfərbəylik elan edilməmişdən əvvəl könüllü olaraq müharibəyə yazılıb. İkinci Qarabağ müharibəsi başlayan tarixdən iki gün sonra 29 sentyabrda müharibəyə gedib. Ən böyük arzularından biri Qubadlıda bayrağımızı ən uca zirvəyə sancmaq olan igidimiz 22 oktyabrda Hadrut uğrunda gedən döyüşlərdə verilən tapşırığı yerinə yetirərkən düşmənin snayper gülləsi ilə vurularaq qəhrəmancasına şəhid olub. 12 gün neytral zonada qalıb. Sonra Ülvi adlı əsgər yoldaşı onu 4 km çiynində daşıyaraq arxa cəbhəyə təhvil verib. Oktyabr ayının 22-si Sumqayıtda şəhidlər xiyabanında dəfn olunub. Subay olan qəhrəmanımızın anası uzun zaman idi ki, onkoloji xəstəlikdən əziyyət çəkirdi İkinci Qarabağ müharibəsi başlaması Ramil üçün çox çətin olub.O seçim eləməli idi. Bir yanda xəstə anası hansı ki, bilirdi ki anasının vəziyyəti çox ağırdı və anası onunla nəfəs alır. Ondan ayrı düşmək anasının xəstəliyini bir azda pisləşdirəcək. Bir yanda da Vətənə olan bağlılığı. Vaxt gəldi müharibəyə çağırış vəsiqəsi gəldi. Çox çətin idi ancaq o “Vətən dardadır. Mən qayıdana qədər möhkəm ol, sən güclü qadınsan ana”- deyib, kövrəlib ağlayaraq anasıyla sağollaşıb müharibəyə yollanıb. Anası Ramilin şəhid xəbərini eşidəndən sonra gündən-günə ağırlaşmağa başlayıb və Ramildən sonra cəmi 20 gün yaşaya bilib. Noyabr ayının 10-u qələbə günündə qələbə xəbərini eşidəndən bir neçə saat sonra dünyasını dəyişib oğluna qələbə xəbərini aparıb. Beləliklə Ramilin ailəsi Ramili və ananı itirib. Geridə bütün bu acıları yaşıyan bir ata və bir bacı qalıb. Yaşadıqları qəmə, kədərə bütün bu çətinliklərə baxmayaraq ata və bacı Ramilin vətənpərvərliyi, qəhrəmanlıqları ilə fəxr edirlər.
Quluyev Ramil Elşən oğlu ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Mən öləndə məni basdırarsınız,
Yüksək bir təpədə, bir dağ başında,
Elə bir yerdə ki, görünsün yalnız,
Bu gözəl vətənim, onun başından...
Vətən necə də gözəl görünür. Deyilənə görə o dünyanın qatı yeddidir. Yeddi qatın ucalığı Tanrınındı. Tanrı isə bu ucalığı o kəslərlə bölüşür, onun adına şəhid deyilir. Kimdir şəhid? “Ayrılarmı könül candan, Azərbaycan...” deyəndir şəhid. Ən böyük nemət olan şirin canından “uf” demədən keçəndir şəhid. “Məni şəhadətə yüksəlt, Allahım” yalvarandı şəhid. Kimdir şəhid? Candır şəhid. Qeyrət ağacıdır şəhid. Böyük bir Turandır şəhid. Kimdir şəhid? Etnosumuz Qurd oğlu qurddur şəhid. Kimdir şəhid?
Qanadı altından keçir boz duman,
Qanadının ucuna ilişir bulud.
Diksinir ötəndə onun yanından,
Qaralıb ağlayır gümüşü bulud...
Qartaldır şəhid. Məğrur duruşu ilə dağları belə qeyzləndirmək gücünə malik olandır şəhid. Daşlardan qartal düzəltmək isə dağlara xoşdur, çünki qartaldı kiçildəndir dağı... Qartal dağa, dağ qartala yaraşır. Qartal dağsız, dağ qartalsız heçdir-heç. Ona görə də babaların narahat ruhunu oyadandır şəhid. Qartalın mücadiləsi özü kimi uca, özü kimi möhtəşəm, özü kimi qorxmaz olur. İgid oğlumuz Ramil Quluyevi o daşlaşmış qartalın simvolu olaraq təsəvvür edirik. Onların hərəsinə Tanrı ayrı-ayrılıqda çox fərqli özəlliklər bəxş eləmişdi, ancaq onların hamısını bir məqam birləşdirmişdi, vətən sevərlik. Əslində onların hamısı bu məqam üçün dünyaya bəxş olunmuşlardı. Cihad etmək, Əli ucalığına yüksəlmək (şəhadətin ən parlaq nümunəsi Həzrəti Əli, onların hər birindən muğayat ol, fədan olaq). Onların hamısı bir statusu bölüç\şmək üçün gəlmişdi bu dünyaya – şəhidlik. Ramil bilirdi hara gedir, nə üçün gedir, nəyi fəda etmək üçün gedir. Bu isə özünüdərkin aliliyi idi. Qəlbində həsrət yuva qurmuş, heç bir hislə əvəzi olmayan yurd sevgisi, təəssübkeşliyi və kişilik qeyrəti idi onu çağıran. Bu çağırışdı, bu ləyaqətli, şərəfli mərd oğlanın içindəki donmuş və heykəlləşmiş Qartalı əridən və hərəkətə gətirən. 2020-ci il 29 sentyabr. İçindəki Qartal dəliyə dönmüşdü, vətən çağırır, çılğın, qisas hissi ilə partlayan qartalın sanki caynaqları ilə dağı da havaya qaldırmaq qüdrəti yaranmışdı. Əslən Qubadlıdan idi. Doğma Həkərinin ruhu çağlayırdı içində. Sevirdi yurdunu. “Vətəni sevərlər” deyəcəksiniz. O, isə ölümünə sevirdi, canından keçəcək qədər... Bunu da etdi. Sübut etdi ki, “vətən üçün ölərlər”. Ramil əməlində şərtsiz sevgidi budu, şərtsiz Allahın xoşladığı ən böyük sevgi – ruhun sevgisi. Heç bir təmənna ummadan ishar olunan sevgi. O ucalıqda ki, Həzrəti Əli dayanır, şəhadətin ən ali nümunəsi, Ramil də bunu bacardı. Vətən üçün bu cür getdi. Onlar hamısı Əli və Hüseyn ucalığını seçərək, vətən daşlarına azadlıq nəğməsini oxudanlar idi. Azərbaycanın igid oğlanlarından biri Quluyev Ramil Elşən oğlu olmaqla.
Bu ucalıqdan yazmaq üçün, bu igidliyin şəninə ürəkdən tikan çıxaran elə sözlər yazmaq istəyirsən ürəkdə olan o düyünü, qəhəri əritmək iqtidarında olasan. Yüz dəfə, min dəfə, hər birimizin onların bu dünyada yoxluğundan sonra yaşadığı hissi misraların, sözlərin poetik axarına salıb o ucalığın müqəddəsliyini o sözlərlə vermək gücü istəyirsən Tanrıdan. Ramil ana yurdunun hər daşına üz qoyan həsrəti ilə yaşayan vətənsevər idi. O, bilirdi yurd həsrəti nədir. Bu həsrətdən ölənləri görmüşdü. Qübar bağlayan ürəklər görmüşdü, yol çəkən gözlər görmüşdü. O həsrət onunla, onun evində, ailəsində, şəcərəsində birgə böyümüşdü. O həsrətin hər nişanəsinə bələd idi Ramil. Qubadlı onun qəlbinin həsrətinin qübarı idi. Ramil o daşları, o zirvələri, o qayaları xiffətdən qurtarmaq eşqini qəlbində, ruhunda cücərdib, göyərdib böyüyürdü. Bir gün gələcək “Salam a zirvələr” arzusunu yaşadırdı ruhunda. Onun başqa yurd həsrətliləri kimi taleyinə körpə yaşlarından köçkünlük yazılmışdı. Yaş yarımlıq bir körpə, o niskili köçkün karvanı, uzanan yollar, yurd itkisi, yurd yağmalanması, doğmaların ölümü, doğan həyəcanlar, qeyri-müəyyənliklər, nə etməli, necə etməli, niyə, nədən sualları onun da həyatının əsas dönüş nöqtəsi olmuşdu. Başqa qaçqın, köçkün soydaşları kimi. Bir körpə oğlan həyatla mücadiləyə başlamışdı... Kimdir Ramil? Tumurcuqlayan körpə ömrünü köçkünlüklə başlayıb, şəhadətlə bitirən Böyük Kişi! Yaşın sambalı onun azlığı və ya çoxluğu ilə ölçülməz. Onlar öz varlıqları ilə sübut etdilər ki, özünüdərk və kamillik nədir. Onlar qəlblərinin səsi ilə yaşayanlar idi. Onlar ruhlarının təmizliyi ilə nümunə olanlar idi. Ramil Quluyev öz şəhadəti ilə bir də onu sübut etdi ki, qalibiyyətin məğrurluğunu yaşamaq üçün ölməyə dəyər. Onun şücaətində Qubadlının həsrəti olsa da, o Vətən üçün etdi. O vətən üçün ki, ağlayan qayalrına cavab verə bilmirdi. Çünki, o Kişi idi. Bu qaçqınlığı, köçkünlüyü sinirə bilməyən, özünü yurduna borclu bilən, məğlub olma fikrindən utanan bir Qeyrət ağacı idi Ramil!
Bu gün kənd yolları tüstülü, odlu,
Təpələr fikirli adam kimiydi.
Mürgülü torpaqlar gözləri dolu,
Dindirsən kövrələn adam kimiydi...
Bu həsrətin, bu utancın ağırlığını içinə sindirə bilmirdi. Doğurdan da əsl qəhrəmanlıq salnaməsi, məhz torpaqla, yurdla, vətən sevgisi ilə bağlı olan cəsarət. Bizim mental dəyərlərimiz var. Babalardan qalan ocaqların dəyəri, mənəvi əxlaqımızın türk soyumuzun, genetik kodumuzun dəyəridir, qeyrətimizdi, namusumuzdu, torpaq, yurd anlamı. Babalardan bizə qanla hopan qeyrət anlamımızdı. Ləyaqətsiz düşmənlə mücadilənin ağırlığı birdə ondadır ki, o mürgüləmir, o yatmır. O, hər an arxadan vurmağa hazırdı. Kimdir Ramil? Ramil dünyanı ürəklə görə bilməyi vətəni qəlbən sevmək qüdrətində olan vətən oğludu. Bu isə bir qəhrəman üçün xoşbəxtlik, arxada qalan doğmalar üçün isə əzab və dərddir. Ancaq əsl qəhrəmanın, igidin ömrü, böyüklüyü bu andadır. O, bir qeyrət sahibi kimi vətəni seçdi. O, belə etməsəydi, dünyanı belə ürəklə görə bilməzdi. Ramil Quluyevin qəhərmanlıq yolu vətəninə, millətinə vətəndaşlıq dərsi oldu. Şəhadət həm də yerdə qalanlara vətəndaşlıq borcunun təbliğidir. Bu cür sarsılmaz əqidə sahiblərinə baxıb öyrənir gələcək nəsillər. Çünki, Ramil kimi igidlərin qanı gələcək nəsilləri yetişdirmək üçündür. Onlar bu dünyaya mərdlik toxumu səpmək üçün gəlmişdilər.
Vətən mənə oğul desə nə dərdim,
Qayasında mamır olub bitərdim.
Bu torpaqsız harda, nə vaxt, nə dərdi,
Xəzanımdı, xəzanımdı, xəzanım.
Bəli, vətənin sənə oğul dedi, qardaşım. Sən yolunu əvvəldən tutmuşdun, şərəf andını da lap əvvəldən içmişdin. Vətəndə vətənsizliyin necə dərd olduğunu bildiyin üçün, gördüyün üçün, vətəni sevmək hamının, qorumaq, azad etmək ər oğulun işidir. Bunu da bilirdin. Səni ər oğlu kimi öyməlidir. Çünki, sənin üzərindəki, məsuliyyət ikiqat idi. Həm vətən, həm də dədə-baba yurdun olan Qubadlın. Sən babaların incimiş ruhunu oyatmalı, yaralarına su səpməli idin. Allah bilir kimi hansı ucalıqlar üçün yaradır. Onu Allah bilir. Körpə yaşlardan sən Qubadlıdan köç edəndə Tanrı artıq bu günkü taleyini yazmışdı. Çünki, Tanrı üçün zaman məfhumu yoxdur. Zirvələrdən baxmaq üçün qəhrəmanlıq əbədi möcüzədir, çünki qorxaq gündə yüz dəfə ölür, igid bir dəfə. Eyni libası iki adam da geyir. Birinə yaraşır, digərinə isə yox. Qəhrəmanlıq, şücaət də belədir. İgidin boyuna biçilir. İgid halallığı Allahdan, sonra torpaqdan alır. Halal haqqına qovuşan qardaşım, sən nə üçün mücadilə etdiyini vətənə, yurda olan bağlılığını, cəsarətinin nəyə qadir olduğunu dərk edən vətən oğlusan. Xalqın səninlədir, sən isə vətəninsən. Adına açılan bulaq su kimi ömrün olsun, ehsanın olsun, nur içində yat deyənlərin qəlbinə şərbət kimi yayılır, sərinlik gətirir. Şəhidimin bulağından içirəm deyir. Sən şəhadətindən sonra da yanan ürəklərə sərinlik gətirirsən. Adın verilən “Vətən müharibəsi qəhrəmanı, şəhid Ramil Elşən oğlu Quluyev adına” küçədən keçənlər, biz tarixi qəhrəmanımız Ramil Quluyev adına küçədəyik deyəcəklər. Bu sənin əbədiyaşarlıq şəhadətnaməndir. Əbədiləşən adın, əbədiləşən şücaətindir. Vətəni tanıdıqca daha çox sevirsən. Ramil üçün Azərbaycan Qubadlıdan başlayırdı. Kökünə bağlılıq, vətənə bağlılıq deməkdir. O, Qubadlı ilə nəfəs alırdı, yurdunu sevirdi. Qubadlının sevinci, kədəri onun idi. O, yurdundan, Qubadlısından doymamışdır. Körpə qəlbində böyük bir dərd aparırdı özü ilə. Sonra bu dərd cücərək, kök atacaqdır, nəhəng bir qisas dağına, intiqam vulkanına çevriləcəkdir. İtən yurdun dərdi yaman olur, o bunu çox gözəl dərk edirdi. Doğmaların həsrətli xatirələri, həsrətdən ovazımış, nəmlənmiş gözlər, dillərindən düşməyən həsrətli xatirələr... Bununla böyümüşdü Ramil. O, böyüdükcə qəlbində sevgi, həsrətlə birgə qisas ağacı böyüdürdü. Nəhayət o gün gəldi 2020-ci ilin 29 sentyabrı...
Sonun başlanğıcı...
Bir ana dilində uğurlamalı nə qədər gözəl sözlər vardısa Güldanə ana balasını əzizləyə-əzizləyə yola salırdı. Gözünün ağı-qarası bircə oğlunu vətən üçün mücadiləyə uğurlayırdı. “Vətəninə göz dikəni əz oğlum, tarixini şərəfinlə yaz oğlum”. Bunu ancaq türk kişisini dünyaya gətirən qadın edə bilərdi. Böyük Qadın. İçindəki həsrəti, qorxunu dəyanəti ilə dəf edən türk oğluun anası – Güldanə ana və qəhrəmanlar anası.
Oğlum ayaq saxla, bir az asta gəz,
Burda şəhid adlı bir oğul yatır.
Həyata doymamış, dünya gəzməmiş,
Arzusu qəlbində bir cavan yatır.
Oğlum ayaq saxla, bir az asta gəz,
Burda şəhid adlı bir oğul yatır.
Toyda oynamamış, körpə görməmiş,
Leylisi qəlbində bir Ramil yatır.
Bəli, taleyini, yurdunun, vətənin taleyinə qatmış bir oğul! El yaddaşı kərkəşan sonsuzluğuna bənzəyir. Orada bizim öyrəşdiyimiz qısa vaxt, məsafə hüdudları sıradan çıxır. Min il əvvəl yaşamış qəhrəmanlarımız bu gün də qəhrəman kimi anılır, öyülür, eyni canlılıqla yaşayır tarixin yaddaşında, xatirələrdə. El yaddaşında qərinə, əsir ölçüləri yoxdur. İşıq ölçüləri, işıq ünvanları, işıqlı nöqtələri var. Azərbaycan xalqının yaddaşında həmişə işığına boylandığı o ünvanlardan biri də 44 günlük Vətən müharibəsində şəhadətinə qovuşan Ramil Elşən oğlu Quluyev olacaq...
PS. Bu gün azad ruhların məkanı olan Qubadlıda bir şəkil asılıb divardan. Torpağının rahat ruhu, yurdunun qəhrəman oğlu Ramilin ruhuna qarışıb. Onun azad ruhu qartala dönərək vətən göylərində yaşamaqdadı. Çünki, ruhlar əbədiyaşardı. Körpə ikən baba yurdu Qubadlını tərk edərək otuz yaşında azad ruh kimi, qəhrəman kimi doğma yurda dönən Ramil Elşən oğlu Quluyev qartal əzəməti ilə, qartal məğrurluğu ilə, qartal kimi, qartal misalında...
PSS. Dünyanın bu başında bir oğul uyuyur, dünyanın o başında bir ana ağlayır. Bu Ramilin, şəhid Ramilin ruhunu əzizləyən anası Güldanə anadır.
Ruhlar qovuşan yerdə Allah sevincdən ağlayır, bu Ramillə anası Güldanə xanımın qovuşan ruhlarıdır.
Salam əziz qardaşlarımız, salam, biz sizdən öyrəndik, vətən sevgisi necə olur...
Hürü Hacızadə Fərid Faiqoğlu
Yazıçı-publisist AJB-nin üzvü
“Qızıl Qələm” mükafatı
Laureatı
ELEGİYA - Titrəyən xatirələr və ya bacılar dözər, ağlar...
Mən öləndə məni basdırarsınız,
Yüksək bir təpədə, bir dağ başında,
Elə bir yerdə ki, görünsün yalnız,
Bu gözəl vətənim, onun başından...
Sənli günlərimi qaytaraydılar,
Gələn günlərimi qurban verərdim...
Mərhum və əziz qardaşımız, Azərbaycanın igid oğlu Ramil Elşən oğlu Quluyevin ölməz xatirəsinə. Yoxluğundan duz iki il keçdi, cismən yoxluğundan. Ruhun azad vətən torpağında şad və tam rahat dolaşmaqdadır. Sən böyük vətən oğlu kimi öz missiyanı layiqincə bu torpağın, yurd azadlığının bərqərar olmasında layiqincə yerinə yetirdin. Yerin ucalıq, o ucalığın adı isə şəhidlikdir. Əbədiyaşarlıq missiyası şəhidlik.
Hər gün evin havası Sənin ətrinlə rayihələnir.
Hər gün mətbəxdəki səliqə-sahman sənin ruhunu oxşamaq üçün müntəzirdi.
Şirin çayın fincanda, yağın pendirin, masanın üstündə, hər gün evin bütün muxəlafatı sənin gözıərinin işığına boyanmaq istəyir.
Hər gün divarlar baxışlarınla izlənmək arzusunu sabahlara ümid verir…
Hər gün mən, evin kənarında cavabsız sualları dəfn etməkdən başqa, heç, nə edə bilmirəm…
Hər gün bu evdə ünvanına catmayan bir oğul, ər, ata diqqəti, qayğısı, həssaslığı “ölür”! - Amma və lakin hardasa bir qadın, oğul, ata, qardaş, ər diqqətinin, qayğısının həssaslığının yoxluğundan ,,ölür”!...
Hər gün evdəki harmoniya sənin yoxluğundan solur!
Hər gün, hər dəqiqə bu ev sənli xatirələri sənsiz bölüşmə əzabından cəhənnəmə dönür!
Hər gün divarlar baxışlarının izsizliyindən havadan nəm çəkir! Qonşu şikayətə gəlir, divardan su damır, bu mənim aramsız axan göz yaşlarımdı…
Mən hər gün dünya sənə rahat olsun deyə “yaşamaq” istəyirəm. Həyatdan öyrəndiyim, həyatın öyrətdiyi sevginin imtahanını sənə vermək istəyirəm, əzizim!
Mən bilirəm qardaşı,atanı,əri,oğulu necə sevərlər! Mən bilirəm bu yolda ölmək necə olur.
Fəqət, hər səhər tezdən oyananda, üfüqlərin titrədiyinə şahid oluram! Bütün dünyanı işıqlandıran Günəşdən mənə heç nə düşmür, dünyaya nur gətirən Günəş səni gətirə bilmədi. Mən Günəşdən küsmüşəm.
,,Bu gündəmi sənsiz qardaş, oğul, əzizim?!
Sualımın ağırlığından böyrüm,başım titrəyir! Şəfəqlər ömrümü üşüdür!
Mən Günəşdən küsmüşəm. Ötən hər anda gün daha bir az azalır, tükənir qurubun göz yaşları və gecənin sənsizliyini boğur. Mən isə həmişə ağlayacam Sənə yetişənə qədər, qardaş!
Bütün Şəhid ana və bacılarının dilindən sevgi ilə...
Zəruri giriş: Quluyev Ramil Elşən oğlu 1991-ci ilin yanvar ayının 4-də Qubadlı rayonunda anadan olub.
1997-ci ildə Sumqayıt şəhər 14 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub. 2000-ci ildən təhsilini Sumqayıt şəhər 35 saylı tam orta məktəbində davam etdirib və 2008-ci ildə həmin məktəbin məzunu olub. Ali təhsilini Ukraynada alıb. O, 2011-ci ildə Kiyevdə Personalın İdarəetməsinin Regionlararası Akademiyası (MAUP)-nın menicment fakultəsinə daxil olub və 2015-ci ildə oranı bitirib. 2015-ci ilin iyul ayında hərbi xidmətə gedib, hərbi xidmətdə baş atıcı olub. Hərbi xidmətdə olduğu müddətdə Lələtəpə uğrunda gedən döyüşlərdə fəal iştirak etdib və 2016-cı ilin iyul ayında hərbi xidmətini bitirib. Daha sonra bir neçə özəl şirkətdə çalışıb.
27 sentyabrda səfərbəylik elan edilməmişdən əvvəl könüllü olaraq müharibəyə yazılıb. İkinci Qarabağ müharibəsi başlayan tarixdən iki gün sonra 29 sentyabrda müharibəyə gedib. Ən böyük arzularından biri Qubadlıda bayrağımızı ən uca zirvəyə sancmaq olan igidimiz 22 oktyabrda Hadrut uğrunda gedən döyüşlərdə verilən tapşırığı yerinə yetirərkən düşmənin snayper gülləsi ilə vurularaq qəhrəmancasına şəhid olub. 12 gün neytral zonada qalıb. Sonra Ülvi adlı əsgər yoldaşı onu 4 km çiynində daşıyaraq arxa cəbhəyə təhvil verib. Oktyabr ayının 22-si Sumqayıtda şəhidlər xiyabanında dəfn olunub. Subay olan qəhrəmanımızın anası uzun zaman idi ki, onkoloji xəstəlikdən əziyyət çəkirdi İkinci Qarabağ müharibəsi başlaması Ramil üçün çox çətin olub.O seçim eləməli idi. Bir yanda xəstə anası hansı ki, bilirdi ki anasının vəziyyəti çox ağırdı və anası onunla nəfəs alır. Ondan ayrı düşmək anasının xəstəliyini bir azda pisləşdirəcək. Bir yanda da Vətənə olan bağlılığı. Vaxt gəldi müharibəyə çağırış vəsiqəsi gəldi. Çox çətin idi ancaq o “Vətən dardadır. Mən qayıdana qədər möhkəm ol, sən güclü qadınsan ana”- deyib, kövrəlib ağlayaraq anasıyla sağollaşıb müharibəyə yollanıb. Anası Ramilin şəhid xəbərini eşidəndən sonra gündən-günə ağırlaşmağa başlayıb və Ramildən sonra cəmi 20 gün yaşaya bilib. Noyabr ayının 10-u qələbə günündə qələbə xəbərini eşidəndən bir neçə saat sonra dünyasını dəyişib oğluna qələbə xəbərini aparıb. Beləliklə Ramilin ailəsi Ramili və ananı itirib. Geridə bütün bu acıları yaşıyan bir ata və bir bacı qalıb. Yaşadıqları qəmə, kədərə bütün bu çətinliklərə baxmayaraq ata və bacı Ramilin vətənpərvərliyi, qəhrəmanlıqları ilə fəxr edirlər.
Quluyev Ramil Elşən oğlu ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Hürü Hacızadə
Yazıçı-publisist
“Qızıl Qələm” mükafatı
Laureatı
Fərid Faiqoğlu
AJB-nin üzvü
“Siyasət və Gerçək Uğur” jurnalı və “Xezetv.info” informasiya agentliyinin kollektivi ruhun qarşısında baş əyirik