Qanlı 20 Yanvar faciəsi xalqımızın şərəfli tarixidir...
18-yan, 13:24 117 Gündəm / CəmiyyətAzərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciədən 33 il keçir
Qara Yanvar, Qanlı yanvar, 20 Yanvar...
Bu sözlər Azərbaycan tarixinin bir parçasını özündə əks etdirir. Bu sözləri eşidən kimi qanlı-qadalı bir gün, tariximizin qanla yazılan bir səhifəsi canlanır yaddaşımızda. O gün ki, onu heç zaman nə tarixdən, nə də yaddaşlardan silmək mümkün deyil. O gün müstəqillik tatiximizin, həm də xalqımızın qəhrəmanlıq tarixinin yaddaqalan bir günüdür. Bir gündür, lakin özündə böyük bir mübarizəni əks etdirir.
İllər keçir. Budur həmin qanlı hadisədən bizi düz 33 illik bir zaman ayırır. Lakin nə yaddan çıxır, nə də unudulur. O günün xalqımızın qəlbinə vurduğu yara hələ də sızıldayır. Beyinlərdən bir sual keçir: axı, nə günahı var idi bu xalqın? Məgər azad, müstəqil yaşamağı arzulamaq günah idimi? Əliyalın xalq 1990-cı ilin yanvarında məhz azad və müstəqil olmaq, suverenlik əldə etmək üçün ayağa qalxmışdı. Amma 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə fövqəladə vəziyyət elan edilmədən keçmiş Sovet İttifaqının qoşun hissələri yeridildi, dinc əhaliyə divan tutuldu, nəticədə yüzlərlə insan qətlə yetirildi, yaralandı, itkin düşdü. Azərbaycan xalqına qarşı törədilmiş bu cinayət əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktı idi.
Xalqımız 20 Yanvar şəhidlərini hrç Vaxt unutmur. Ölkəmizdə 20 yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsi diqqət mərkəzində saxlanılır. Bakının ən uca zirvəsində, Dağüstü parkda onların dəfn edilməsi şəhidlərə göstərilən ilk ümumxalq məhəbbəti idi. Şəhidlərin adının küçə və meydanlara verilməsi, hər il Yanvarın 20-də bütün ölkə ərazisində Hüzn və Qəhrəmanlıq gününün geniş qeyd olunması, şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması onlara göstərilən böyük hörmət və ehtiramın bariz nümunəsidir. Artıq 20 Yanvar faciəsi xalqımızın milli birlik və vətənpərvərliyinin simvoluna çevrilib.
Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar faciəsi insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaq. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.
Sovet ordusunun böyük heyətinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. SSRİ 1956-cı ildə Çexoslovakiyaya, 1968-ci ildə Macarıstana və 1979-cu ildə Əfqanıstana qarşı həyata keçirdiyi hərbi müdaxiləni hətta o zamankı Sovet İttifaqının müttəfiq respublikalarından biri olan Azərbaycanda da təkrarlamaqdan çəkinmədi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakı şəhərində müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törədib. Bu qanlı cinayət insanların azadlıq eşqini söndürə bilməyib, xalqımız qanı bahasına da olsa, öz dövlət müstəqilliyinə qovuşub. İyirmi doqquz il əvvəl Azərbaycan xalqına qarşı törədilmiş cinayət əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır. Bu faciədə 147 Azərbaycan vətəndaşı şəhid olub, 638 nəfər yaralanıb və xəsarət alıb, 841 nəfər qanunsuz olaraq həbs edilib, nəticədə insan hüquqlarına dair bir çox beynəlxalq sənədlərin, o cümlədən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin tələbləri kobudcasına pozulub.
Bakıdakı 20 Yanvar hadisələrindən sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn ümummilli lider Heydər Əliyev keçirdiyi mətbuat konfransında bu vəhşiliyi kəskin şəkildə pisləyib, əliyalın xalqa qarşı törədilən terroru hüquqa, demokratiyaya yad, humanizmə və ölkədə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab etdiyini bildirib. Heydər Əliyev ölkəmizdə siyasi hakimiyyətə qayıtdıqdan sonra faciəyə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib. Milli Məclisin 1994-cü ilin fevralında keçirilən xüsusi sessiyasında 1990-cı il yanvarın 20-də günahsız insanların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi qiymətləndirilib, müzakirələrin yekunu olaraq həmin ilin martında "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edilib.
Vətən yolunda şəhidlik əsl qeyrət, hünər, şərəf və ləyaqət zirvəsidir. Ümummilli lider Heydər Əliyev 1990-cı ilin 20 Yanvar gecəsi məhz belə bir zirvəni fəth edib əbədiyaşarlıq hüququ qazanan Vətən oğullarının fədakarlığını yüksək qiymətləndirərək deyib: "20 Yanvar şəhidlərinin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün örnəkdir. Azərbaycanın bugünkü nəsli də, gələcək nəsilləri də bu şəhidlərin qəhrəmanlığından nümunə götürəcəklər. Azərbaycan xalqının milli azadlığını qorumaq üçün, müstəqilliyini qorumaq üçün daim mübarizədəolacaqlar. Daim qəhrəmanlıq nümunələri, vətənpərvərlik nümunələri göstərəcəklər. Onların həlak olması bizim üçün, xalqımız üçün böyük itkidir. Ancaq eyni zamanda onların şəhid olması xalqımızın qəhrəmanlıq rəmzidir".
"Şəhidlər ölmür, onlar bizim qəlbimizdə əbədi yaşayırlar”, - deyən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsini daim diqqət mərkəzində saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir.
Hər bir xalqın tarixində həm faciəli məqamlar, həm də qəhrəmanlıq səhifələri olur. Lakin çox nadir hallarda bu iki məqam üst-üstə düşür. 20 Yanvar Azərbaycan tarixinin məhz belə səhifəsidir. Xalq həmin gün ağır sınağa çəkildi və bu sınaqdan şərəflə çıxdı. Faciə insanları birləşdirdi, xalqı bütövləşdirdi. Azərbaycan xalqı 20 Yanvarı təkcə hüzn günü kimi deyil, milliqürur və iftixar günü kimi anır. Əslində 20 Yanvar ayrı-ayrı fərdlərin deyil, bütün xalqın faciəsidir. O müdhiş gecədə həlak olan hər kəsi xalq öz övladı sayır, onlara yas tutur, onlarla qürur duyur. 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin gecədə həlak olan Vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir.
20 Yanvar faciəsi törədilən zaman ölkədə informasiya blokadası yaranmışdı, radio və televiziyanın enerji bloku silahlı hərbiçilər tərəfindən vəhşicəsinə partladılmış, mətbuatın nəşrinə qadağa qoyulmuşdu. Məqsəd xalqı bu dəhşətli faciədən xəbərsiz qoymaq idi. Xalqın bu ağır günlərində, yanvarın 21-də Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, təşkil olunmuş yığıncaqda çıxış edib, xalqla birgə olduğunu bildirib, 20 Yanvar faciəsinə siyasi qiymət verib, onun hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu, mərkəzin və o zamankı respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv olduğunu göstərib. Bu tarixi çıxışın mətni dünyaya, respublikaya geniş yayılıb. Heç yerdən köməyi olmayan xalqın qəlbində inam və ümid işığı yanıb.
Tariximizdə ilk dəfə ümummilli hüzn gününə çevrilmiş bu faciənin baş verdiyi vaxtdan artıq 33 il keçir. Ulu öndər Heydər Əliyevin vurğuladığı kimi, “Əbədi, dönməz və sarsılmaz” olan müstəqilliyimizin işığında yaşayan xalq hər il yanvarın 20-də Şəhidlər xiyabanına üz tutur, azadlığımızın qandallarını sındırmış şəhidlərimizi ehtiramla yad edirlər. Şəhidlər xiyabanını ziyarətə gələn yüz minlərlə həmvətənimiz azadlığımız uğrunda şəhid olmuş insanların məzarı qarşısında baş əyərək onların xatirəsini əziz tuturlar. Prezident İlham Əliyevin Şəhidlər xiyabanını ziyarət edərkən söylədiyi kimi: “Azərbaycan xalqı bu günü heç vaxt yaddan çıxarmayacaq. Azadlıq, müstəqillik uğrunda, Vətən uğrunda özlərini qurban verən şəhidlərimizin hamısının xatirəsini həmişə qəlbimizdə yaşatmalıyıq. Hesab edirəm ki, bugünkü müstəqil, qüdrətli Azərbaycan xalqımızın ən böyük sərvətidir. Şəhidlərimizin, canlarını qurban vermiş insanların bu işdə böyük xidməti olubdur. Bu da heç vaxt yaddan çıxarılmamalıdır.”
Ədliyyə işçiləri olaraq biz də 33 il ötməsinə baxmayaraq, 20 Yanvar faciəsini unutmuruq. Bəli, Vətən şəhidləri, qeyrət mücahidləri unudulmaz. Onlar xalqın azadlığı yolunda canlarından keçməyə hazır olduqlarını göstərdilər və qorxub- çəkinmədən bu yolla getdilər. Ölümə gedən yollar onları əbədi ölməzliyə, xalqımızı isə əbədi azadlığa qovuşdurdu. Bu, bir Tarixdir – Qanlı və Şanlı tarix. Qanla yazılmış şanlı tarix isə onu unudanları bağışlamır.
Nurlana Rəşidova
Qaradağ Rayon Qeydiyyat şöbəsinin rəisi