Şəhid Əlif Lətif oğlu Hacıyevin yubileyi qeyd olunub
24-iyn, 18:28 124 Gündəm / CəmiyyətNizami Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi və İctimai Televiziya və Radio Yayımları Şirkəti Azərbaycanın Milli Qəhrəmanı mayor Əlif Lətif oğlu Hacıyevin 70 illik yubileyinə həsr olunmuş birgə tədbir keçirib.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, İctimai Televiziya və Radio Yayımları Şirkətinin istehsalı olan “Xocalının Əlifi” sənədli televiziya filmi nümayiş etdirilib.
Sonra Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev, Azərbaycanın Milli Qəhrəmanı mayor Əlif Lətif oğlu Hacıyevin bacısı Şükufə Hacıyeva, “Xocalının Əlifi” sənədli televiziya filminin ssenari müəllifi Əlövsət Sadıqov çıxış ediblər.
Çıxışlardan sonra Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin təsis etdiyi “Böyük Zəfər” medalı Azərbaycanın Milli Qəhrəmanı mayor Əlif Lətif oğlu Hacıyevin 70 illik yubileyi münasibətilə nəvəsinə təqdim olunub, gənc nəslin milli ruhda tərbiyə olunmasında və vətənpərvərlik dəyərlərinin təbliğində xidmətlərinə görə “Xocalının Əlifi” sənədli filminin yaradıcı heyətinə Fəxri Fərmanlar verilib.
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov belə tədbirlərin keçirilməsinin vacibliyini vurğulamışdır. Çıxış edənlərdən Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov müharibə veteranlarının və qazilərin sosial problemlərinin daim dövlətin diqqətində olduğunu iştirakçılara çatdırmışdır. Daha sonra natiqlərdən AVMVİB sədri Füzuli Rzaquliyev tədbirin əhəmiyyətindən danışmış, gənc nəslin vətənpərvər ruhda böyüməsi üçün belə tədbirlərin mütəmadi keçirilməsinin zəruriliyini qeyd etmişdir. Müharibə veteranı və qazi atası F.Rzaquliyev həmçinin diqqətə çatdırmışdır ki, veteran ordusu daim Ali Baş Komandanın əmrinə hazırdır və onun rəhbərliyi altında özünü və iki oğul övladını bu Vətənə qurban demişdir.
AVMVİB Nəsimi rayon şöbəsinin sədri, şəhidin döyüş yoldaşı Elmar Hüseynov onun keçdiyi və gənclərə örnək olan şərəfli döyüş yolundan danışmışdır.
Sonda iştirakçılara təşəkkür edilmiş, xatirə şəkli çəkilmişdir.
AVMVİB Mətbuat xidməti