Erməni general Paşinyanı ifşa etdi: “Azərbaycan Ordusu ilə müqayisədə zəifliyimiz barədə məlumat vermişdim”
29-iyn, 11:12 106 GündəmBu barədə Ermənistan KİV-də informasiya yayılıb.
Ermənistan ordusunun baş qərargahının keçmiş rəhbəri müharibəyə hazırlıq və hərbi əməliyyatların aparılması ilə bağlı məsələlərin ictimai müzakirəsini yolverilməz hesab edib. Onun sözlərinə görə, baş nazir təkcə silahlı qüvvələrin fəaliyyətini deyil, həm də bütün dövlət idarəetmə sisteminin fəaliyyətini təmsil etməli, müsbət və mənfi cəhətləri, habelə uğursuzluqların obyektiv və subyektiv səbəblərini qeyd etməlidir.
Qasparyan ordunun döyüş qabiliyyətini artırmaq üçün irəli sürdüyü təklifləri ətraflı sadalayıb.
O, xüsusilə qeyd edib ki, 2020-ci il iyulun 4-də silahlı qüvvələrin baş qərargahında baş nazirə və Milli Təhlükəsizlik Şurasının üzvlərinə hazırkı hərbi sahədə əlavə tədbirlərin görülməsinin zəruriliyi ilə bağlı hesabat təqdim edib.
“Mən təklif etdim ki, müharibənin qarşısını almaq üçün siyasi və diplomatik tədbirlər görsün və ya Xarici İşlər Nazirliyinə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərlə (xüsusilə Rusiya ilə) və dost dövlətlərlə (İran və Gürcüstan) münasibətləri kəskin şəkildə yaxşılaşdırmağa yönəlmiş tədbirlər proqramı hazırlamağı tapşırsın”, - baş qərargahın keçmiş rəisi qeyd edib.
Qasparyan qeyd edib ki, 2020-ci il iyulun 10-da Milli Təhlükəsizlik Şurasının iclasında baş nazirə 2020-2024-cü illər üçün silah və hərbi texnikanın inkişafı üzrə dövlət proqramının layihəsi barədə məlumat verib. Layihəyə əsasən ordu qarşısında qoyulan vəzifələri həll etmək üçün 8 milyard ABŞ dolları lazım idi.
“Təhlükəsizlik Şurasının 2020-ci il avqustun ikinci yarısında keçirilən iclasında mən baş nazirə məlumat verdim ki, ümumi hava hücumundan müdafiə qruplaşmasının effektivliyi “zəif” kimi qiymətləndirilir, düşmənin idarəetmə sistemlərini effektiv şəkildə susdurmaq mümkün deyil. Məlumat verdim ki, operativ məlumatların ötürülməsi baxımından kəşfiyyat orqanlarının imkanları zəifdir”, - Qasparyan bildirib.
“Pilotsuz Uçuş Aparatlarının sayının döyüş tapşırıqlarını yerinə yetirmək üçün kifayət etmədiyini bildirdim. Həmçinin Azərbaycan tərəfinin PUA-larına qarşı döyüşmək üçün hava hücumundan müdafiə və elektron döyüş texnikasına ehtiyac olduğunu qeyd etdim, ordunun ehtiyacları üçün lazım gələn pilotsuz uçuş aparatlarının sayını açıqladım”, - general vurğulayıb.
Qeyd edək ki, Nikol Paşinyan Azərbaycanla 44 günlük müharibədə məğlubiyyətə görə ordu rəhbərliyini qınayıb.