Azərbaycanlı yeniyetmə futbolçular Barselonada təlim keçəcəklər

ASTA (Azerbaijan Sport Talents Academy) Futbol Akademiyası ilə İspaniyanın Barselona şəhərində yerləşən “Marset” Futbol Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalayıb.
Oxu.Az xəbər verir ki, sazişə əsasən, Bakıya gələn ispaniyalı məşqçilər ASTA tərəfindən fərqləndirilmiş 2008-2009-cu il təvəllüdlü 50 istedadlı futbolçu arasında seçim apararaq, təxminən 15-20-sini İspaniyaya aparacaqlar.
Azərbaycanlı yeniyetmələr 4 il ərzində ASTA-nın maliyyə dəstəyi ilə “Marset” Futbol Akademiyasında təlim keçəcəklər.
Bundan başqa, 2024-cü və ya 2025-ci ildə Azərbaycanda növbəti seçimlərin aparılması planlaşdırılır. Həmin vaxt “Marset” Futbol Akademiyasının seleksiyaçıları 2010-2011-ci il təvəllüdlü yeniyetmələrə baxış keçirəcəklər. Həm ASTA, həm də “Marset” tərəfi bununla bağlı öhdəlik götürüblər.
“Marset” Futbol Akademiyasının məşqçiləri Rivero Karlos Arias və Ragel Marmol Felipe iyulun 2-dək Bakı Olimpiya Stadionunda ASTA-nın təklif etdiyi yeniyetmələri sınaqdan keçirəcəklər.
Qeyd edək ki, yeniyetmə idmançıların “Marset” Futbol Akademiyasında təlimlərə cəlb edilməsi azərbaycanlı iş adamı, xeyriyyəçi Adnan Əhmədzadənin təşkilatçılığı ilə baş tutub.



Daha çox şəkil burada: PhotoStock.az