Makron Parisi “partladır” - “Kaspi”nin ŞƏRHİ

Fransada kütləvi etirazlar səngimir. Polis zorakılığına və hökumətin islamofob siyasətinə etiraz edən gənclər Prezident Emmanuel Makron üçün əsl başağrısına çevriliblər.
Fransa tarixinin ən gərgin günlərini yaşayır. Prezident Emmanuel Makronun bərbad idarəçiliyi, milli məsələlərdə buraxılan səhvlər və miqrasiya prosesləri ilə bağlı yarıtmaz siyasət ölkəni fəlakətə sürükləyir. Çürük idarəçilik sistemi, səmərəsiz sosial siyasət, uğursuz pensiya islahatı və irqi ayrı-seçkilik fonunda artan islamofobiya və antisemitizm hakimiyyətdən narazı qüvvələrin sıralarını genişləndirir. Davam edən iğtişaşlar artıq vətəndaş, etnik və irqi müharibənin astanası kimi qiymətləndirilir. Reallıq odur ki, xəyali fransız tolerantlığı dünyanın gözü önündə dağılır. İyunun 27-də hüquq-mühafizə orqanları əməkdaşlarının Nanter prefektində 17 yaşlı əlcəzairlini güllələyərək qətlə yetirməsindən sonra başlayan iğtişaşlar fonunda yaranan böhrandan çıxış yollarını arayan hökumət problemin həllini tapa bilməkdə aciz görünür. Reallığı Fransa prezidentindən başqa hər kəs başa düşsə də, Makron bunu etiraf etmək istəmir.
“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Fransanın xilası Makronun istefası ola bilər
Qərb mediasında yer alan fikirlərə görə, Fransanın xilası növbədənkənar seçkilər, yaxud Makronun hakimiyyətdən getməsi ola bilər. Proseslərin gedişi onu deməyə əsas verir ki, Makron impiçmentə doğru irəliləyir. Maraqlı olan odur ki, prezident iflic vəziyyətinə düşən ölkədə fövqəladə vəziyyət elan etməyə də tələsmir. Fransa prezidenti bu qərarın onun olan-qalan reytinqinə ciddi təsir edəcəyindən ehtiyatlanır. Keçirilən rəy sorğularının nəticələri də Fransa prezidentini narahat etməlidir. Fransanın “Ifop” İctimai Rəy İnstitutu tərəfindən keçirilən sorğunun nəticələrinə əsasən, Fransa əhalisinin təxminən 70 faizi yeniyetmənin polis tərəfindən güllələnməsindən sonra ölkəni bürüyən iğtişaşlarla bağlı fövqəladə vəziyyət rejiminin tətbiqini dəstəkləyir. Respondentlərin əksəriyyəti ölkənin müxtəlif bölgələrində baş vermiş zorakılığı qınayıb. Eyni zamanda, 57 faizi polis və jandarmeriyanın fəaliyyətini dəstəkləyib.

Xaos, anarxiya, vandalizm aktları
Ən təhlükəli hal ondan ibarətdir ki, Fransada kütləvi etirazlar yeni mərhələyə qədəm qoyub. Artıq bir neçə şəhərdə millətçilərin, radikal qüvvələri təmsil edənlərin də yürüşü keçirilib. Nəticədə etiraz aksiyası keçirən miqrantlarla, qeyri-fransızlarla şiddətli toqquşmalar yaşanıb. Daşınan və daşınmayan əmlaklar bir dəqiqənin içində odlara qalanıb, məhv edilib. Ortada yüzminlərlə orta təbəqəyə mənsub olan zərərçəkən fransız var və “məxməri vətəndaş müharibəsi” kimi qələmə verilən hadisələrin gələcəkdə təkrarlanmayacağına heç kim zəmanət vermir. Qərb analitikləri hesab edirlər ki, Makron ölkədə yüksək dərəcədə islamofobiya zəminində törədilmiş cinayətlərin səbəblərinin aradan qaldırılmasına daha çox diqqət yetirməlidir. O, davamlı şəkildə Fransa hökumətində demokratik institutların əsaslarını sarsıtmağa hazır olduğunu nümayiş etdirib və ritorikası Aİ-nin Şərqi Avropa ölkələri ilə münasibətlərini pisləşdirib. Makronun eqoist, qərəzli xarici siyasəti Avropa qitəsinə geri dönülməz zərər verib və Aİ institutlarında ciddi çatlara səbəb olmağa davam edir. Nəticədə Makron populyarlığını sürətlə itirir.

İslama qarşı düşmənçilik
Ekspertlər hesab edirlər ki, hadisə baş verəndən sonra Fransa prezidenti böhranın idarə edilməsində çox böyük səhvə yol verib. İnsanların etibarı sarsılıb və qəzəb partlayışına səbəb olan hadisələr yaşanıb. Məsələn, Fransa polisi əvvəl öldürülən əlcəzairəsilli vətəndaşın 17 yaşında olduğunu bilmədikləri haqqında açıqlama verib. Amma sosial mediada yayılan görüntülər bunun yalan olduğunu üzə çıxarıb. Görüntülərdən polisin maşını idarə edən gəncə fiziki əziyyət verdiyi, onun ağrıdan şüurunu itirdiyi məlum olub. Sonra gəncin qaçmaq üçün yox, qeyri-ixtiyari şəkildə qaza basdığı, polisin isə onu ön şüşədən dərhal güllələdiyi görünüb. Bütün bunlar ortaya çıxandan sonra insanlar küçələrə axışıblar. Hadisədə cinayət tərkibi var. Yəni cinayət törədən polislər haqqında qanuni cəza tədbirləri görülməli idi. Ancaq proseslər bir anda Şimali Afrikadan gələn, lakin Fransa vətəndaşı olan, özünü ayrı-seçkiliyə məruz qalmış hiss edənlərlə fransızlar arasında mübarizəyə çevrildi. Böhranın kökündə demoqrafik uyğunsuzluq, irqçilik, ayrı-seçkilik, təkəbbür, iqtisadi mənada aşağı sinfin yuxarıya qarşı qəzəbi, islama qarşı düşmənçilik var. Fransadakı yerli əhali ilə orada yaşayan afrikalılar arasında böyük bir qütbləşmə mövcuddur. Afrikalılar vətəndaşlıq alsalar da, qütbləşmə artıq dörd-beş nəsildir ki, davam edir.

Fransızlarla qeyri-fransızlar arasında narazılıq
İndi diqqətlər Makrona yönəlib. Etirazlar bir qədər səngisə də, yaxın gələcəkdə onun hər an təkrarlana biləcəyi şəksizdir. Ölkədə fransızlarla qeyri-fransızlar arasında narazılıq artır. Miqrantların sayı da milyonları ötüb. Millətçi kəsim, radikal qanad da mövcud durumdan narazıdır. Onlar hökumətdən radikal addımlar atmağı tələb edirlər. Ola bilsin, Makron 2027-ci il seçkilərinə qədər postunda qalmağa müvəffəq olsun. Lakin ən təhlükəlisi Makrondan sonrakı müddətdir. Bu gün ABŞ və Britaniyanın siyasi kuluarlarında Makronun məsxərəyə qoyulması heç kəsə sirr deyil. Bir sözlə, Makron baş verən etirazların baş səbəbkarı olmaqla bərabər, xaos və anarxiyaya qərq olmuş ölkəsini düzgün idarə etmək qabiliyyətinə malik olmadığını da nümayiş etdirir. Kütləvi nümayişlər zamanı xalqın polis tərəfindən amansızcasına döyülməsi, bir çoxlarının həbs edilməsi, ölkənin iri şəhərlərində avtomobillərin və binaların yandırılması, yaranmış xaotik vəziyyət fonunda kütləvi vandallıq və soyğunçuluq hallarının artması əvvəlki iddianın doğruluğuna əsas verir.