Səhhəti ağırlaşan Zakir Fərəcovun, indi də, Türkiyədə boğazından əməliyyat olunduğu deyilir — İDDİA


Bu yaxınlarda isə, öncə Avropada dincəldiyi deyilən Sumqayıtın icra başçısının səsi qardaş ölkənin məşhur kurort şəhəri Bodrumdan gəlirdi
Bir müddət öncə, ölkənin digər media vasitələri kimi, araz.az xəbər portalının əvvəlki xəbərlərində də, xüsusi olaraq o vurğulanırdı ki, Gədəbəydəki məlum Söyüdlü olaylarından sonra, ölkə başçısı tərəfindən icra başçılarının məzuniyyət götürməsinə qadağa qoyulub. Bu barədə yayılan xəbərlərdən belə başa düşmək olurdu ki, bu yay ayları ölkədə daha “qaynar” keçəcək və elə, hansısa vacib işlər səbəbindən, hakimiyyətin yuxarı dairələri rayon rəhbərlərinin məzuniyyət məsələsini müvəqqəti olaraq məhdudlaşdırıb və onların yerlərində olmasını tələb edib. Lakin bu ciddi tələbin bəzi icra başçılarına heç bir aidiyyatı olmadığı, ortadakı məlum həqiqət və reallıqlardan irəli gələn sübutlarla təsdiqini tapıb.
Həmin icra başçılarından biri də, heç nəyi vecinə almayan kimi özünü tanıdan ölkənin üçüncü böyük şəhəri Sumqayıtın başçısı Zakir Fərəcovdur. İyul ayının ilk günü qohumu olan köməkçisi və şəhərin digər yuxarı vəzifə sahibləri, eləcə də imkanlı iş adamları ilə ölkəni tərk ediblər. Onların ölkəni tərk etməsinin səbəbi kimi, öncə, Almaniyada keçirilməsi nəzərdə tutulan tədbirə qatılacaqları göstərilirdi. Belə ki, guya, Almaniyanın tanınmış şəhərlərinin biri ilə qardaşlaşmaq istəyən Sumqayıtın bu məsələsini rəsmiləşdirmək üçün, tədbirə icra başçısı qatılmamalı olduğu göstərilirdi. Lakin bu xəbər öz təsdiqini tapmadı.
Ümumiyyətlə, əldə etdiyimiz məlumatlara görə, onların bu səfərləri iyulun 3-də başa çatıb. Səfərdə olan digər vəzifəlilər ölkəyə qayıtsalar da, Zakir Fərəcov geri qayıtmayıb. O, Türkiyəyə yola düşüb və əldə etdiyimiz digər bir məlumata görə, Sumqayıtın icra başçısı Türkiyənin məşhur kurort şəhəri Bodrumda dincəlir. Daha dəqiq desək, hazırda onun, özünə yaxın iş adamları ilə birlikdə, Bodrumun ən bahalı otellərindən birində istirahət etdikləri bildirilir.
Ona və hakim komandasına yaxın mətbu orqanlar isə, Zakir Fərəcovun göstərişi ilə, yalandan belə bir xəbər yayırlar ki, guya, icra başçısı bərk xəstədir. Elə, buna görə də, əvvəlcə İstanbulda məşhur klinikalartdan birində müayinə olunub. Daha sonra isə, həkimlərin rəyinə əsasən əməliyyat edilib. Guya, boğazından əməliyyat olunan icra başçısı bir-neçə gün klinikada qaldıqdan sonra, Türkiyənin istirahət mərkəzi olan Bodrum şəhərinə üz tutub.
Ölkə mətbuatı kimi, araz.az da, yeri gəlmişkən, xüsusi olaraq onu xatırlatmaq istəyir ki, bu, Zakir Fərəcovun və onun ətrafının ilk qurama işləri deyil. O, səhhəti ilə əlaqədar, hər ay bir dəfə, heç bir icazə almadan ölkəni tərk edir. Onu da xatırlatmaq istəyirik ki, hələ ötən ilin yayında belə, icra başçısı analoji qaydada iş yerini tərk edərək, Almaniyaya getmişdi. Həmin vaxt onun beynindən əməliyyat olunduğu bildirilirdi. Lakin bu xəbər də, sonda öz təsdiqini tapmadı. Çünki onun beynində, belə bir çətin və mürəkkəb əməliyyatın heç bir görüntü nişanələri yox idi.
Maraq dairəsi geniş olan bu mövzu diqqətimizdədir və bu yaxınlarda, dəyərli oxucularımız, bu barədə, araz.az xəbər portalının daha geniş yazısını oxuya bilərlər.
Səməndər QURBANOV,
Fərhad MƏMMƏDOV,
araz.az xəbər portalının xüsusi müxbirləri.