Ermənistan silahlı qüvvələri zərbə PUA-sı tətbiq edib: İki hərbi qulluqçumuz yaralanıb

Sentyabrın 1-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-sı tətbiq edilib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, zərbə nəticəsində daha iki hərbi qulluqçumuz yaralanıb.
Hazırda qeyd olunan istiqamətdə bölmələrimiz tərəfindən qətiyyətli cavab tədbirləri görülür.
Xatırladaq ki, bundan öncə Ermənistan silahlı qüvvələri bölmələrinin Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Məhəmməd Ramiz oğlu Tağıyev yaralanıb.
Fakt üzrə Kəlbəcər Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.