Hikmət Hacıyev: “Azərbaycan və Rusiya birgə səylərlə ən mürəkkəb regional məsələləri həll edə biləcəklər”
16-sen, 11:56 192 Gündəm / Siyasət
“Rusiya və Azərbaycan arasında 2022-ci il fevralın 22-də imzalanmış Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə ikitərəfli münasibətləri keyfiyyətcə yeni səviyyəyə qaldırır və onların inkişafına nəzərəçarpacaq təkan verir. Hətta indiki çətin geosiyasi şəraitdə də ölkələrimiz arasında münasibətlər etibarlılıq imtahanından çıxır”.Oxu.Az-ın məlumatına görə, bunu TASS-a müsahibəsində Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakı və Moskva arasında münasibətlərin hazırkı səviyyəsini qiymətləndirərkən bildirib.
O əmin olduğunu bildirib ki, Azərbaycan və Rusiya birgə səylərlə ən mürəkkəb regional məsələləri, o cümlədən regional oyunçuların regional məsələlərin həllini nəzərdə tutan “3+3” formatında həll edə biləcəklər.
“Biz həm siyasi, həm də iqtisadi sahədə sıx qarşılıqlı əlaqədəyik. Bu ilin birinci yarısının məlumatları ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artdığını, qarşılıqlı turizm göstəricilərinin yüksəldiyini, mədəni-humanitar sahədə sıx əməkdaşlığın davam etdiyini göstərir. Sentyabrın 15-də Azərbaycanda yeni tədris mövsümü başladı və ölkəmizdə hər il olduğu kimi, məktəbli və tələbələrin rus dilində tədrisinə böyük tələbat var. Üstəlik, ildən-ilə rus dilini öyrənməyə maraq yalnız artır. Qeyd etməyə bilmərəm ki, dövlətimiz də öz növbəsində bu tələbatın ödənilməsi üçün bütün lazımi şəraiti yaradır”, - deyə Hikmət Hacıyev sözlərini yekunlaşdırıb.




