Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb


Prezident İlham Əliyevin bu ilin avqustun 16-da imzaladığı sərəncama əsasən Azərbaycanda həqiqi hərbi xidmətə növbəti çağırış başlayıb.
Artıq bu gündən çağırışçıların müəyyən edilən qrafik əsasında xidmət yerlərinə göndərilməsinə başlanılıb.
Belə ki, 2005-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1988-2004-cü illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan vətəndaşları oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınması oktyabrın 30-dək davam edəcək.
Qeyd edək ki, Prezident İlham Əliyev bu il avqustun 16-da “Azərbaycan Respublikası vətəndaşlarının 2023-cü il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” sərəncam imzalanıb.