Britaniyanın “The Guardian” qəzetində Azərbaycanın əleyhinə yazılmış məqalələrə cavab verilib
11-noy, 11:33 102 Gündəm / SiyasətAzərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanovun nüfuzlu “The Guardian” qəzetinə ünvanladığı məktubu dərc olunub.
Bu barədə Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən məlumat verilib.
Qeyd olunub ki, məktubda bu qəzet tərəfindən ölkəmizin əleyhinə son aylar dərc olunmuş məqalələrə cavab verilib.
Bildirilib ki, işğaldan azad edilmiş ərazilər birmənalı olaraq beynəlxalq səviyyədə Azərbaycanın tanınmış əraziləridir və bu fakt BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi ilə də təsdiq edilib.
Həmçinin qeyd olunub ki, hər bir dövlətin öz ərazi bütövlüyünü müdafiə etməsi BMT nizamnaməsində qeyd olunduğu kimi onun ən əsas vəzifəsidir.
Bildirilib ki, Cənubi Qafqazda sülhə başlıca mane olan Ermənistanın Azərbaycan torpaqlarını işğalı məsələsi artıq ortadan qaldırılıb və hər iki ölkənin rəhbərliyi tərəfindən yaxın aylarda sülhün əldə oluna biləcəyi bəyan edilib.
Azərbaycanın beynəlxalq enerji tərəfdaşları ilə əməkdaşlıqdan əldə olunan gəlirlərinin səhiyyə, infrastruktur, təhsil və digər sahələrə yönəldiyi qeyd olunub, nəticədə Azərbaycanın Cənubi Qafqaz regionunda ən inkişaf etmiş ölkəyə çevrildiyi bildirilib. Ermənistan ilə sülh razılaşmasının isə bütövlükdə regiona sabitlik və iqtisadi inkişaf gətirəcəyi vurğulanıb.
Ətraflı bu linkdən tanış ola bilərsiniz.